19/11/2018 18:28
728 x 90

Təhsil kreditləşməsi hələ başlamayıb, onun qaytarılmayacağı barədə müzakirələr hər tərəfi tutub

“Kredit verilməsi məsələsinə yaxşı baxılmırsa, o zaman ali təhsil müəssisələrinin təhsil haqları aşağı salınsın”

img

Kamran Əsədov: “Bunun üzərində işləmək lazımdır”

 

Hər il ailəsinin maddi imkanının zəifliyi ucbatından ödənişli əsaslarla qəbul olunduğu ali təhsil ocağından imtina edən gənclərimiz olur. Elə gənclərimiz də var ki, ödənişli əsaslarla oxuduğu universiteti maddi imkansızlığa görə yarımçıq tərk edirlər.

Müşahidələrə əsasən, rayonlarda yaşayan, övladları isə şəhərdə ödənişli əsaslarla ali təhsil alan valideynlərin çətinlikləri daha çox olur. Belə ki, universitet ödənişindən əlavə, uşaqlarının kirayə və ya yataqxana pulunu ödəmək onların dolanışığını daha da çətinləşdirir. Ali təhsil aldığı universitetin ödənişini köçürməkdə çətinlik çəkənlər təhsili yarımçıq qoymalı olurlar. Bütün bunlar ölkəmizdə münasib şərtlərlə təhsil kreditinin verilməsini zəruri edir. Bunun üçün də “Təhsil kreditləri haqqında” qanun qəbul edilməlidir. Ondan sonra daha çox ehtiyacı olana təhsil krediti verilməlidir. Düzdür, “Maarifçi” Kredit Fondu tərəfindən tələbələrə kredit verilir, amma bu çox azdır. Ancaq görünən odur ki, bununla bağlı mexanizmin yaradılmasında və tətbiqində çətinliklər var.

Maliyyə naziri Samir Şərifov parlamentin komitələrinin birgə iclasında deyib ki, həmin kreditlərin qaytarılması sual altındadır: “Bu yeni məsələ deyil, artıq neçə ildir ki, bunun müzakirəsi aparılır. Problem ondadır ki, bir tərəfdən təhsil krediti alanların həmin o krediti qaytarması, məncə, böyük bir sualdır”.

Nazir qeyd edib ki, bizim bank təşkilatlarımız bu risqi öz üzərlərinə götürmək istəmirlər. “Yaxşı, buna dövlət müdaxilə etsə, bəri başdan etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub. Kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlərdən banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar deməzdim ki, kütləvi şəkildə həll edəcək”.

Belə olan halda, ekspertlər sözügedən problemin həllini nədə görürlər?

Məsələyə münasibət bildirən təhsil sahəsi üzrə ekspert Kamran Əsədovun fikrincə, təhsil haqları azaldılmalıdır: “Hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 160 minə yaxın tələbə oxuyur. Onların 70 faizi öz vəsaiti hesabına, yəni ödənişli əsaslarla, 30 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Bu o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 120 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Konstitusiyaya görə, maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ var. Bunu dövlət təmin edir. ABŞ-da tələbələr verilən kreditləri ödəmirlər. Statistikaya əsasən, son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. Yəni 1-ci və ya 2-ci kursda oxuyub, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina edib. Qardaş Türkiyədə də kredit sistemi mövcuddur və tələbələrə ciddi güzəştlər edilir. Kredit verilməsi məsələsinə yaxşı baxılmırsa, o zaman Azərbaycanda ali təhsil müəssisələrinin təhsil haqları aşağı salınsın. Çünki bu gün ali təhsil müəssisələrinin təhsil haqları reallığı əks etdirmir. Bu gün ali təhsil müəssisələrini bitirənlərin 42 faizi işlə təmin olunur. Bunun üzərində işləmək lazımdır. Hazırda dövlət tərəfindən müəyyən kateqoriyaya aid olan şəxslərin təhsil haqları büdcənin vəsaiti hesabına ödənilir. Yəni Milli Qəhrəman övladları, I, II qrup əlil olan gənclər və digər bu kimi kateqoriyaya aid olanların təhsil haqları dövlət tərəfindən ödənilir”.

Vidadi ORDAHALLI  

Son xəbərlər