17/12/2018 10:01
728 x 90

ABŞ NASA dünya kosmik tədqiqatlar prosesində Azərbaycanın roluna böyük qiymət verdi – Şamaxı Rəsədxanası...

“Bütün hallarda, Şamaxı Rəsədxanasından əldə edilən məlumatların NASA-da istifadə edilməsi müsbət göstəricidir”

img

Cahid İsmayıloğlu: “Bu həm də informasiya təhlükəsizliyi problemini həll edir”

 

Şamaxı Rəsədxanasından əldə edilən məlumatlar Günəşin tədqiq olunması üçün ABŞ-ın Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) tərəfindən istifadə olunur. Bunu mətbuata açıqlamasında NASA-nın Günəş-Yer fizikası departamentinin rəhbəri Nat Qopalsvami deyib.

Onun sözlərinə görə, Şamaxı Rəsədxanası NASA-nın məlumat əldə etdiyi bir çox astronomiya komplekslərindən biridir: “Əldə olunan məlumatlar Günəşin öyrənilməsi üçün istifadə olunur. Azərbaycan inkişaf etmiş kosmik sahəsi olan ölkələr arasına uğurla daxil olub. Kosmos bizi birləşdirir və mən hesab edirəm ki, Azərbaycanın təşəbbüsü xüsusilə faydalıdır”.

N.Qopalsvami bildirib ki, Azərbaycan Kosmik hava beynəlxalq təşəbbüsünə 2005-ci ildə qoşulub və konfrans və seminarlarda fəal iştirak edir. Ümumilikdə, bu təşəbbüsdə 80 ölkə yer alır: “Azərbaycan kosmik sahədə yaxşı nəticələrə nail olub və ölkənizdə bu sahədə həyata keçirilən işlər dünya standartlarına cavab verir. Mən hesab edirəm ki, bu istiqamətdə Azərbaycan daha da irəliləyiş əldə edəcək”.

Ümumilikdə, Azərbaycan ABŞ-ın NASA strukturları ilə sıx elmi əlaqələr qurub və bu əlaqələri daha da möhkəmləndirmək niyyətindədir. Bu gün Azərbaycan kosmik klubun üzvüdür. NASA tərəfindən Azərbaycanın kosmosda əldə etdiyi məlumatlardan istifadə olunması mühüm göstəricidir.

Maraqlıdır, bəs ekspertlər bütün bunları necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən İKT sahəsi üzrə ekspert Cahid İsmayıloğlunun sözlərinə görə, bu, Azərbaycanın kosmik klubun üzvü olması ilə bağlı ciddi dəyərləndirmədir: “Bütün bunlar onu göstərir ki, Azərbaycanın bu yöndə araşdırmaları ciddi qəbul olunur. Nəzərə almaq lazımdır ki, Azərbaycan kosmosa 3 peyk göndərib. Bunun müəyyən iqtisadi əhəmiyyəti var. Eyni zamanda, həmin peyklərin bir əhəmiyyəti də ondan ibarətdir ki, müstəqil şəkildə təhlükəsizlik problemini həll edir. Həm də informasiya təhlükəsizliyi problemini həll edir. Azərbaycan hələ peykin xidmətlərindən tam şəkildə istifadə etməsə də, bunun perspektivləri böyükdür. Hələlik peykdən telekommunikasiya istiqamətində istifadə olunur. Bütövlükdə, peykin xidmətlərindən bütün istiqamətlərdə istifadə etmək olar. Kənd təsərrüfatından tutmuş, tədqiqat elm sahəsində bu xidmətlərdən istifadə etmək olar. İndi isə bunun əsas istiqaməti iqtisadi yönümlüdür. Bütün hallarda, Şamaxı Rəsədxanasından əldə edilən məlumatların NASA-da istifadə edilməsi müsbət göstəricidir. Başqa bir tərəfdən, Şamaxı Rəsədxanasının coğrafi mövqeyi daha çox əhəmiyyətlidir”.

Vidadi ORDAHALLI 

Son xəbərlər