19/11/2018 18:27
728 x 90

Zirvədən zirvəyə gedən şərəfli yollar... - FOTO

img

Görkəmli hüquqşünas İkram Kərimovun yeni çapdan çıxmış “Zirvədən zirvəyə...” (“Letterpress”, Bakı-2018, 47 ç.v., 756 səh.) kitabı ulu öndər Heydər Əliyevin rəngli foto-portreti ilə açılır. Şəklin altında müdrik şəxsiyyətin kəlamlarından  bir sitat verilib: “Asudə vaxt – məsuliyyətdən azad vaxt deyildir”. (Heydər Əliyev)

Ömrünü haqq-ədalətin zəfər çalması, hüququn təntənəsi naminə cinayətkarlıqla mübarizə işinə həsr etmiş məşhur hüquqşünasın öz kitabının ilk səhifəsində ulu öndər Heydər Əliyevin şəklini və sözlərini verməsi ümummilli liderin Vətən və Dövlət qarşısındakı xidmətlərinə vətəndaş ehtiramının  əlamətidir. Eyni zamanda, uzun illər respublikamıza rəhbərlik etmiş görkəmli dövlət xadiminin hüquq-mühafizə orqanlarının əməkdaşlarına diqqət və qayğısına hüquqşünas minnətdarlığının təzahürüdür. Kitab boyu müəllif vaxtilə mühüm işlər müstəntiqi kimi apardığı dövlət əhəmiyyətli mürəkkəb istintaq araşdırmalarında hər zaman ölkə rəhbərliyinin hüququn aliliyi prinsipinə əsaslanan ali iradəsinə arxalandığını büruzə verir.

“Zirvədən zirvəyə...” kitabı respublikanın Əməkdar hüquqşünası İkram Kərimovun zəngin həyat yolunun və səmərəli fəaliyyətinin işıqlandırılmasına həsr olunub. Kitabda yeniyetmə bir məktəblinin hüquq-mühafizə işinə böyük marağından - müstəntiq olmaq arzusunun necə reallığa çevrilməsindən bəhs olunur.

İkram Heydər oğlu Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan olub. 1959-cu ildə orta məktəbi bitirib. 1961-66-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsinin tələbəsi olub.

1966-77-ci illərdə Yasamal, Qusar, Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi işləyib. 1978-87-ci illərdə Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun Birinci müavini olub. 1987-2012-ci illərdə Bakı şəhər Məhkəməsinin, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin, Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində işləyib. Baş ədliyyə müşaviri, I ixtisas dərəcəli hakimdir.

Cinayət işlərinin istintaq təcrübəsi SSRİ və Azərbaycan SSR üzrə dəfələrlə yayılmış, adı Prokurorluğun “Ən yaxşı müstəntiq” Fəxri kitabına yazılmışdır. “Şərəf nişanı” ordeni, “Tərəqqi” medalı, Azərbaycan SSR Ali Soveti RH, SSRİ Baş Prokurorunun, Azərbaycan Respublikasının Ədliyyə nazirinin Fəxri Fərmanları ilə təltif olunub. Respublikanın Əməkdar hüquqşünası fəxri adına layiq görülüb. Bir sıra beynəlxalq tədbirlərdə - ABŞ, Asiya və Avropa ölkələrində, Avropa Şurasında Azərbaycan Respublikasını təmsil edib. 

...Hüquq fakültəsini yeni bitirib Xaçmaz rayon prokurorluğunda işləyən 26 yaşlı gənc İkram Kərimov 1969-cu ilin noyabrında gözlənilmədən Respublika Prokurorluğuna – mühüm işlər üzrə müstəntiq vəzifəsinə təyin olunur. Bu qəfil təyinat hamı üçün, o cümlədən gənc müstəntiqin özü üçün də gözlənilməz idi. Yalnız Azərbaycan KP MK-nın inzibati şöbəsində söhbətə dəvət ediləndə İkram Kərimov üçün aydın olur ki, “yeni katib (Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev nəzərdə tutulur) cavan kadrların irəli çəkilməsini tapşırıbmış...”

Beləliklə o, böyük həvəs və bacarıqla məsul vəzifədə etimadı doğrultmaq üçün səylə çalışmağa  başlayır. Və o illərdə İkram Kərimovun şöhrəti respublikanın sərhədlərini aşıb İttifaq miqyasında nüfuzlu hüquqşünas kimi  tanınır.

30-40 il bundan əvvəl,  keçmiş İttifaq və respublika miqyasında istintaqı aparılan dövlət əhəmiyyətli bir çox ağır cinayət işlərinin üstünün kim tərəfindən açıldığı, istintaqı kimin apardığı və geniş ictimaiyyətin böyük marağına səbəb olan hay-küylü kriminal hadisələri ustalıqla araşdırıb həqiqəti üzə çıxaran hüquqşünasın kimliyi bu avtobioqrafik kitabda bəlli olur. Müəllif oxucuya çoxepizodlu mürəkkəb cinayət işlərinin istintaqının gedişi, çətinlikləri, cinayətkarların ifşası üçün çəkdiyi əzab-əziyyətlərin, yuxusuz gecələrin necə bəhrə verməsi və qiymətləndirilməsi barədə müxtəlif arxiv materialları əsasında danışır. Hadisələrin cərəyan etdiyi tarixi dövrün xatırlanması, bir çox qaranlıq məqamlara aydınlıq gətirilməsi müasir oxucu üçün maraqlı və əhəmiyyətlidir.  İkram müəllim qələmə aldığı xatirələri təkcə onu yaxından tanıyan dostları və doğmaları üçün deyil, həm də gənc hüquqşünaslar, xüsusən müstəntiqlər üçün nəzərdə tutur. Kitab hüquq fakültəsinin tələbələri üçün təcrübə və nəzəriyyənin vəhdəti kimi çox faydalı tədris vəsaiti səviyyəsində qələmə alınıb. 

Giriş mətnindən məlum olur ki, jurnalist-publisist Telman Zülfüqaroğlu 20 il məşhur hüquqşünas haqqında kitab yazmaq niyyəti ilə materiallar toplayıb, onu tanıyan bir çox insanlarla görüşüb,  müsahibələr alıb, xatirələrini yazıb. Ancaq bu 20 il ərzində hər dəfə onları kitab halında çap etmək istəyəndə İkram müəllim etiraz edib, haqqında kitab yazılmasına izn verməyib. Yalnız undi, təqaüdə çıxandan sonra, 75 illiyi ərəfəsində belə bir  nəşrə razı olub və jurnalistin topladığı həmin xatirələri də ayrıca bölüm kimi öz kitabına daxil edib... Hüquqşünas özü kitabın yazılma səbəbləri haqqında belə deyir: “...Valideynlərimizin doğulub böyüdüyü ölkə (SSRİ) bizim gözlərimizin qarşısında çökdü, süqut elədi və biz müstəqillik qazandıq. O dövrü xatırlamaq, yeni nəslə çatdırmaqla biz həyatda düzgün mövqe tutmalarına kömək edə bilərik. Bundan başqa o qeyd edir ki, tanıdığı dəyərli hüquqşünasları xatırlamaqla onların yaddaşlarda yaşamasına xidmət etmiş olur. “Çünki fədailərin xatırlanması kimlərəsə təsəlli ola bilər. Kimlərsə bundan faydalanar... Mən yazıçı deyiləm, belə həvəsə də heç vaxt düşməmişəm. Zəmanəmiz və həyat tərzimiz barədə oxucuya az da olsa bilik verə bildimsə, demək qarşıya qoyulan məqsədə nail olundu...” 

Kitabı oxuduqca görürük ki, Sovet dövründə, keçid  və müstəqillik illərində  müstəntiq, prokuror, dövlət ittihamçısı,  hakim, məhkəmə sədri kimi çalışan İkram Kərimovun sərt döngələri olan enişli-yoxuşlu, çala-çuxurlu, tozlu-torpaqlı yolu dəf edib mənzil başına büdrəmədən çatması elə də asan olmayıb. İkram müəllimin mühüm işlər müstəntiqi kimi çalışdlığı 70-ci illərdə necə əzuiyyətlər hesabına məkrli cinayətkarlar üzərində qələbəyə nail olması ilə sənəd-sübutlar əsasında  tanış olduqca, biz şərəfli hüquqşünas peşəsinin nə qədər ağır və cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğuna bir daha əmin oluruq.   

...Baba və nənələrdən başlamış, ata-anasına, əmilərinə, digər qohumlaradək  hamını bir-bir yada salan, Məsmə nənə, Abdulkərim baba, atası Heydər Kərimov, əmiləri Ağakərim və Məmmədkərim barədə  bir az qəmli, bir az fərəhli, amma həmişə fəxrlə danışan müəllif məktəb illərindən, institut dövründən maraqlı hadisələrlə oxucunu özünə cəlb edir. Xüsusən, Məsmə nənənin “qaçqınlıq” xatirələri, ən ağır dövrlərdə qəhrəman Nuru Paşanın Azərbaycana gəlib erməni quldurlarını darmadağın etməsi, əhalini qırğından xilas etməsi;  yaxud “Qara naçalnikin” – Məmmədkərim Kərimovun cinayətkarlığa qarşı cəsarətli mübarizəsi ilə qazandığı hörmət-izzət; həyatdan erkən köçən atası Heydər kişinin el içində halal zəhmət adamı kimi tanınması; anası Səmayə xalanın oğlanlarını təkbaşına minbir əziyyətlə, Vətənə məhəbbət, əməyə hörmət ruhunda böyüdüb boya-başa çatdırması... barədə epizodları həyəcansız oxumaq mümkün deyil. Təvazökarcasına “mən yazıçı deyiləm” desə də, onun kitabı geniş erudisiya və həzin duyğular üstündə həssascasına, əsl peşəkarlıqla qələmə alınmış əsərdir. Kitaba anası ilə bağlı fikir-düşüncələrindən ibarət xüsusi bir bölüm daxil edən İkram müəllim Səmayə xalanın müdrik, uzaqgörən obrazını məharətlə yarada bilir, anasının verdiyi öyüd-nəsihətlərin, dəyərli məsləhətlərin onun üçün nə qədər müqəddəs olduğunu göstərir.  Və ana haqqında söhbətlərinin davamı olaraq, dahi dramaturq Cəfər Cabbarlının “Ana” şeirini ən önəmli əsərlərdən biri kimi kitaba daxil edir. 

İkram Kərimov öz doğmaları ilə yanaşı, sevimli müəllimləri, dostları, həyatda ona yardımçı olmuş, dəstək vermiş insanları da böyük minnətdarlıqla xatırlayır, hər biri haqqında ən ülvi hisslərlə söz açır.  Müəllif “Onlar unudulmamalıdır” rubrikası altında ünsiyyətdə olduğu görkəmli ictimai-siyasi və dövlət xadimlərini, tanınmış hüquqşünasları, öz peşəsinin vurğunu olan vicdanlı, namuslu, vətənpərvər, xeyirxah ziyalı insanları yada salır: Vahid Qəhrəmanov, Məmməd Xələfov, Murtuz Ələsgərov, Məmmədxan Rəsulov, Cəfər Vəliyev, Ata Əliyev, Ağaverdi Abbasov, Abdulla İbrahimov, Sabir Rəzzaqov bə b. Bu adların hər biri ölkənin həyatında mühüm rol oynamış dəyərli şəxslərdir.  

Yeri gəlmişkən, İkram müəllim kitabını mənə bağışlayanda içərisində öz əli ilə yazdığı sözlər onun həssas qəlbinə ayna tuturdu: “Akif müəllim, Sizin üçün Əli müəllimin mənəviyyatı ailəsinin qürur mənbəyidir. Ruhu şad olsun!” (İkram Kərimov, 18.07.2018). Və mən kitabı çox böyük maraqla başdan axıradək oxuduqca, “Unudulmayanlar” cərgəsində atamın da adını görüb daha çox təsirlənir, eyni zamanda, təbii ki, həm də qürur duyurdum. Azərbaycanın müxtəlif şəhər və rayonlarında müstəntiq, prokuror, Respublika Prokurorluğunda mühüm işlər müstəntiqi, Ali Məhkəmənin üzvü vəzifələrində çalışmış hüquqşünas Əli Məhərrəmov haqqında  İkram müəllimin xatirələri sanki məni gənclik illərinə qaytardı, həyatdan vaxtsız köçmüş atamla bizi bir daha görüşdürdü. Atam haqqında yazılan “İşıqlı bir ömrün sorağında və ya dünya yaxşılarındır” başlıqlı oçerkin kitaba daxil edilməsi, mühüm işlər müstəntiqi Əli Məhərrəmovun istintaqını apardığı ağır işlərdən nümunə kimi biri haqqında təfsilatı ilə yazılması, eyni zamanda müxtəlif məqamlarla bağlı bir çox səhifələrdə onun xatırlanması (bu səhifələrin sayı sadəcə statistika deyil, hər kəs atası ilə fəxr edir, mən də onun adı çəkilən hər anı müqəddəs məqamlar kimi qəbul edirəm – A.), təcrübəli, səriştəli, bacarıqlı, istedadlı hüquqşünas olduğunun vurğulanması, fotoşəkillərinin çap edilməsi - bütün bunlar atama verilən yüksək qiymətlə yanaşı, həm də İkram müəllimin böyük ürək sahibi, yaxşılığı itirməyən yüksək mənəviyyatlı ziyalı xislətini göstərən əlamətlərdir. Onlar bir neçə il Respublika Prokurorluğunda mühüm işlər müstəntiqi kimi bir kabinetdə  işləyiblər, gənc hüquqşünas o zamanlar təcrübəli hüquqşünasın qayğısını görüb, məsləhətlərini, ibrətamiz söhbətlərini eşidib və aradan uzun illər keçsə də onu  unutmayıb: “Əli müəllim nadir şəxsiyyət, peşəkar hüquqşünas idi. O öz işini gözəl bilən, həyata yaradıcı münasibət bəsləyən bir insan olub. Əli müəllimdə ən çox xoşuma gələn cəhətlərdən biri də onun haqqı, ədaləti hər şeydən uca tutması idi. Kimsəsizlərin, arxasızların ümid yeri olan Əli müəllim ədalətsizliklə, insafsızlıqla rastlaşanda heç vaxt geri çəkilməzdi, həmkarları ilə fikir mübadiləsi zamanı səbr, müdriklik nümayiş etdirərdi. Elə bu xüsusiyyətləri onu ötkəm bir hüquqşünas, müdrik bir insan kimi bu gün də qəlbimizdə əbədi yaşadır.”

Onu da deyim ki, İkram müəllim atamın dəfnində iştirakdan tutmuş indiyə qədər mərhum iş yoldaşının “başsız qalmış” ailəsini unutmayıb (atam qəflətən vəfat edəndə biz  çox gənc idik), ötən müddət ərzində ən yüksək vəzifələrdə işləyəndə belə vaxtaşırı telefon açıb görüşmək üçün dəvət edir, yaşayışımızla, ümumi vəziyyətimizlə maraqlanır, köməyini əsirgəmirdi... Bəli, bu, İkram müəllimin xarakteridir. Çünki anası Səmayə xanımın sözləri ilə desək: “...əsilləri, kökləri çox yaxşı, düzgün nəsil olub”.

Təsadüfi deyil ki, kitaba xatirələri daxil edilmiş müxtəlif insanların hamısı onun yüksək mənəvi dəyərlərə malik insan olduğunu, sadəliyini, ədəb-ərkanlı, alicənab ziyalılığını vurğulayır. Tabeliyində olanlarla sadə, təvazökar davranışını, qayğıkeşliyini, xeyirxahlığını, həssas və xoş ünsiyyətli adam olduğunu önə çəkirlər.  Qanunun keşiyində duran, qanunu möhkəm qoruyan, lakin səmimiyyəti də unutmayan hüquqşünas! Bu - nadir xüsusiyyətdir... Onun barəsində yüksək fikirlər deyən insanların hər biri həyatda öz yeri, mövqeyi olan, hörmətli, nüfuzlu şəxslərdir: Məmmədkərim Kərimov, Mehman Mehmanov, Səlim Səlimov, Ramazan Rəcəbli, Hüseyn Talıbov, Ələddin Sultanov, İbrahim Quliyev, Hadi Rəcəbli, Vahid Atamov, Bəhram Zahidov, Mansur İbayev, Fərhad Abdullayev...     

Hüquqşünas olmaq istəyənlər üçün, yaxud gənc müstəntiqlər üçün ensiklopedik xarakterli stolüstü kitab qədər əhəmiyyət kəsb edən “Zirvədən zirvəyə...” kitabına əməkdar hüquqşünas  İkram Kərimov vaxtilə istintaqını apardığı cinayət işləri haqqında xeyli sənədli materiallar daxil edib, axtarış prosesləri barədə müfəssəl yazıb, müstəntiq peşəsinin incəliklərini açıqlayıb, müdrik ağsaqqal kimi məsləhətlərini, tövsiyələrini verib. Onun istintaq etdiyi işlərin coğrafiyası nə qədər gərgin və təhlükəli iş rejimində çalışdığını göstərir. Buraya qəsdən adam öldürmə, quldurluq, soyğunçuluq, oğurluq hadisələrindən tutmuş əmlakın xüsusilə külli miqdarda mənimsənilməsi və ya israf edilməsi, rüşvətxorluq, hesabatların şişirdilməsi, təhrif olunması və s. kimi vəzifə cinayətləri, ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələri və s. daxildir. Bu işlərin araşdırlması üçün o, demək olar ki, Azərbaycanın bütün bölgələrində, şəhər, rayon, kənd və qəsəbələrində, eləcə də qonşu respublikalarda, Moskvada və digər məkanlarda ezamiyyətlərdə olub, sözün həqiqi mənasında yuxusuz gecələr, əzab-əziyyətlər bahasına ona həvalə olunan ağır işlərin açılmasına nail olub, öhdəsinə düşən vəzifə borcunu layiqincə yerinə yetirib. Kitabda müstəntiq İkram Kərimovun peşəkarlığı haqqında çox dəyərli fikirlərlə tanış olmaq mümkündür. Həmkarlarından biri isə onun əzmkarlığını, müşahidə qabiliyyətini və peşə bacarığını xarakterizə edən maraqlı bir ifadə işlədir: “Əgər cinayət hadisəsi baş verən yerin üstündən hansısa bir quş uçubsa, müstəntiq İkram Kərimov o quşu da tapıb ifadəsini alacaqdır...”

Məhz peşəsinə vurğunluğu, istedadı, bacarığı səbəbindən dəfələrlə SSRİ Baş prokuroru məşhur R.A.Rudenkonun (o, Nürnberq prosesində SSRİ-ni təmsil edən Baş ittihamçı olub) xüsusi tövsiyə məktubları ilə İkram Kərimovun istintaq təcrübəsi  keçmiş İttifaq miqyasında və respublikada yayılıb, konkret cinayət işlərinin istintaqına görə növbədənkənar rütbələr verilib, mükafatlara layiq görülüb.

Oxucular üçün maraqlı olacağını nəzərə alıb, daha bir ibrətamiz parçanı təqdim etmək yerinə düşərdi. Kitaba Azərbaycan KP MK-nın 1975-ci il iyul Plenumundan sitat daxil edilib.  Plenumda məruzə ilə çıxış edən Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev deyir: “...Kadrlara qara yaxılmasına, onların ləkələnməsinə, namuslu adamlara böhtan yağdırılmasına heç bir vəchlə yol vermək olmaz. Təəssüf ki, bizdə bu cür faktlar vardır...  Elə adamlar tapılır ki, onlar kimdənsə qisas almağa çalışırlar, hər cür uydurmalara yol verirlər, faktları təhrif edirlər, faktlara yalandan don geydirirlər, böhtan xarakterli imzasız məktublar yazıb göndərirlər... ” Daha sonra Heydər Əliyev məsuliyyətə cəlb olunmuş bir sıra vəzifəli adamların adını çəkərək  fikrini belə yekunlaşdırır: “Qoy heç kəs ümid etməsin ki, böhtan, yalan, kadrlarımıza etimadı sarsıtmaq cəhdi kimin üçünsə cəzasız qalacaqdır...” 

Məruzədə adları şəkilən şəxslərin əməli barədə müəllif sonra ətraflı yazılır. Məlum olur ki, plenumdan əvvəl həmin adamların neqativ əməllərinin aşkara çıxarılması üçün Respublika Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi gənc İkram Kərimov uzun müddət çox əziyyətlərə qatlaşaraq, böyük istintaq məharəti və peşə ustalığı göstərərək, zərrə-zərrə topladığı dəlil-sübutlarla həmin anonimçini, böhtançını, şantajçını tam ifşa edə bilmişdir. Və bütün bu mürəkkəb proseslərdə o məhz respublika rəhbərliyinin siyasi iradəsinə, ədalətin zəfər çalması naminə apardığı prinsipial mübarizənin məntiqi nəticələrinə arxalanmışdır. Və respublika rəhbərinin plenumda dediyi sözlər həm də hüquqşünasın zəhmətinə verilən yüksək qiymət idi...  

Hadisələrin üstündən uzun zaman keçsə də, İkram Kərimovun istintaqını apardığı bu və digər cinayət işləri barədə yazdıqları böyük istedadla qələmə alınmış gözəl bədii əsər, dəyərli roman qədər maraqla oxunur. Bütün həyatı bir “film kimi” keçən müstəntiqin həssas müşahidə qabiliyyəti, diqqətcilliyi, ən xırda, ilk baxışda əhəmiyyətsiz kimi görünən detallar belə onun sərrast nəzərlərində sübut üçün zəruri əhəmiyyət kəsb edən dəlilə çevrilir. Kitab  dərin məntiqi təfəkkürə və həssas duyğulara malik təcrübəli bir hüquqşünasın son dərəcə səmimiyyətlə, dəqiq, səlis, ardıcıllıqla qələmə aldığı qiymətli mənbədir. Məşhur müstəntiqin adicə bir quru budağın vasitəsilə böyük bir ölüm işinin üstünü açması, axtarış tədbirləri zamanı tək  bircə sübut faktının əldə edilməsi üçün aylarla müxtəlif bölgələrdə, başqa respublikalarda səfərlərdə olması, səriştəli istintaq hərəkətləri sayəsində dəmir məntiq əsasında, faktların, mülahizələrin, fikirlərin tutuşdurulması və müqayisəsi yolu ilə dindirmələr zamanı cinayəti məhz kimin, hansı şəraitdə və nə səbəbə törətməsini fəhmlə müəyyən etməsi barədə epizodlar maraqla oxunur. Ümumiyyətlə, kitabdakı çoxlu sayda kriminal hadisələr, cinayət işləri ilə bağlı epizodlar əsərin oxunaqlığını və əhəmiyyətini artırır (“Pikə xalanın ölümü”, “Gözündən güllə ilə vurulan qız”, “Erməni qadın Marqonun həbsi” və s.). Cinayət işlərinin istintaqı prosesinə dair belə maraqlı faktiki materiallar toplusu oxucunu daim öz cazibəsində saxlaya bilir: “Sənədsiz şiferlərin alınması”, “Xəstə qızın ata və anasını öldürməsi”, “Lalın dilini anası bilər”, “Nadir üsulla törədilən cinayət”, “Həbs etdiyim məhbusla yoldaşlığım”, “Hil kəndindən olan qızın taleyi”, “Suda boğulan şəxsin meyidinin qaçırılması”, “Dələduzun aqibəti”, “Katibə qızın SSRİ Baş Prokurorunun qəbuluna düşməsi”, “Dəvəçi işi” və digər yazılar istedadla qələmə alınmış real həyat gerçəkliklərini əks etdirən oçerk və məqalələrdir. Müəllifin bacarığı, intellekti, peşəkarlığı hər sətirdə özünü göstərir. Onlarda ibrətamiz tövsiyələr, həyat təcrübəsindən irəli gələn məsləhətlər yer alır: “Tale heç kimə məhbəsə getmək yolunu tutub, ailəsini kədərləndirməyi qismət etməsin”;  “İnsanların dedi-qodu ilə məşğul olmalarının, şayiə yaymalarının, həyat tərzinin bu iyrənc üsulundan zaman-zaman əl çəkməmələrinin çox insanların taleyində dərin kədərli iz buraxmasıdır... Xeyli insan əsası olmayan söz-söhbətlərin qurbanı olur... Mənbəyi olmayan məlumatların yayılmasının daşıyıcısı olmaq heç bir insana şərəf gətirmir. “Deyirlər” ifadəsinə tənqidi yanaşmaq lazımdır. “Deyirlər” sözü cəm haldadır. Soruşan yoxdur ki, bu “deyənlər” kimlərdir?.. Burada alman filosofu Hegelin kəlamı yada düşür: “İnsanın ağlı, düşüncəsi, təfəkkürü inkişaf edibsə, o öz işləri ilə məşğul olur. Yox, inkişaf etməyibsə, o daim başqalarının işi ilə məşğuldur, başqalarının işinə qarışır”...”

Kitabın qiymətli cəhətlərindən biri də odur ki, müəllif təcrübədən irəli gələn faktları və hadisələri göstərməklə yanaşı, həm də hüquqşünas peşəsi ilə bağlı nəzəri əsaslar üzrə fikir və mülahizələrini də oxucu ilə bölüşür. Bu mülahizələrini təcrübəli hüquqşünas daha çox gənc hüquqşünaslara tövsiyə kimi təqdim edir, məsləhət verir: “Müstəntiq istintaq etdiyi cinayət işinin səmtini düzgün müəyyənləşdirməlidir.”

Belə ibrətli fikir-düşüncələrə kitabda çox rast gəlmək olar. Yetər ki, təmkinlə və diqqətlə mütaliə edəsən. Odur ki, görkəmli hüquqşünas İkram Kərimovun “Zirvədən zirvəyə...” kitabını istər geniş oxucu kütləsi üçün, istərsə də peşəkar hüquqşünaslar üçün zəngin məxəz sayaraq, onu oxumağı  və bəhrələnməyi faydalı hesab edirik.

Akif ƏLİ,
Yazıçı-publisist, fəlsəfə doktoru, Əməkdar jurnalist

Son xəbərlər