19/11/2018 16:13
728 x 90

İcbari tibbi sığortanın maliyyə mənbələri tapıldı...

“Bir sıra dünya ölkələrində icbari tibbi sığorta dövlət vəsaiti, sığorta haqları və alternativ mənbələr hesabına maliyyələşir”

img

Adil Qeybulla: “Bunun effektiv işləməsi üçün kifayət qədər səmərəli bir mexanizm qurulmalıdır”

 

Bir neçə ildir ölkədə icbari tibbi sığorta ilə bağlı müxtəlif fikirlər səsləndirilir. İcbari tibbi sığorta problemi 19 ildir həllini gözləyir. Bununla bağlı qanun qəbul olunub, hətta qanunda bəzi dəyişikliklər də aparılıb. Eyni zamanda, dünya təcrübəsinə uyğun bir sıra modellər də seçilib. Ancaq məsələ illərdir həllini tapmır.

Bütün bunlara rəğmən, belə görünür ki, bu istiqamətdə növbəti il müəyyən işlərə start verilə bilər. Çünki bu arada məlum olub ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı “yol xəritəsi” hazırlanıb.

Bununla bağlı agentlikdən verilən məlumata görə, hazırda “yol xəritəsi” müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Növbəti ildə “yol xəritəsi”ndə dövlət tibb müəssisələrinin icbari tibbi sığortanın prinsiplərinə əsasən hazırlanması və səhiyyə sisteminin icbari tibbi sığortaya tam inteqrasiyası nəzərdə tutulub: “Yol xəritəsi”ndə maliyyə dayanıqlığının təmin edilməsi üçün icbari tibbi sığortanın müxtəlif mənbələrdən maliyyələşdirilməsi nəzərdə tutulur. Bu maliyyə mənbələrinə dövlət büdcəsi, əhalidən toplanan sığorta haqları və alternativ maliyyə mənbələri aiddir. Növbəti il üçün dövlət büdcəsində icbari tibbi sığorta üçün nəzərdə tutulan vəsait alternativ maliyyə mənbələrinə aiddir və “yol xəritəsi”nin tələblərindən irəli gələn məsələlərin icrası üçün rezerv (ehtiyat) vəsaitdir”.

Maraqlıdır, icbari tibbi sığorta sisteminin sözügedən 3 mənbədən maliyyələşməsini ekspertlər necə dəyərləndirirlər?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən tibb elmləri doktoru, professor Adil Qeybulla buna müsbət prizmadan yanaşdı: “Hesab edirəm ki, icbari tibbi sığorta üçün müvafiq kateqoriyalar müəyyən edilməlidir. Çünki icbari tibbi sığortanın maliyyə mənbələrinin müəyyən edilməsi çox vacibdir. Bir sıra dünya ölkələrində də icbari tibbi sığorta dövlət vəsaiti, sığorta haqları və alternativ mənbələr hesabına maliyyələşir. Alternatv mənbələr deyərkən, burada müxtəlif mənbələr nəzərdə tutula bilər. Bunlar xeyriyyə fondları, əmək birjaları və s. ola bilər. Yəni çoxsaylı sosial müdafiə elementlərinin əksəriyyəti bu işə cəlb oluna bilər. Alternativ mənbələr deyəndə məhz bunlar nəzərdə tutulur. Dünyada belə olduğu üçün yəqin ki, bizdə də sözügedən mənbələr hesabına maliyyələşmə təmin ediləcək. Düzdür, bizdə hələ əmək birjaları yoxdur və xeyriyyə fondları elə də güclü fəaliyyət göstərmirlər. Ancaq sözügedən fondların fəaliyyəti gücləndikcə, alternativ mənbələr maliyyələşməni təmin edə bilər. Bütün hallarda, dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsait yetərli olmalıdır ki, icbari tibbi sığorta adekvat çalışa bilsin. Ümumilikdə, icbari tibbi sığorta çox ciddi bir məsələdir. Bunun effektiv işləməsi üçün kifayət qədər səmərəli bir mexanizm qurulmalıdır. Hesab edirəm ki, icbari tibbi sığortanın həlli düşünülmüş və dünya təcrübəsindən yararlanan bir iş olmalıdır”.

Vidadi ORDAHALLI

Son xəbərlər