19/11/2018 16:11
728 x 90

Ödənişsiz oxuyan universitet tələbələrinin sayında azalmanın səbəblərinə ekspert baxışları…

“Təəssüf ki, ali təhsil müəssisələri gəlir və xərclərini qarşılamaq üçün daha çox ödənişli təhsil sisteminə üstünlük verirlər”

img

İlqar Orucov: “Dövlət savadlı gənclərə təhsil almaq üçün şərait yaratmalı, ödənişsiz təhsilə daha çox yer ayrılmalıdır”

 

“Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayında azalma var. Bu azalmaların qarşısının alınması üçün dövlət büdcəsindən 2019-cu ildən əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur”. Bu sözləri maliyyə naziri Samir Şərifov bildirib. Nazir media nümayəndələrinə açıqlamasında qeyd edib ki, vəsaitlər 2019-2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olunanlara şamil olunacaq.

Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayı nə səbəbdən azalır? Məsələ ilə bağlı ekspertə müraciət etdik. Bu problemin qarşısını almaq üçün dövlət vəsaitinin ayrılmasının vacibliyi barədə fikir bildirən Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda ödənişli təhsil alanların sayı artıb: “Təəssüf ki, ali təhsil müəssisələri gəlir və xərclərini qarşılamaq üçün daha çox ödənişli təhsil sisteminə üstünlük verirlər. Ali təhsil müəssisələri gəlirini tələbədən alınan ödəniş hesabına həll edirlər. Bu olduqca yanlış yanaşmadır. Bu, Azərbaycan təhsili üçün xoş olmayan bir haldır. Dünyanın inkişaf etmiş ali təhsil müəssisələri əcnəbi tələbələr üçün güzəştli təhsil haqqı tətbiq edirlər. Xarici ölkələrdə əcnəbi tələbələr üçün 50-70 faiz güzəşt tətbiq edilir. Ancaq bizdə nəinki yerli, eyni zamanda, xarici tələbələrə də güzəşt tətbiq olunmur. Nəzərə almaq lazımdır ki, dünyanı idarə edəcək güc yalnız təhsildir”.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan ali təhsil müəssisələri xarici ölkə universitetləri ilə müqayisədə geridədirlər. Təhsillə bağlı açıqlanan beynəlxalq hesabatlarda Azərbaycan universitetləri aşağı yerdə qərarlaşır: “Ancaq buna baxmayaraq, Azərbaycan ali təhsil müəssisələri hər il ödəniş haqqını qaldırırlar. Ödənişsiz təhsil isə sıxışdırılır. Bu isə ölkə vətəndaşlarının təhsil almaq imkanını məhdudlaşdırmaq deməkdir. Hesab edirəm ki, dövlət savadlı gənclərə təhsil almaq üçün şərait yaratmalı, ödənişsiz təhsilə daha çox yer ayrılmalıdır. Ödənişsiz təhsilin inkişafı üçün büdcədən vəsait ayrılmalıdır”

İ.Orucov onu da bildirdi ki, Azərbaycan ali təhsil müəssisələri savadlı gənclərin təhsilə cəlb olunmasında həssas olmalıdırlar: “Təhsil müəssisəsinin gəliri tələbənin ödədiyi təhsil haqqından ibarət olmamalıdır. Ali təhsil müəssisələri təhsilin inkişafından qazanc əldə etməlidirlər, tələbədən yox. Universitet tələbənin hər il ödəniş etdiyi vəsait hesabına fəaliyyət göstərməməlidir”.

Günel CƏLİLOVA

Son xəbərlər