19/11/2018 18:26
728 x 90

Bağça və məktəblərdə “Cadugərlər bayramı”?

“Cadugərlər bayramı”nın Azərbaycanın milli və dini adət-ənənələri ilə heç bir bağlılığı yoxdur və bunun keçirilməsinin uşaqlarımıza zərəri böyükdür”

img

Könül Vaqifqızı: “Başa düşmək olmur ki, “Cadugərlər bayramı”nı məktəblərdə qeyd edənlər və uşaqları bu neqativliyə cəlb edənlər bunu hansı niyyətlə edirlər?”

 

Oktyabrın 31-də qeyd edilsə də, hələ də bəzi orta məktəblərdə və uşaq bağçalarında qeyd edilən “Cadugərlər bayramı”ndan (Halloven) çəkilən şəkillər, bu günün təəssüratlarını özündə əks etdirən görüntülər sosial şəbəkələrdə, digər internet resurslarında müzakirə edilir.

Hətta “Cadugərlər bayramı”nın ölkəmizin bəzi məktəblərində keçirilməsini təqdir edənlər də tapılır. Görütülərdən də, şagirdlərin geyimindən də, sifətlərinə çəkdirdikləri qorxunc şəkillərdən də aydın görünür ki, məktəblər də, valideynlər də “Cadugərlər bayramı”na xüsusi hazırlaşıblar. Çox təəssüf ki, bəzi valideynlər, eləcə də məktəb təmsilçiləri “Halloven”ə hazırlıq və ondan sonrakı mərhələdə baş verənlərlə bağlı fotolar yayımlamaqda davam edirlər.

“Cadugərlər bayramı”nın orta məktəblərə və bağçalara ayaq açması həqiqətən də bizim narahat olmağımıza əsas verir.

“Halloven”in məktəblərdə və bağçalarda xüsusi təmtəraqla qeyd edilməsinə mütəxisslərin reaksiyası çox sərtdir. Onlar hesab edirlər ki, Azərbaycan mədəniyyətinə, dünyagörüşünə, həyat tərzinə zidd olan belə mərasimlərin məktəblərdə və bağçalarda keçirilməsi düzgün deyil. Mütəxəssislər deyirlər ki, vaxtilə bu mərasim ancaq gecə klublarında və barlarda keçirilirdisə, indi artıq şaxələnərək məktəblərə, bağçalara qədər gedib çıxa bilir. Deyək ki, Təhsil Nazirliyi də, məktəblərin əksəriyyəti də “Cadugərlər bayramı”nın məktəblərdə keçirildiyini inkar edir, lakin sosial şəbəkələrdə yayılan şəkillər, videogörüntülər bunun əksini deməyə əsas verir. 

Psixoloq Könül Vaqifqızı bizimlə söhbətində bu mərasimin orta məktəb və bağçalarda keçirilməsinin doğru olmadığını və mahiyyətində vampirlik, qorxuncluq, vahimə kimi neqativliyin olduğu “Cadugərlər bayramı”nın uşaqların psixikasında mənfi izlər qoyduğunu dedi.  

K.Vaqifqızı təəssüflə qeyd etdi ki, “Cadugərlər bayramı”nın uşaq, yeniyetmə və gənclərin iştirakı ilə cəmiyyətə təlqin edilməsi mənfi tendensiyadır. O vurğuladı ki, bu işdə bəzi müəllimlərin fəaliyyəti xüsusilə diqqəti çəkir. Ekspert bəzi müəllimlərin bu mərasimi canfəşanlıqla təbliğ etdiklərini və Qərbin bu neqativ ənənəsinin məktəblərimizə ayaq basmasına yol açdıqlarını dedi. “Çox təəssüf ki, bu il “Cadugərlər bayramı” məktəblərdə keçən illərə nisbətən daha geniş səviyyədə qeyd edildi və bəzi məktəblərdə bu “bayram” xüsusi təmtəraqla keçirildi. Başa düşmək olmur ki, “Cadugərlər bayramı”nı məktəblərdə qeyd edənlər və uşaqları bu neqativliyə cəlb edənlər bunu hansı niyyətlə edirlər? Fakt budur ki, məktəblilər müəllimlərinin tapşırığına əsasən “bayram”a böyük həvəslə hazırlaşıblar. Bunu onların əyinlərində gördüyümüz müxtəlif libasların, maskaların timsalında da görə bilərik. 6, 7, 8, 9 yaşlı uşaqları qorxunc qiyafəyə salıb onlarda mənfi emosiyalar yaradırlar. Uşaqların üzlərinə qorxunc vampirlərin, bədheybətlərin görüntüləri çəkilib. Müəllim və valideynlərin seçdikləri geyimlər sırf cadugərlərə, vampirlərə, adamyeyənlərə xas geyimlərdir. Uşaqlar bu geyimlərdə öz məsumluqlarını itirib tamam başqa bir şəkildə meydana çıxırlar. “Cadugərlər bayramı”nın Azərbaycanın milli və dini adət-ənənələri ilə heç bir bağlılğı yoxdur və bunun keçirilməsinin uşaqlarımıza zərəri böyükdür. Kiçik yaşlı uşaqların sifətlərini eybəcər vəziyyətə salmaqla onları gələcəkdə pis insan olmağa sövq edirlər. Uşaqlarımızın çoxu nevrozdur, onlar arasında nevroloji xəstəliklər çoxalıb. Bunlar hamısı uşaqların neqativlərlə yüklənməsi ilə bağlıdır” - deyə bildirən K.Vaqifqızı hesab edir ki, “Cadugərlər bayramı”nın ölkəmizin məktəblərində qeyd edilməsində müxtəlif qüvvələrin maraqları yox deyil. Onun sözlərinə görə, hətta bu “bayram”ın məktəblərdə keçirilməsi şagirdlərin milli adət-ənənələrə, eləcə də milli bayramlara marağının qarşısını ala bilər.

İradə SARIYEVA

Son xəbərlər