24/09/2018 04:28
728 x 90

Təhsil naziri müəllimliyə meylin artdığını göstərən maraqlı rəqəm çıxardı…

“Müəllimlik elə bir peşədir ki, bu sahəyə hər zaman ehtiyac duyulur və kadrlar iş sarıdan əziyyət çəkmirlər”

img

Məlahət Mürşüdlü:Azərbaycanda təhsilə önəm verilir, bu səbəbdən də ölkəmizdə müəllimlik peşəsinə xüsusi qayğı göstərilməsi davam edəcək”

 

İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Bütün dövrlərdə müəllim peşəsinin əhəmiyyəti, şərəfliliyi barədə müdrik kəlamlar söyləyiblər. Bu səbəbdən də müəllim peşəsinə hər zaman hörmət göstərilib. Elə dövlətimiz tərəfindən də təhsil işçilərinə xüsusi qayğı və diqqət göstərilir. Müəllim peşəsinə olan hörmət sayəsində gənclər arasında pedaqoq olmaq istəyənlər ildən-ilə artır.

Təhsil naziri Ceyhun Bayramov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ənənəvi sentyabr konfransındakı çıxışında bildirib ki, bu il 2090 nəfər yüksək bal toplayaraq, ilk ixtisas kimi müəllimlik ixtisasını seçib. Bu da ötən illə müqayisədə 53,6 faiz çoxdur. 

C.Bayramovun sözlərinə görə, qəbul imtahanlarının nəticələrinə əsasən, müəllimlik ixtisasına marağın artdığı müşahidə edilir: “İki il bundan əvvəl yalnız bir nəfər 500 baldan yüksək bal toplayaraq, ibtidai sinif müəllimi ixtisasını seçmişdi, bu il 235 abituriyent bu ixtisası seçib”.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, müəllimlik şərəfli peşədir: “Ötən illərdən fərqli olaraq, artıq yüksək bal toplayanlar pedaqoq olmaq istəyirlər. Bu tendensiya getdikcə artır. Müəllimlik peşəsinə marağın artması olduqca müsbət haldır”.

Həmsöhbətimizin sözlərinə görə, orta məktəblərdə proqramların dəyişməsi, müəllimlərin məvacibinin artması, eyni zamanda, pedaqoqlara verilən imtiyazlar sayəsində onlar öz peşəsinə daha yaradıcı yanaşırlar: “Müəllimlər repititor fəaliyyəti ilə məşğul olmaq imkanına malikdirlər. Repititor kurslarında müəllimlər həm öz peşəkarlıq səviyyələrini yüksəldir, həm də maddi durumlarını yaxşılaşdırırlar”.

M.Mürşüdlü bildirdi ki, müəllimlik elə bir peşədir ki, bu sahəyə hər zaman ehtiyac duyulur və kadrlar iş sarıdan əziyyət çəkmirlər. Pedaqoqların iş sarıdan əziyyət çəkməməsi gənclərin qeyd olunan sahəyə maraq göstərməsinə səbəb olur: “Nəzərə almaq lazımdır ki, Azərbaycanda təhsilə önəm verilir. Bu səbəbdən də ölkəmizdə müəllimlik peşəsinə xüsusi qayğı göstərilməsi davam edəcək”.

Günel CƏLİLOVA

Son xəbərlər