19/11/2018 16:12
728 x 90

Ana südü mətbəxi nə deməkdir…

“Ölkəmizdə də donor ana südü bankı yaradılmalıdır”

img

Vaqif Qarayev:Ananın səhhətində ciddi problem olarsa və buna görə uşağı ana südü ilə qidalandıra bilmirsə, o zaman körpə donor ana südü bankı vasitəsilə donor ana tərəfindən qidalanar”

 

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ölkədə ana südü mətbəxlərinin yaradılmasını təklif edib. O bu təklifi Milli Məclisdə büdcə müzakirələrində çıxışı zamanı irəli sürüb.

E.Süleymanova qeyd edib ki, aktual məsələlərdən biri də milli genefondun, ailə sağlamlığının qorunmasıdır: “Körpələrin, erkən yaşda uşaqların ana südü ilə qidalanmasının səmərəli təşkilinə nail olmalıyıq. Ana südü milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. Ona görə də ana südü mətbəxləri yaradılmalıdır. Bununla bağlı təcrübəmiz də var, qanunvericilik bazamız da təkmildir”.

Ana südü mətbəxi yaradılması barədə fikir bildirən pediatr Vaqif Qarayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Avropa ölkələrində ana südü bankı fəaliyyət göstərir: “Buna bəzən donor ana südü bankları da deyilir. Ana südü bankının ünvanları ictimaiyyətə açıqlanır. Donor analar həmin məkana gəlirlər. Körpə uşaq anası da uşağını əmizdirmək üçün qeyd olunan banka gedir. Yaxud qadın öz südünü sağıb donor banka da verir”.

Həmsöhbətimizin sözlərinə görə, Dünya Səhiyyə Təşkilatının qərarına əsasən, uşaq azı 6 ayına qədər ana südü ilə qidalanmalıdır: “Uşaq üçün ən təbii qida ana südüdür. Körpə uşaqlar süni qida ilə deyil, ana südü ilə qidalanmalıdırlar. Dünya Səhiyyə Təşkilatı ana südü banklarına dəstək olur.

Ölkəmizdə də donor ana südü bankı yaradılmalıdır. Yaradılarsa, sanitar-gigiyenik normativ qaydalara əməl olunmalıdır. Ananın səhhətində ciddi problem olarsa və buna görə uşağı ana südü ilə qidalandıra bilmirsə, o zaman körpə donor ana südü bankı vasitəsilə donor ana tərəfindən qidalanar”.

V.Qarayev onu da vurğuladı ki, son zamanlar süni uşaq qidaları ilə uşaqların qidalanmasına daha çox üstünlük verilir. Təəssüf ki, gənc analar təbii qidaya deyil, süni uşaq qidasına üstünlük verirlər. Bu sahədə yaranmış problemin həll olunması üçün gənc analar arasında maarifləndirmə işi aparılmalıdır: “Uşağın mütləq ana südü ilə qidalanmasının vacibliyi barədə anaya məlumat verilməlidir. Ana südü ilə qidalanma yalnız o halda mümkün olmur ki, dovşan dodaqlı uşaq döşü yaxşı tuta bilmir. Bunun üçün donor analar tərəfindən təbii südlə qidalanır”.

Pediatrın sözlərinə görə, ana südü mətbəxi yaradılarsa, orada sanitar-gigiyenik qaydalara da riayət olunacaq: “Elə xəstəliklər var ki, onun daşıyıcısı nə övladına süd verə bilər, nə də donor ola bilər. Vərəm, QİÇS və təhlükəli keçici xəstəlik daşıyıcıları donor ola bilməz. Yalnız səhhətində problemi olmayan qadın donor ana ola bilər”

Günel CƏLİLOVA

Son xəbərlər