17/12/2018 09:54
728 x 90

Orta məktəb müəllimləri şagirdləri bəzi dərslik və müəlliflərə tərəf yönəldirlər

Şagirdlərə yük edilən əlavə tədris vəsaitləri - test tapşırıqları, çalışmalar...

img

Bəzi müəlliflərin əlavə vəsaitləri şagirdlərə məcburi qaydada aldırılır
Kamran Əsədov: “Müəllimlər test tapşırıqları, yaxud da müxtəlif vəsaitlər hazırlayan müəlliflərlə əməkdaşlıq etmirlər, onlar bu vəsaitlərin satıldığı mağazalarla əlbir işləyirlər”
“Müəllim məktəbin yaxınlığındakı kitab mağazaları ilə danışır ki, mən öz şagirdlərimi sizin yanınıza əlavə vəsaitlər almağa göndərəcəyəm, onun qiyməti 3 manatdırsa, siz onlara 5 manata satın”
“Əlavə vəsaitlər şagirdə lazım olsaydı, Təhsil Nazirliyi onu dərsliyə daxil edərdi, demək, lazım deyil”

 

Hər yeni tədris ilində onsuz da ağır olan tədrsis proqramı daha da ağırlaşır. Orta ümumtəhsil məktəblərində şagirdlərin istifadə etdikləri dərs vəsaitlərindən, iş dəftərlərindən əlavə onlara müxtəlif müəlliflərin ayrı-ayrı fənlər üzrə tərtib etdikləri test tapşırıqları da verilir. Şagirdlər o test tapşırıqlarını yerinə yetirdikdən sonra müəllim onların biliyini qiymətləndirir.

Onu da vurğulayaq ki, bəzi hallarda test tapşırıqlarındakı suallar keçilməyən mövzularla bağlı olur. Bu da şagirdi, istər-istəməz, çaş-baş salır. Bu gün orta ümumtəhsil məktəblərində müəllimlər şagirdlərin qarşısına tələb qoyurlar ki, valideynləriniz filan müəllifin test sullarını, kitabçalarını almalıdırlar, başqa müəllifin vəsaitlərini almayın.

Qeyd edək ki, bir sıra təhsil mütəxəssislərinin bildirdiyinə görə, müəllimlərin orta məktəblərdə dərs vəsaitlərindəki çalışma və tapşırıqların azlığını bəhanə gətirilərək, şagirdlərdən əlavə testlər və s. almağı tələb etməsi doğru deyil. Mütəxəssislərin fikrincə, müəllimlərin şagirdlərə və valideynlərə qarşı “filan müəllifin vəsaitlərini alın” tələbini irəli sürməsi düzgün deyil. Ümumiyyətlə, bunun qanunazidd olduğunu deyən ekspertlərin fikrincə, müəllimlərin israrı doğru deyil. Onlar hesab edirlər ki, şagirdlərə konkret müəlliflərin əlavə dərs vəsaitlərini almağı məsləhət görən müəllimin burada məqsədi gəlir əldə etməkdir. Yəni müəllim ya vəsait müəllifləri, ya da kitab satış mağazaları ilə danışır və şagirdləri ora yönəltməklə qazanc əldə edir. Ekspertlər qeyd edirlər ki, tərtib etdikləri vəsaitlər müəllimlər tərəfindən hədsiz dərəcədə reklam edilən müəlliflərin heç biri Təhsil Nazirliyinin mövcud dərslik müəllifləri deyil, onlar müxtəlif nəşriyyatlarla işləyən şəxslərdir. Mütəxəssislərin bildirdiyinə görə, o insanların tərtib etdikləri dərsliklər elə də keyfiyyətli deyil, sadəcə onların reklamı aparılır.   

Onu da vurğulayaq ki, əlavə dərs vəsaitlərinin qiymətləri elə də ucuz deyil. Bir şagird təkcə riyaziyyat və Azərbaycan dili üçün müxtəlif vəsaitlər almalıdır, bu da ailə büdcəsinə kifayət qədər zərər vurur. Bu öz yerində. Müəllimlərlə bəzi müəlliflərin əlbir olaraq şagirdlərə müxtəlif test tapşırıqları satması anormal haldır.

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri Kamran Əsədov bizimlə söhbətində bildirdi ki, Azərbaycanda orta ümumtəhsil məktəbləri şagirdləri üçün dərs vəsaitləri dövlət hesabına çap olunur və şagirdlərə pulsuz verilir. Əlavə vəsaitlərin müəllimlərin gəlir yeri olduğunu deyən K.Əsədov hesab edir ki, bu cür vəsaitlərə, əslində, şagirdin ehtiyacı yoxdur. K.Əsədovun sözlərinə görə, dövlət tərəfindən çap edilərək şagirdlərin istifadəsinə verilən həmin dərs vəsaitlərində şagirdin keçdiyi mövzunu mənimsəməsi üçün bütün suallar və tapşırıqlar var. O, həmçinin, qeyd etdi ki, dünya təcrübəsində iş dəftəri kimi əlavə vəsaitlər yoxdur. Bu, şagirdlərin əlavə yüklənməsinə səbəb olur. K.Əsədovun bildirdiyinə görə, “Təhsil haqqında” Qanunda  göstərilir ki, orta ümumtəhsil məktəblərində Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dərsliklərdən başqa digər resurslardan istifadə etmək olmaz: “Yəni nazirlik tərəfindən təsdiq olunmamış vəsaitlərdən istifadə edilməsi tövsiyə edilmir. Ancaq bu fənləri tədris edən müəllimlər istəyirlər ki, onların keçdiyi fənn şagirdlər tərəfindən daha yaxşı mənimsənilsin və bu səbəbdən də əlavə vəsaitlərdən istifadə edirlər. Bu da tövsiyə xarakterlidir, bu işdə məcburiyyət ola bilməz. Çünki Təhsil Nazirliyi dərsliyi tərtib edərkən, standartları müəyyənləşdirərkən 45 dəqiqəni tam əhatə edə bilir. Yəni nazirlik 45 dəqiqə ərzində şagirdlərin işləməli olduğu məsələlərin, çalışmaların, mövzuların sayını müəyyənləşdirir. Müəllimlər şagirdlərə həmin ağır materialları ona görə aldırırlar ki, şagirdlər onları yerinə yetirə bilməsin və nəticədə repititor olaraq müəllimə müraciət etsinlər. Dövlət özünün tərtib etdiyi dərslikdə mövzunun mənimsənilməsi üçün bütün üsulları tətbiq edir. Bunun nə dərəcədə özünü doğruldub-doğrultmaması ikinci məsələdir. Ancaq qeyd etdiyimiz əlavə resurslar şagirdlərə ibtidai sinifdə alınır. Valideynlər də övladlarının daha yaxşı təhsil alması üçün həmin resursları alırlar. Bilirsiniz, hanısa bir müəllifin əlavə test tapşırıqları və s. resursları şagirdlərə məcbiri qaydada aldırıla bilməz. Dərs prosesi zamanı müəllim iş dəftərinin, eləcə də başqa test tapşırıqlarının üzünü çıxarıb şagirdlərə paylamalıdır ki, şagirdlər onu işləsinlər. Bilirsiniz, müəllimlər test tapşırıqları, yaxud da müxtəlif vəsaitlər hazırlayan müəlliflərlə əməkdaşlıq etmirlər, onlar bu vəsaitlərin satıldığı mağazalarla əlbir işləyirlər. Biz bu hala daha çox rus bölməsində rast gəlirik. Müəllim məktəbin yaxınlığındakı kitab mağazaları ilə danışır ki, mən öz şagirdlərimi sizin yanınıza əlavə vəsaitlər almağa göndərəcəyəm, onun qiyməti 3 manatdırsa, siz onlara 5 manata satın. Müəllim şagirdlərə satılan əlavə vəsaitlərdən özünə gəlir götürür. Təəssüf ki, bu hal var. Bilirsiniz, əlavə vəsaitlər şagirdə lazım olsaydı, Təhsil Nazirliyi onu dərsliyə daxil edərdi, demək, lazım deyil. Bu, şagirdin artıq dərəcədə yüklənməsinə səbəb olur”.

İradə SARIYEVA 

Son xəbərlər