18/11/2018 06:31
728 x 90

Təhsilimizin ağır bir probleminin həlli başlayır – ibtidai sinif şagirdlərinin dərslik yükü yüngülləşdirilir...

“Dərs yükünün azaldılması dedikdə burada əsasən paraqrafların həcminin azaldılması, mövzuların sadələşdirilməsi, KSQ və BSQ imtahanların ləğv edilməsi, yaxud sayının azaldılması nəzərdə tutulur”

img

Kamran Əsədov: “Dərs yükünün ağır olması nəticədə təhsilin səviyyəsini aşağı salırdı” 

 

Orta ümumtəhsil məktəblərinin ibtidai siniflərində dərs yükünün ağırlığı, dərsliklərdə paraqrafların çoxluğu, eləcə də tez-tez kiçik və böyük summativlərin keçirilməsi şagirdlərin dərsləri mənimsəməsində ciddi problemlər yaradırdı. Dərsliklərin həddən artıq yüklənməsi ibtidai sinif şagirdlərini yorur, onların dərslərə həvəsini azaldırdı.

Bildiyimiz kimi, ibtidai sinflərdə 11 fənn tədris edilirdi ki, bunun da şagirdlərin psixikasına mənfi təsirləri az olmurdu. Dəfələrlə təhsil mütəxəssisləri ibtidai sinif şagirdlərinin dərs yükünün ağır olmasından, dərsliklərin həddən artıq mövzularla yüklənməsindən danışır, problemlərdən çıxış yolları arayırdılar.

2018-2019-cu tədris ilində orta ümumtəhsil məktəblərində bir sıra yeniliklər baş verəcək. Onlardan biri də ibtidai siniflərin dərs yükünün azaldılması ilə bağlıdır.

Təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib ki, bu ildən ibtidai siniflərin dərs yükü azaldılacaq ”Məktəbə vaxtında getmək təhsilin vacib göstəricisidir. 2012-ci illə müqayisədə bu göstərici yaxşılaşıb. O zaman məktəbə vaxtında getmək yaşında 12 faiz gecikmə var idi, hazırda bu, 6 faiz civarındadır” - deyə bildirən nazir şagirdlərin dərs yükünün azaldılması istiqamətində intensiv işlər aparıldığını qeyd edib: “Təhsil Nazirliyi tərəfindən məktəbdaxili qiymətləndirmə qaydaları layihəsi hazırlanıb. Nazirliyin kollegiya iclasında layihənin geniş müzakirələri keçiriləcək. Sonra yekun qərar veriləcək. Yeniliklərə əsasən, şagirdlərin dərs yükü, xüsusilə ibtidai sinif şagirdlərinin dərs yükündə kifayət qədər azalma nəzərdə tutulub”.

İbtidai siniflərdə dərs yükünün azaldılması nələrin hesabına mümkün olacaq? 

Tarix üzrə fəlsəfə doktoru, tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ibtidai siniflərin dərs yükünün azaldılması ilə bağlı qərar çox müsbətdir. O hesab edir ki, bu, şagirdlərin dərslərə daha böyük maraq və məsuliyyətlə yanaşmasına stimul verəcək. “Bilirsiniz ki, indiyə qədər orta ümumtəhsil məktəblərində fənlərin sayı 11 idi. Ancaq dünyada qəbul edilən normalara görə fənlərin sayı 9 olmalıdır. Buna baxmayaraq, bizdə həm fənlərin sayı, həm də fənlər üzrə informasiya yükü hədsiz dərəcədə çox idi. Bir səhifədə olan informasiya 27-29 işarədən çoxdur ki, bu da dünyada qəbul edilən normalardan artıqdır. Dünyada qəbul eilmiş qaydalara əsasən, bir səhifədə ifadə sayı şagirdlərin yaş xüsusiyyəti və psixologiyasına uyğun olaraq 12-14 arasında dəyişməlidir. Bu ilə qədər Təhsil Nazirliyi dərslikləri sifariş əsasında hazırladırdısa, artıq ibtidai siniflər üçün dərslikləri Təhsil Nazirliyinin nəzdində yaradılan dərslik müəlliflər qrupu yazacaq. Bundan sonra dərsliklərdə paraqrafların, ifadələrin həcmi, sayı azalacaq. Dərs yükünün azaldılması deyəndə burada ilk növbədə paraqrafların sayının azalması, dərsliklərin sadələşdirilməsi nəzərdə tutulur. Digər tərəfdən də bilirik ki, şagirdlərə KSQ (kiçik summativ qiymətləndirmə), BSQ (böyük summativ qiymətləndirmə ) keçirilirdi. Yəni ibtidai sinif şagirdləri 4 həftədən bir KSQ, 7-8 BSQ yazırdılar. Dərs yükünün azaldılması dedikdə burada əsasən paraqrafların həcminin azaldılması, mövzuların sadələşdirilməsi, KSQ və BSQ imtahanların ləğv edilməsi, yaxud sayının azaldılması nəzərdə tutulur. Dərs yükünün azaldılması bu istiqamətdədir” - deyə bildirən K.Əsədov hesab edir ki, bu addımlar şagirdlərin asudə vaxtının səmərəli təşkil edilməsinə müsbət təsir göstərəcək. Onun sözlərinə görə, şagirdlərin informasiya yükü çox olduğu üçün, onlar dərsi lazımi səviyyədə mənimsəyə bilmirdilər. K.Əsədovun bildirdiyinə görə, dərs yükü o qədər ağır idi ki, hətta o dərslərin öhdəsindən valideynlər də gələ bilmirdilər: “Dərs yükü ağır olduğu üçün valideynlər özləri belə övladlarına kömək edə bilmirdilər. Dərs yükünün ağır olması nəticədə təhsilin səviyyəsini aşağı salırdı. Şagirdlər yorulurdu və asudə vaxtlarını səmərəli keçirə bilmirdilər. Ancaq dərs yükünün sadələşdirilməsi nəticəsində həm şagirdlər asudə vaxtını səmərəli keçirəcək, həm də dərslərin yerinə yetirilməsi kifayət qədər yüngülləşəcək”.

İradə SARIYEVA

Son xəbərlər