19/11/2018 16:15
728 x 90

Əhliman Əmiraslanov onkoloji xəstələrə dövlət dəstəyinin artırılması üçün konkret təklif verdi…

“Onkoloji xəstəlikdən əziyyət çəkənlərə dərman vasitələrinin alınması üçün büdcədən vəsait ayrılmalıdır”

img

Rasif Bağırov: “Onkoloji xəstəlik üçün tələb olunan dərmanların qiyməti olduqca bahadır”

 

"Onkoloji xəstələrin müalicəsi üçün tələb edilən şiş əleyhinə dərmanların alınması ilə bağlı maliyyə vəsaitinin artırılması lazımdır". Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə gələn ilin büdcəsinin müzakirəsi zamanı deyib. “Şiş əleyhinə dərmanların alınması ilə bağlı hər il vəsait ayrılır. Lakin bu dərmanların baha olmasını və yenilərinin ortaya çıxmasını nəzərə alsaq, bunun artırılmasına ehtiyac var. Ayrılan vəsait kifayət etmir” - deyə millət vəkili qeyd edib.

Ekspertlər onkoloji xəstəlikdən əziyyət çəkən şəxslərin müalicəsinə dərmanların alınması ilə bağlı maliyyə vəsaitinin artırılması təklifini müsbət dəyərləndirirlər.

Həkim-ekspert Rasif Bağırov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dünya ölkələrində onkoloji xəstələrə dövlət büdcəsindən dəstək olunur: “Onların dərmanla təminatı, müalicəsi, şüa verilmə proseduru dövlət tərəfindən təmin olunur. Onkoloji xəstəlik elə bir xəstəlikdir ki, bundan əziyyət çəkənlərə tək dövlət deyil, hər kəs dəstək olmalıdır. Məlumdur ki, onkoloji xəstəlikdən əziyyət çəkənlər həm səhhətində yaşanan narahatlıqdan əziyyət çəkir, həm də psixoloji sarsıntı keçirir. Belə bir vəziyyətdə o şəxsin maliyyə xərcini qarşılaması onun üçün daha ağırdır. Elə xəstələr var ki, onların maddi durumu imkan vermir ki, müalicə üçün tələb olunan xərci qarşılaya bilsin. Bu xəstələrə dərmanlar, kimyəvi preparatlar, şüa müalicəsi pulsuz tətbiq olunmalıdır. Onkoloji xəstəlik üçün tələb olunan dərmanların qiyməti olduqca bahadır. Hətta elə dərmanlar var ki, xarici ölkələrdən baha qiymətə gətirilir. Məlum, hər kəsin maddi durumu imkan vermir ki, o preparatları əldə etsin. Bu səbəbdən də hesab edirəm ki, onkoloji xəstəlikdən əziyyət çəkənlərə dərman vasitələrinin alınması üçün büdcədən vəsait ayrılmalıdır. Ayrılan vəsaitin həcmi elə olmalıdır ki, xəstələr şəfa tapması üçün maliyyə sıxıntısı yaşamasınlar”.

Günel CƏLİLOVA

Son xəbərlər