19/11/2018 18:24
728 x 90

Uşaqlar buraxılış imtahanında essedən azad edildi, ekspert rəyi birmənalı deyil…

“Esse dünya təhsil sistemində qəbul olunmuş bir normativdir”

img

Kamran Əsədov: “Bu məsələyə yenidən nə vaxtsa qayıdılmalıdır”

 

2018-2019-cu tədris ili üzrə orta məktəblərdə keçiriləcək buraxılış imtahanlarında şagirdlərin ayrıca esse yazma bacarığı yoxlanılmayacaq. Bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev media nümayəndələrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, buraxılış imtahanlarının yeni modelində şagirdlərin fənlər üzrə, xüsusilə ana dili üzrə kifayət qədər yazılı suallar cavablandırması nəzərdə tutulub: “Məsələn, 9-cu sinifdə ana dili fənnindən 2 mətn üzrə 20 tapşırıq var. Onların 10-u yazı tələb edən suallardır. Bu ildən 9-cu siniflər üçün 3-cü - xarici dil də imtahan fənlərinin siyahısına daxil edilib. Xarici dil üzrə şagirdlərin həm dinləyib-anlama, həm də yazı bacarıqları yoxlanılacaq. Hesab edirik ki, ayrıca bir esse yazılaraq yazı bacarığının yoxlanılmasına ehtiyac qalmayıb. Ona görə də yeni modeldə essenin yazılması nəzərdə tutulmayıb”.

N.Əliyev qeyd edib ki, 11-ci sinifdə də ana dili fənnindən 2 mətn üzrə olan 20 sualın 10-u sırf şagirdlərin yazı bacarığının yoxlanılmasını nəzərdə tutan tapşırıqlardır: “Ona görə də yeni modeldə essenin yazılması artıq öz aktuallığını itirir”.

Qeyd edək ki, Azərbaycanda 2017-ci ildən başlayaraq 9-cu sinif şagirdləri buraxılış imtahanını yeni model-kurrikulum proqramı əsasında verdikləri üçün esse yazırlar. 2019-cu ildən isə 11-ci sinif şagirdləri ilk dəfə olaraq buraxılış imtahanını yeni qaydalarla verəcəklər.

Ekspertlər isə şagirdlərin esse yazmasının tərəfdarıdırlar. Onların fikrincə, esse yazmaqla şagirdlər fikirlərini ifadə edirlər. Esse yazılmamasının düzgün qərar olmadığı iddia olunur.

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, esse yazılması şagirdlərin özünü ifadə etmək bacarıqlarının formalaşmasına xidmət edir: “Təəssüf ki, bu gün orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin özünü ifadə etmək bacarığı çox aşağı səviyyədədir. Ali məktəblərə yüksək balla qəbul olunsalar belə, özləri haqqında məlumat verməkdə, hər hansı bir hadisəyə münasibət bildirməkdə çətinlik çəkirlər. Onların nitq və yazı qabiliyyəti çox aşağı səviyyədə olur. Ən azından, buraxılış imtahanında esse olması onlarda bu vərdişi müəyyən qədər formalaşdırmağa xidmət edirdi”.

Həmsöhbətimiz essenin ləğv olunmasının səbəbi barədə bildirdi ki, bu, buraxılış imtahanlarında ingilis dilində dinləmə bacarığının test tapşırığına salınması ilə bağlıdır: “Dövlət İmtahan Mərkəzi şagirdlərdə əlavə vaxt itkisi olmasın deyə esseləri buraxılış imtahanından çıxardı. Nəzərə almaq lazımdır ki, esseni bütün şagirdlər yazmırdı. Yalnız fərqlənmə attestatı almaq istəyən şagirdlər yazırdı. Bütün hallarda, esse dünya təhsil sistemində qəbul olunmuş bir normativdir. Gənc nə səbəbdən hansısa sahədə təhsil almaq istədiyini öz sözləri ilə əsaslandırmalıdır. Gələcəyimiz sayılan uşaqların perspektivli yetişməsi üçün essenin yazılması hansısa mərhələ tətbiq olunmalıdır. Essenin faydalılığı çoxdur. Essenin ləğv olunması düzgün deyil.

Kurrikulum standartlarında təfəkkürün inkişafı, məntiqi analiz, özünü ifadə bacarığı məhz esse inşa yazılarında formalaşır. Bu məsələyə yenidən nə vaxtsa qayıdılmalıdır”.

Günel CƏLİLOVA

Son xəbərlər