18/11/2018 06:29
728 x 90

Gürcüstan plastik paketlərdən imtina gününü dəqiqləşdirdi… biz qaldıq…

img

Telman Zeynalov: “Plastik paketlər həm ətraf mühitə, həm də insan sağlamlığına zərərlidir”
Eyyub Hüseynov: “Kağız və parça torbalara geri dönməliyik”

 

Gündəlik həyatımızda ən çox istifadə etdiyimiz əşyalar plastik məhsullardır. Son illər plastik qablaşdırmadan və paketlərdən istifadə geniş yayılıb. Hazırda, demək olar ki, bir çox qida məhsulları plastik qablaşdırmalarda satılır. Süd məhsullarından tutmuş, gündəlik ərzaq məhsullarına qədər əksər malların satışı plastik qablarda həyata keçirilir. Hətta gündəlik mətbəxdə belə, plastik qablardan istifadə edənlər az deyil. Ancaq plastik əşyaların sağlamlığa zərərli olmasını düşünmürük. Artıq bir sıra ölkələrdə plastik paketlərdən istifadə məhdudlaşır.

Bu il oktyabrın 1-dən etibarən Gürcüstanda plastik paketlərdən istifadə tədricən ləğv olunacaq. Bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, hökumət yaşıl iqtisadiyyat siyasətini aktiv olaraq inkişaf etdirir: “Son illər bütün dünyada plastik qablaşdırma materiallarına qarşı mübarizə aparılır. Ətraf mühitə ən çox plastik paketlər ziyan vurur. Gürcüstanda da bu sahədə ciddi problemlər var. Ona görə də hökumət tərəfindən qəbul olunmuş tənzimləmələrə əsasən, ölkədə oktyabrın 1-dən başlayaraq mərhələli şəkildə birdəfəlik paketlərin istehlakdan maksimum çıxarılması təmin olunacaq”.

Maraqlıdır, analoji addım bizdə də atıla bilərmi?

Ekoloq Telman Zeynalov bildirdi ki, plastik paketlər həm ətraf mühitə, həm də insan sağlamlığına zərərlidir: “Plastik məhsulların çürümə qabiliyyəti yoxdur deyə, onlar torpağın üst qatının aşınmasına, litosferin zədələnməsinə səbəb olur. Ona görə də hazırda, demək olar ki, dünyanın bir çox inkişaf etmiş ölkəsində plastik paketlərdən imtina edilib. Əslində, həmin paketlərin yenidən emala getməsi belə düzgün deyil. Məncə, bu işə tamamilə dövlət səviyyəsində qadağa qoymaq lazımdır. Bu işlə məşğul olan şirkətləri cərimələmək lazımdır. Onlar bu paketlərin insan sağlamlığına zərərli olduğunu bilə-bilə bu məhsulları bazara buraxırlar”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, kağız və parça torbaların istehsalı baha başa gəldiyindən, ticarət obyektləri sellofan qablaşdırmaya üstünlük verirlər: “Polietilen torbaların zərəri təkcə orqanizmimizdə açdığı fəsadlarla bitmir, bizə daha böyük ziyan onların ekologiyaya vurduğu zərərdir. Hər gün milyonlarla paket ekologiyanı çirkləndirir. Polietilen torbaların təkrar istifadəsi qadağan olunsa da, bəzi şirkətlər istifadə olunan paketləri toplayaraq onlardan təkrar istifadə edirlər. Bu torbalara qadağa qoyulması mütləqdir, gələcəyin qorunması üçün vacibdir. İndi bir sıra Avropa ölkələrilə yanaşı, keçmiş sovet respublikalarının bəzilərində sellofan torbalara qadağalar tətbiq edilib.

Bu paketlərin tərkibi çox qarışıqdır, yüzlərlə kimyəvi birləşmənin nəticəsində əldə edilir. Sellofan torbalar insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır. Onlardan imtina edə bilmirsinizsə, o zaman onlardan yararlanarkən öncə etiketinə baxın - yeyinti, yoxsa sənaye məhsulları üçün nəzərdə tutulması barədə qeydə fikir verin. Ola bilər ki, istifadə etdiyiniz polietilen torbadan hər hansı qoxu gəlir, rəngi əlinizə çıxır, o zaman torbadan birdəfəlik imtina edilməlidir. Kağız və parça torbalara geri dönməliyik”.

E.Hüseynov bildirdi ki, Azərbaycanda bu torbalardan imtina hələ real görünmür: "Bu torbalardan imtina etmək üçün gərək onların alternativi olsun. Təəssüf ki, Azərbaycanda alternativ paket istehsalı ilə məşğul olan müəssisələr yoxdur”.

Günel CƏLİLOVA

Son xəbərlər