17/12/2018 09:55
728 x 90

Ortaq türk universitetinin yaradılması təklifi yenidən gündəmdə…

img

İlhamə Qəsəbova: “Ortaq türk universitetinin yaradılması ideyası çox gözəldir”
Hafiz Cabbarov: “Bu çox səmərəli təklifdir”

 

Bu gün Türk dünyasını ən çox ilgiləndirən bir sıra məsələlər var ki, onların uğurlu həllinə ehtiyac var. Ortaq tarixi, ortaq dəyərləri, ortaq mədəniyyəti bölüşdüyümüz türk xalqları ilə bizi əməl birliyi də yaxınlaşdırır. Uzun müddətdir ortaq türk dili məsələsi gündəmdədir. Bundan başqa, “Ortaq türk tarixi” dərsliyi də hazırlanıb. Ümumiyyətlə, son zamanlar türk birliyi ilə bağlı ictimai, siyasi, mədəni müstəvidə saysız iş görülüb, layihələr həyata keçirilib.

Son zamanlar ortaq türk universitetinin yaradılması təklifi gündəmə gəlib. Bildirək ki, burada ideya müəllifi kimi Azərbaycan çıxış edir.

Ekspertlərin qənaətinə görə, Azərbaycan alimlərinin, fikir adamlarının ortaq türk universitetinin açılması ilə bağlı irəli sürdükləri təkliflər əsassız deyil. Onlar qeyd edirlər ki, Azərbaycan tarixən Türk dünyasının ideya, beyin mərkəzi olub və türk birliyi ilə bağlı bir sıra mesajlar Türk dünyasına Bakıdan verilib. Ekspertlərin bildirdiyinə görə, 1926-cı ildə bütün Türk dünyasının iştirakı ilə Bakıda keçirilən I Türkoloji Qurultayda türk birliyi ilə bağlı bir sıra əsas qərarlar qəbul edilib.

Ortaq türk universitetinin yaradılmasını, özü də Bakıda fəaliyyət göstərməsini vacib sayan mütəxəssislərin sözlərinə görə, bu ali məktəb fəaliyyətə başlayarsa, Türk dünyasını dərindən öyrənmək, onun dünya mədəniyyətində, tarixində oynadığı rolu təbliğ etmək, gənc nəslə çatdırmaq mümkün olacaq.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Bakı-Xəbər”ə bildirdi ki, bu gün müxtəlif türk respublikalarında ayrı-ayrı ali məktəblər olsa da, o ali məktəblərdə türk tarixi, ədəbiyyatı, mədəniyyəti və s. öyrənilsə də, yenə də ayrıca ali məktəbin yaradılmasına ehtiyac var. O hesab edir ki, ortaq türk universiteti yaranmalıdır və onun fəaliyyəti türk birliyini daha da möhkəm edəcək: “Ortaq türk universitetinin yaradılması ideyası çox gözəldir. Bu fikri bir elm adamı kimi çox bəyənirəm. Əslində, ortaq türk universiteti yaratmaq türk gənclərinin intellektində, dünyagörüşündə və təhsilində yüksək rol oynaya bilər. Çünki Türkiyədə və digər türkdilli ölkələrdə təhsil almaq üçün ora çoxlu sayda gənc gedir. Təhsildə də, elmi yüksəlişdə də, kadr hazırlığında da mühüm rol oynayacaq bir fikirdir, onu alqışlayıram. Bu, universitetlərarası inteqrasiya və təhsilin möhkəmlənməsi üçün vacibdir”.

Ortaq türk tarixi ilə bağlı araşdırmalar müəllifi, tarixçi Hafiz Cabbarov da bizimlə söhbətində ortaq türk universitetinin yaradımasının zamanın tələbinə çevrildiyini bildirdi. Onun sözlərinə görə, ortaq türk universitetinin yaradılması ilə bağlı təklif  böyük səmərə verəcək: “Düşünürəm ki, bu çox səmərəli təklifdir. Ümumiyyətlə, istənilən birliyin yaranması ideyası meydana gəldikdə əvvəlcə onun təməli qoyulmalıdır. Bu təməl nə qədər möhkəm olarsa və müqəddəs dəyərlərə əsaslanarsa, o birliyin gələcəyi də bir o qədər yaxşı və türk xalqı üçün faydalı olar. Hesab edirəm ki, ən sağlam özül təhsil üzərində qurulmalıdır. İlk olaraq bu fikri beyinlərdə, şüurlarda, düşüncələrdə yaratmalıyıq. Bilirik ki, universitetlər də hələ orta əsrlərdən düşüncə mərkəzi olub. Bu baxımdan, İsmayıl bəy Qaspralının dediyi kimi, dildə, işdə, əməldə birliyə nail olmalıyıq. Biz ortaq dil yaradarkən dil birliyini, universitet qurarkən, ortaq türk ədəbiyyatı və tarixi yazarkən fikir birliyini ortaya qoya bilərik. Çünki biz bununla işdə birlik ideyasını gerçəkləşdirə bilərik”.  

İradə SARIYEVA

Son xəbərlər