19/11/2018 18:24
728 x 90

Əhliman Əmiraslanovun elmə daha çox vəsait ayrılması təklifi birmənalı qarşılandı

“Büdcədən elmə ayrılan vəsait artırılmalıdır”

img

Məhərrəm Zülfüqarlı: “Elmə vəsait ayrılarsa, elmi tədqiqat işləri, araşdırmalar artırılar”

 

Azərbaycanda elm sahəsinə ayrılan vəsaitlərin həcmi həmişə müzakirə mövzusu olub. 2019-cu il dövlət büdcəsi layihəsində elm sahəsinə ayrılan vəsaitin artırılması təklif olunur. Belə bir təklif  Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil və Səhiyyə komitələrinin birgə keçirilən iclasında səsləndirilib.

Bu təşəbbüslə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edib. Ə.Əmiraslanov qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemində çalışanların da əməkhaqları aşağıdır və onların da maaşlarının artırılması üçün vəsait ayrılmalıdır.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli də Ə.Əmiraslanovun səsləndirdiyi fikirlərlə razılaşıb: “AMEA-ya dövlət büdcəsindən ayrılan vəsait illərlə sabit qalır. Akademiya isə inkişaf edir, bu rəqəmin hər il sabit qalması imkanları məhdudlaşır. Təklif edərdim ki, Akademiyaya ayrılan vəsait artırılsın. Akademiya böyük elmi bazadır və onun fəaliyyətinə dəstək verilməlidir”.

Ekspertlər də elm sahəsinə ayrılan vəsaitin artırılmasının vacib olduğunu düşünürlər.

Təhsil eksperti Məhərrəm Zülfüqarlı bizimlə söhbətində qeyd etdi ki, hər bir ölkənin inkişafı elmin inkişafından asılıdır: “Təəssüflər olsun ki, bizdə bu sahəyə ayrılan vəsaitin həcmi azdır. Elm işçisi kimi deyə bilərəm ki, işimiz ancaq Vətənə xidmət etməklə stimullaşır. Elmin inkişafı üçün yazdığımız kitabı öz hesabımıza çap etdiririk. Çap olunan kitabın tirajı isə təxminən 200-500 arasında olur. Bu isə olduqca az rəqəmdir. Onu da bildirim ki, öz hesabımıza tərtib etdiyimiz kitab nə qiymətləndirilir, nə də stimullaşdırılır.

Türkiyədə universitet müəllimlərinin əsas gəlir mənbəyi yazdıqları kitabdır. Ancaq bizdə isə vəziyyət fərqlidir. Biz yazdığımız kitabdan gəlir əldə etmirik. Bu səbəbdən də hesab edirəm ki, Azərbaycan büdcəsindən elmə vəsait ayrılmalıdır. Elmə vəsait ayrılarsa, elmi tədqiqat işləri, araşdırmalar artırılar”.

Həmsöhbətimiz hesab edir ki, elmə ayrılan vəsait artırılmalıdır.

Günel CƏLİLOVA

Son xəbərlər