19/11/2018 16:14
728 x 90

Teleaparıcıların dili, şou əhlinin şəxsi mülk və əşyalarının reklamı - MTRŞ-nın yeni ittihamları…

“Milli Televiziya və Radio Şurasının bu cür neqativ hallara qarşı mübarizə aparması çox müsbət haldır, bu, telekanalların üzərinə yeni tələblər qoyur”

img

Aydın Xan Əbilov: “Bəzi televiziyaların gecə-gündüz təbliğ etdikləri müğənnilər gəncləri meşşan həyat tərzi sürməyə cəlb edirlər”

 

Yerli televiziyalarda gündəmə gətirilən mövzuların, nümayiş etdirilən proqramların, verilişlərə dəvət edilən insanların səviyyəsi, onların efir davranışları, eləcə də Azərbaycan dilinə münasibəti, bir sıra aparıcıların dilimizin qayda-qanunlarına, normalarına əməl etməməsi ictimaiyyətlə yanaşı, rəsmi qurumların da narazılığına səbəb olur.

Televiziyaların bir çoxunda təqdim edilən ənənəvi mövzular şou-biznesçilərin həyat tərzinin, onların evlərinin, villalarının, maşınlarının, övladlarının toylarının, bir sözlə, cəh-cəlallarının reklamı ilə bağlı olur ki, bu, geniş müzakirə predmetinə çevrilir. Belələrinin fəaliyyəti Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini, tarix elmləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyev tərəfindən də ciddi tənqidə məruz qalıb. MTRŞ rəsmisi “Son vaxtlar şou-biznes əhlinə məxsus dəbdəbəli evlərin, villaların və maşınların reklamı maqazin proqramlarının başlıca mövzusuna çevrilib. Açıq demək lazımdır ki, bu cür sifarişli verilişlər əksər hallarda cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılanır. İşi, vəzifəsi, qabiliyyəti, aylıq məvacibi və qazancı hər kəsə bəlli olan bəzi üzdəniraq “sənətçilərin” mənbəyi məlum olmayan pullar hesabına qurduğu hər cür dəbdəbəli həyat şəraiti başqaları üçün örnək kimi təbliğ oluna bilməz. Əksinə, əyri yollarla əldə olunmuş bahalı maşınları, oğurluq pullarla ucaldılmış dəbdəbəli villa və imarətləri təbliğ etməyin özü halal zəhmətlə dolanan vicdanlı insanlara qarşı hörmətsizlikdir. Bu cür üzdəniraq təbliğat, nəticə etibarilə, gənclərin əxlaqını pozur, xüsusən də onların peşə seçimində səhvə yol vermələrinə gətirib çıxarır. Bununla da ölkənin və millətin gələcəyi üçün əlavə problemlər yaratmış oluruq” - deyə bildirib.

O hesab edir ki, xəbər xidmətinin düzgün və səmərəli təşkili bütün dövrlərdə teleradio yayımçıları üçün prioritet istiqamət olub: “Bu sahədə fəaliyyətini lazımi səviyyədə qura bilməyən yayımçılar heç zaman ciddi uğur qazana bilməyib və bundan sonra da qazanmayacaqlar. İndiki halda, xəbərlər xidmətinin təşkili ilə bağlı əsas diqqətçəkən məqamlardan biri ayrı-ayrı yayımçıların sosial şəbəkələrin və bir para qeyri-ciddi saytların yoxlanılmamış informasiyalarının təsir dairəsindən çıxa bilməməsidir. Çox vaxt təqdim olunan xəbərlərin əhatə dairəsi ölkəmizin coğrafiyasını yetərincə əhatə etmir. Mərkəzdən nisbətən uzaq rayonların ictimai-siyasi və mədəni həyatına dair xəbərlər efirlərdə çox nadir hallarda yer alır. Bəzi telekanalların efirinin cəmiyyət üçün o qədər də önəmli olmayan kriminogen xəbərlərlə daha çox yüklənməsi də arzuolunmaz hal kimi dəyərləndirilməlidir”.

MTRŞ rəsmisinin telekanallarla bağlı iradlarının yersiz olmadığını deyən Yeni Yazarlar və Sənətçilər İctimi Birliyinin (YYSİB) sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov hesab edir ki, televiziyalar tənqidlərdən nəticə çıxarmalıdırlar. “Sözsüz ki, Azərbaycan televiziyaları cəmiyyətdə baş verənlərin elektron güzgüsüdür və bu mənada, istər müsbət, istərsə də mənfi tendensiyaları özündə ehtiva edir. Bu baxımdan hansısa müğənni, modelyer, iş adamı Azərbaycan televiziyalarına çıxıb özünün bahalı maşınlarını, villalarını, təmtəraqlı həyat tərzini nümayiş etdirirsə, demək, ictimai və sosial “sifarişi” nəzərə alaraq bunu edirlər. Şou-biznesçinin, modelyerin öz imkanlarını televiziya vasitəsilə reklam etməsi dünya praktikasında normal qəbul edilən haldır. Lakin onlar bizimkilər kimi etmirlər. Bilirsiniz ki, dünyada şou-biznesçilər, modelyerlər yeni işlərini, kreativ məhsullarını satmaq üçün bu cür piarlardan istifadə edirlər. Bizim özlərini nümayiş etdirən şou-biznesçilərin isə satmaq üçün kreativ məhsulları yoxdur. Azərbaycanda öz var-dövlətini nümayiş etdirən şou-biznesçilərin, müğənnilərin hazırda tutduğu piar yolundan Qərbdə və digər ölkələrdə imtina ediblər. Bu gün Madonna və Ledi Qaqa kimi dünya ulduzları öz maşınlarını, villalarını nümayiş etdirmir, onlar uşaqlar üçün yazdıqları kitabları təqdim edirlər. Bu kimi ulduzlar müxtəlif mədəni, sosial, ictimai, ekoloji layihələrə qoşulurlar, müxtəlif təbii və texnoloji qəzalardan, aclıqdan  əziyyət çəkən insanlarla görüşür, onlara yardımlar edirlər. Bu sənətçilər efirlər vasitəsilə cəmiyyətə sosial sifarişlər ötürürlər. Bizdə isə qətiyyən belə deyil” - deyə bildirən A.X.Əbilov hesab edir ki, bizim müğənnilərin çoxu savadsız olduğu üçün, özlərini ancaq bu cür reklam etdirə bilirlər. Müxtəlif məmurların verdiyi maliyyə ilə efirə çıxan bəzi şou-biznesçilərin sonradan bəzi dələduzluqlarının ortaya çıxdığını deyən yazıçı-kulturoloq bildirdi ki, onların çoxunun banklara borclu olduğu məlumdur. “Bəzi televiziyaların gecə-gündüz təbliğ etdiyi müğənnilər gəncləri meşşan həyat tərzi sürməyə cəlb edirlər. Onların həyat tərzi, ucuz yolla varlanmağı təbliğ etməsi müasir nəslin tərbiyəsinə mənfi təsir göstərir. Bu insanların savadsızlığı, ana dilimizin incəliklərini bilməməsi, ancaq müəyyən sponsorların köməyi ilə əldə etdikləri var-dövləti nümayiş etdirmələri çox pis haldır. Müəyyən televiziyaların bu cür adamların həyat tərzini reklam etməsini tənqid edən Milli Televiziya və Radio Şurasının rəsmilərinin mövqeyi, fikirləri düzdür, bu alqışlanmalıdır. Bilirsiniz, televiziyalarda mədəniyyətlə, sosial-ictimai mövzularla bağlı proqramlar da olur, lakin bu proqramların reklamı, sponsoru olmadığı üçün, onlar mövsümi xarakter daşıyır. Yəni bu mövsüm təqdim edilir, o biri mövsüm dediyim amillər ucbatından dayandırılır. Bu proqramlara tələbat olmadığı üçün, onlar reytinqdə yer tutmur və nəticədə qapadılır. Milli Televiziya və Radio Şurasının bu cür neqativ hallara qarşı mübarizə aparması çox müsbət haldır, bu, telekanalların üzərinə yeni tələblər qoyur. Telekanalların işi elə qurulmalıdır ki, onlar reytinq qurbanı olmasınlar. Telekanallar müstəqil maliyyə dəstəyi almalıdırlar. Yəni Azərbaycanda reklam siyasəti dəyişdirilməlidir, reklam bazarı inkişaf etdirilməlidir. Eyni zamanda, sosial reklam bazarının inkişafına diqqət yetirilməlidir. Hansısa bir biznes qurumu sponsorluq edirsə, o, müəyyən vergi güzəştləri almalıdır”- deyə A.X.Əbilov qeyd etdi.

A.X.Əbilov hesab edir ki, həm xəbər aparıcıları, həm də digər proqramları təqdim edənlər, eləcə də şou-biznesçilər Azərbaycan dilinin qayda-qanunlarını pozmamalıdırlar. Onun dediyinə görə, efirlərdə dil xətasına yol verən aparıcı və qonaqlarla bağlı tədbirlərin görülməsinə ehtiyac var.

İradə SARIYEVA

Son xəbərlər