21/10/2018 08:31
728 x 90

Prezident şəhər avtosərnişin nəqliyyatında köklü islahatların yolunu açdı

“Şəhər nəqliyyatı dövlət idarəçiliyinə verilə bilər”

img

Azər Allahverənov: “Mütləq şəkildə istismara yararlı avtobuslar xəttə buraxılmalı, digər tərəfdən, avtobusları idarə edən şəxslər kifayət qədər hazırlıqlı və peşəkar olmalıdırlar”

 

“Avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində deyib.

İlham Əliyev son zamanlar faciəvi nəticələrə səbəb olan yol qəzalarına da toxunub: “Nəyə görə? Çünki sükan arxasında oturan öz məsuliyyətini dərk etmir. Onun psixoloji, narkoloji durumuna, peşəkarlığına lazımi qaydada nəzarət olunmur, sadəcə olaraq pul naminə. Şirkətə pul lazımdır. Ona görə də bədbəxt hadisələr baş verir”. Prezident hüquq-mühafizə orqanlarına belə hallara çox ciddi reaksiya verməyi və belə hallara nəzarət etməyi tapşırıb: “Bəzi hallarda bu hadisəni törədənlər müəyyən müddətdən sonra məsuliyyətdən yayınırlar. Ona görə buna son qoymaq üçün müvafiq qurumlar tərəfindən çox ciddi təftiş aparılmalıdır. Avtobus qatara çırpılır, günahsız insanlar həlak olur. Avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir. Avtobusların texniki parametrləri ilə bağlı çox ciddi təftiş aparılmalıdır. Mən bir daha demək istəyirəm, əfsuslar olsun ki, özəl sektor bu sahədə istədiyimizə nail ola bilmədi. Bu sahə, ümumiyyətlə, özəl sektorun ixtiyarına buraxılmışdı. Belə bir fikir var idi ki, onlar bunu yaxşı idarə edəcəklər, məsuliyyətlə. Amma biz nəyi görürük? Gedirlər sıradan çıxmış, sınıq-salxaq avtobusları gətirib salırlar bizim küçələrimizə. Həm insanlar, həm hava üçün təhlükədir, həm də ümumiyyətlə, heç bir normaya sığmır. Əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində çox ciddi dəyişiklik etməlidirlər və dövlət orqanları onlara çox ciddi nəzarət etməlidir”.

Ekspertlərin fikrincə, şəhər nəqliyyatı özəl sektora deyil, dövlətə həvalə olunarsa, o zaman yol-nəqliyyat hadisələrinin sayı azalar. Çünki avtobusları idarə edən sürücülər hər hansı bir yoxlanışdan keçmirlər.

Ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bir sıra xarici ölkələrdə ictimai nəqliyyat bütövlükdə dövlətin idarəçiliyi altında idarə olunur. Azərbaycanda isə vəziyyət fərqlidir: “Bizdə şirkətlər qarşısında təhlükəsizliklə bağlı tələb qoyulur. Təəssüf ki, şirkətlər avtobusların təhlükəsiz şəkildə idarə olunması, sürücü seçimləri, istismara yararlı olan avtobusların xəttə buraxılması ilə bağlı tələbləri pozmuş olurlar. Prezident çıxışı zamanı qeyd etdi ki, bəzi şirkətlər gəlirləri barədə düşündüyü üçün, sınıq-salxaq avtobusları xəttə buraxırlar. Mütləq şəkildə istismara yararlı avtobuslar xəttə buraxılmalı, digər tərəfdən, avtobusları idarə edən şəxslər kifayət qədər hazırlıqlı və peşəkar olmalıdırlar. İşə götürülən sürücülər peşəkar olmaqla yanaşı, tibbi nöqteyi-nəzərdən də sağlam olmalıdırlar. Müəyyən tələblər var ki, sürücülərin işə qəbulunda buna əməl olunmalıdır. Spirtli içki qəbul etməməli, narkoloji asılılığı olmamalı, psixoloji durumu normal səviyyədə olmalıdır. İşə götürülən şəxsin keçmiş təcrübəsi nəzərə alınmalıdır. Özəl şirkətlər işə götürdükləri sürücülərdə bu amillərə xüsusi diqqət yetirməlidirlər. Ancaq özəl şirkətlərə məxsus avtobuslarda xoşagəlməz vəziyyət yaşanır. Hətta həmin sürücülərin avtobusda etdiyi xoş olmayan hərəkətlərlə bağlı video sərnişinlər tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanır. Bu səbəbdən də hesab edirəm ki, avtobus sürücülərinin peşəkarlığı daim diqqət mərkəzində saxlanmalıdır”.

Həmsöhbətimiz hesab edir ki, şəhər nəqliyyatı dövlət idarəçiliyinə verilə bilər.

Günel CƏLİLOVA

Son xəbərlər