19/11/2018 18:28
728 x 90

VI sinif “Coğrafiya” dərsliyində Qarabağ probleminin kökü ilə bağlı mübahisəli fikir...

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanla Ermənistan arasında sərhədlərin razılaşdırılmaması üzündən baş verdiyi bildirilib

img

Kamran Əsədov: “Bu faktı oxuyan şagird elə biləcək ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi iki dövlət arasında sərhədlər müəyyənləşmədiyinə görə baş verib”
“Hesab edirəm ki, dərslik müəllifləri ifadə seçərkən bir az diqqətli olmalıdırlar”

 

Orta ümumtəhsil məktəbləri dərsliklərindəki nöqsanlar azalmaq bilmir ki, bilmir. Xüsusən də tarixi, ideoloji mahiyyət daşıyan dərsliklərdə neqativ məqamların aşkarlanması narahatlıq doğurmaqdadır. Orta məktəblərdə tədris edilən VI sinif “Coğrafiya” dərsliyində də qüsurlar müəyyən edilib və bu nüans geniş müzakirələrə, tənqidlərə səbəb olub.

Sözügedən dərsliyin müəllifləri Nərminə Seyfullayeva, İrken Aktoprak və Yelena Şabanovadır.

“Trend.az”ın məlumatına görə, VI sinif “Coğrafiya” dərsliyinin 43-cü səhifəsində “Adətən, həmsərhəd ölkələr arasındakı sərhədlər razılaşma əsasında müəyyən edilir. Qonşu ölkələrlə sərhədlər razılaşdırılmadıqda, onlar arasında mübahisə və münaqişələr də baş verə bilər. Məsələn, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasına Ermənistanın ərazi iddiası nəticəsində yaranıb” fikri işlədilib.

Ümumiyyətlə, dövlətlərarası sərhədlərin razılaşdırılmaması ilə bağlı məsələdə müəlliflərin Dağlıq Qarabağ münaqişəsini misal olaraq göstərməsi nə dərəcədə düzgündür? Fakt budur ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir və heç vaxt Ermənistanın ərazisi olmayıb, heç bir rəsmi xəritədə, sənəddə bu ərazi işğalçı dövlətin ərazisi kimi təqdim edilməyib. 

Tanınmış təhsil eksperti, tarix üzrə fəlsəfə doktori Kamran Əsədov hesab edir ki, “Coğrafiya” kimi mühüm dərslikdə belə bir yanlışlığa yol verilməsi qəbuledilən deyil.

“İlk növbədə qeyd edim ki, Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Yəni Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi dövlətlərarası razılışma ilə müəyyən olunmur, bu, Azərbaycan Respublikası Milli Məclisinin (“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun 2-ci maddəsi ilə müəyyən edilir) qərarı ilə qəbul edilir. Bu o deməkdir ki, Azərbaycan Respublikasının dövlət sərhədinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər. Dərslikdə belə verilməli idi ki, Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə rəsmiləşdirilməyən sərhədləri dövlətlərarası müqavilə ilə təsbit edilir. Amma bu o demək deyil ki, sərhədlər müəyyənləşməyəndə müharibə olur. Bizim 27 ildir hələ də Gürcüstanla, İranla sərhədlərimizin tam müəyyənləşmədiyi ərazilər var. Amma müharibə etmirik. Müzakirələr aparılır. Bu faktı oxuyan şagird elə biləcək ki, Ermənistan-Azərbycan  Dağlıq Qarabağ münaqişəsi iki dövlət arasında sərhədlər müəyyənləşmədiyinə görə baş verib. Hər bir xalqın, dövlətin ərazisi, sərhədləri müəyyən olunanda onun etnosiyasi coğrafiyası, tarix boyu yaşadığı ərazi prinsipi əsas götürülür. Yəni hər hansı bir xalq həmin ərazidə hansı müddətdə, hansı dövrdə yaşayır. Azərbaycan Respublikasının müstəqillik qazanması, azərbaycançılığın dövlət ideologiyasına çevrilməsi, dünya azərbaycanlılarının birliyi, mütəşəkkilliyi uğrunda mübarizə artıq Azərbaycanın ərazi bütövlüyü prinsipini məhz tarixi ərazi məsələsi prinsipi ilə müəyyənləşdirdi. Dövlətlərin sərhədləri tarixin gedişində müəyyən olunur. Düzdür, bəzən super güc dövlətlər buna öz maraqlarına uyğun olaraq müdaxilə edirlər, amma fakt faktlığında qalır. Hesab edirəm ki, dərslik müəllifləri ifadə seçərkən bir az diqqətli olmalıdırlar. Çünki bu, oxucuda yanlış təəssürat yarada bilər. Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ və onun ətrafında Ermənistanın nəzarətindəki Azərbaycan əraziləri üzərində baş vermiş müharibə etnik münaqişə və ərazi mübahisəsidir. Yəni onlar bizim tarixi ərazilərimizə iddia irəli sürüblər. Ermənistanla bizim aramızda münaqişə sərhədlərin müəyyən edilməsi üstündə deyil, onlar qanunsuz olaraq bizim tarixi torpaqlarımızı işğal ediblər” - deyə K.Əsədov qeyd edib.

Qeyd edək ki, sözügedən cümlə dərsliyin “Dünya ölkələri” hissəsində, dünya ölkələrinin coğrafi mövqeyinin müzakirəsi kontekstində yer alıb. Burada dünya ölkələrinin coğrafi mövqelərinin əlverişli-əlverişsiz olması şərh edilir və misal kimi, yuxarıdakı cümlələr qeyd edilir.

Dərslik müəlliflər deyiblər ki, bir ölkə digər ölkəyə qarşı ərazi iddiası qaldırırsa, deməli, bu, iddia qaldıran dövlətin mövcud dövlət sərhədləri ilə razılaşmaması deməkdir: “Azərbaycan dövləti və xalqı Ermənistanın beynəlxalq hüquqa zidd olan ərazi iddialarını heç vaxt qəbul etməyib və öz əzəli torpaqları uğrunda sona qədər vuruşacağını dəfələrlə bəyan edib. Eyni zamanda, “Dövlət sərhədi haqqında” Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə rəsmiləşdirilməyən sərhədləri dövlətlərarası müqavilə ilə təsbit edilir”.

İradə SARIYEVA

Son xəbərlər