26/09/2018 05:35
728 x 90

Orta məktəblərimizdə rus sektoruna marağın artım səbəbləri…

“Bu, Azərbaycan bölməsi ilə müqayisədə rus bölməsində təhsilin keyfiyyətinin yüksək olması ilə bağlıdır”

img

Aytəkin Kamranqızı:Azərbaycanda rusdilli vətəndaşların sayı digər ölkələrlə müqayisədə çoxdur

 

Son zamanlar rus dilinə meylin artması tendensiyası müşahidə olunur. Övladlarını birinci sinfə qoyan valideynlərin əvvəlki illərə nisbətən daha böyük hissəsi rus bölməsinə meyllənib. Tələbatın yüksək olması rus bölmələrində yer azlığına da səbəb oldu. Ümumiyyətlə, son illər küçədə, nəqliyyatda, əvvəllər olduğu kimi, rus dilində danışanlara daha intensiv rast gəlinir.

Zaman keçdikcə, rus dili zəifləməkdənsə, əksi baş verdi. Bu gün ölkəmizdə bu dilə həm meyl, həm də tələbat var. İstənilən yaş dövründə olan şəxs böyük həvəslə rus dilində danışmağa üstünlük verir.

Sosioloq Aytəkin Kamranqızı bizimlə söhbətində bildirdi ki, Azərbaycanda rusdilli vətəndaşların sayı çoxdur və rus dilində təhsilə münasibət digər ölkələrlə müqayisədə müsbətdir: “Son illər valideynlərin rus bölməsini seçməsi kəskin şəkildə artıb. Bunun müxtəlif səbəbləri var. İlk olaraq bildirim ki, bu, Azərbaycan bölməsi ilə müqayisədə rus bölməsində təhsilin keyfiyyətinin yüksək olması ilə bağlıdır. Rusdilli məktəblərin, rus bölmələrinin müəllimləri tədrisdə müxtəlif alternativ dərsliklərdən istifadə edirlər. Rus dilində çoxsaylı alternativ dərslik var. Rus dilinə marağın artması bu dildə ədəbiyyatın çoxluğu ilə bağlıdır. Rus dilində ədəbiyyatın çox olması, Azərbaycan dilində kifayət qədər ədəbiyyatın olmaması, bizim dərsliklərdə müəyyən nöqsanların mövcudluğu da səbəblərdən biridir. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var”.

Həmsöhbətimizin sözlərinə görə, hər bir azərbaycanlı uşağın rus dilini bilməsi müsbət hal kimi dəyərləndirilməlidir: "Etiraf edək ki, bəzi ailələr rus dilində təhsilə dəb kimi yanaşır. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu belə deyil. Rus dilini əlavə dil bilmək məqsədilə öyrənmək olar.

Əksər valideyn hesab edir ki, uşağı rus bölməsində oxusa, o, daha keyfiyyətli təhsil alacaq. Həm öz dilini, həm də rus dilini biləcək ki, bu da ona gələcək karyerasını qurmağa kömək edəcək. Əgər biz Azərbaycan bölməsində yüksək səviyyədə təhsil qursaq, şagirdlərə həm də rus və digər xarici dilləri yaxşı öyrətsək, valideynlər Azərbaycan bölməsinə üstünlük verərlər. Digər bir problem isə bizim Azərbaycan dilini lazımi şəkildə təbliğ etməməyimizlə bağlıdır. Valideynlər bilmirlər ki, ana dilindəki keyfiyyətli təhsil uşaqların daxili potensialını daha çox hərəkətə gətirir və qabiliyyətlərini üzə çıxarır. Ana dilində təhsil alan uşağı daha vətənpərvər yetişdirmək olar ki, buna da böyük ehtiyac var”.

Günel CƏLİLOVA

Son xəbərlər