25/09/2018 21:49
728 x 90

Bakıda 3-cü Beynəlxalq Elm Festivalı - Azərbaycan elmi problemlərdən yaxa qurtara bilmir…

İlqar Orucov: “Hər zaman qeyd edirik ki, fundamental elmlər, xüsusən də dəqiq elmlər sahəsində dünya elmində Azərbaycanın mövqeyi qənaətbəxş deyil”

img

“Xüsusilə də dəqiq elmlər sahəsində elmimizdə xeyli çatışmazlıq, geriliklər var”
“Elm Festivalı kimi aksiyaların Azərbaycan elminin inkişafına müsbət təsir göstərəcəyinə inanmıram”

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə bu ilin oktyabr ayının 9-dan 30-dək Bakıda III Beynəlxalq Elm Festivalı keçiriləcək. Artıq üçüncü dəfədir keçiriləcək Elm Festivalı haqqında elmi ictimaiyyət arasında birmənalı fikir yoxdur. Sirr deyil ki, bu gün Azərbaycan elmi, xüsusən də texniki, tətbiqi elm sahəmiz dünya elm aləmində öz boyu ilə görsənə bilmir.

Bu gün Azərbaycanda Milli Elmlər Akademiyası və onun müvafiq elmi-tədqiqat institutlarının mövcud olmasına, eləcə də ayrı-ayrı elmi mərkəzlərin fəaliyyət göstərməsinə baxmayaraq. Azərbaycanın texniki elmi müasir dünyada öz sözünü deyə bilmir. Halbuki, vaxtilə Azərbaycan texniki elmində çox görkəmli simalar və onların yaratdıqları məktəblər olub. Təəssüf ki, biz onların çağdaş  davamçılarının nailiyyətlərini görə bilmirik.

Dəqiq, texniki elmlər sahəsində Azərbaycan elminin yeri dünyada necə görünür? Azərbaycan elmi, xüsusən də texniki, tətbiqi elm sahəmiz dünyanın mövcud elm aləminə niyə inteqrasiya edə bilmir?   

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda ictimai-humanitar elm sahəsində nailiyyətlərimiz olsa da, təəssüf ki, texniki elmlər sahəsində müasir dünya elminə töhfələr bəxş edə bilməmişik.

O hesab edir ki, bu gün ölkəmizdə texniki elmlərin inkişaf səviyyəsi qənaətbəxş deyil. “Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra təbii ki, müstəqil dövlət kimi bizim elmimizin dünyada yeri və rolu, mövqeyi hər zaman ziyalılarımızı, alimlərimizi düşündürür. Bu gün arxaya baxanda görürük ki, Azərbaycanın yeri elm tutumlu dövlətlər sırasında heç yaxşı mövqedə deyil. Bu birmənalı olaraq belədir. Açığını deyim ki, bu məsələdə ürəkaçan məqamlar elə də çox deyil. Ancaq bütövlükdə götürdükdə deyim ki, müstəqillik illərində elmin inkişafı ilə bağlı müsbətə doğru xeyli məqamlar əldə olunub və irəliləyişlər var. Əlbəttə, Azərbaycan elminin intibah dövründən danışanda ilk növbədə Sovet dövrünü və o dövrdə yaranmış elm məktəbini yada salırıq. Qeyd etmək istəyirəm ki, Azərbaycanda dəqiq elmlər sahəsində böyük bir məktəb yaradılmışdı. SSRİ dövründə Elmlər Akademiyasının Fizika İnstitutu yarımkeçiricilər və elektriklər fizikası üzrə keçmiş Sovet məkanında ən güclü institut idi və bu istiqamət məhz Bakıda idi. Bu xeyli sevindirici məqamdır. Bildirmək istəyirəm ki, o dövrdə Fizika İnstitutunda olan böyük alimlər böyük məktəb yaratmışdılar və onların yaratdığı məktəb keçmiş SSRİ məkanında istinad rolunu oynayırdı. Təəssüflər olsun ki, dövlət müstəqilliyimizin ilk illərində Azərbaycan elmi çox böyük çətinliklərlə rastlaşdı, elm məktəbləri dağıldı, bizim alimlərimiz, dünya çapında tanınan alimlərimizin bir çoxu ölkəmizi tərk etdi, ölkəmizdən xaricə çox güclü beyin axını baş verdi. Növbəti mərhələdə artıq Azərbaycan elmində müəyyən qədər dönüş yaranması müşahidə edildi. Bu da ulu öndərin hakimiyyətə gəlməsindən sonra baş verdi. Xatırlayırsınızsa, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ilk görüşünü Elmlər Akademiyasında alimlərlə, ziyalılarla keçirdi və Azərbaycan elminin inkişaf etdirilməsi ilə bağlı tövsiyələrini verdi. Növbəti mərhələlərdə Heydər Əliyevin Akademiyada bu görüşləri daha intensiv xarakter aldı və Azərbaycan elminin inkişaf etdirilməsi ilə bağlı konkret vəzifələr müəyyənləşdirildi. Heydər Əliyev görüşlərdə deyirdi ki, əlbəttə, humanitar və ictimai elmlər lazımdır, bütün xalqların, dövlətlərin tarixində bu elmlərin xüsusi yeri var, Azərbaycanın tarix elmini, ədəbiyyatşünaslıq, dilçilik, fəlsəfə elmini inkişaf etdirmək, tədqiq etmək, yeni dərsliklər yazmaq lazımdır. Bilirsiniz ki, dövlətin ideoloji xəttinin müəyyən edilməsində humanitar və ictimai elmlərin özünəməxsus yeri var. Bu məsələyə Heydər Əliyev böyük önəm verirdi və alimlərə bununla bağlı böyük tövsiyələr verirdi. Azərbaycanda humanitar elmlər inkişaf etməyə başlasa da, amma dəqiq elmlər inkişaf etmədi. Müstəqilliyin ilk illərində maddi-texniki bazanın dağıdılması, laboratoriyaların məhv olub sıradan çıxması, texniki cihazların köhnəlməsi xüsusilə də fundamental elm sahəsində xeyli geriləməyimizə səbəb oldu. Təsadüfi deyil ki, biz uzun illər bunun acısını yaşadıq. Hər zaman qeyd edirik ki, fundamental elmlər, xüsusən də dəqiq elmlər sahəsində dünya elmində Azərbaycanın mövqeyi qənaətbəxş deyil” - deyə bildirən İ.Orucov qeyd etdi ki, ölkə başçısı İlham Əliyevin neft kapitalını insan kapitalına çevirməklə bağlı fikri olduqca böyük dəyərə malikdir.

İ.Orucovun sözlərinə görə, Prezident İlham Əliyevin elm sahəsinə hər zaman dəstək verməsi nəticəsində yeni elmi mərkəzlərin, məktəblərin yaradılması, Azərbaycan gənclərinin xaricdə təhsil almağa göndərilməsi, Prezident yanında Elm Fondunun yaradılması və s. məsələlər reallaşdı. “Fondun vəsaitləri hesabına yeni elmi mərkəzlərin, laboratoriyaların yaradılması, bütövlükdə isə böyük elmi layihələrin maliyyələşməsi sahəsində yeni bir mərhələ başladı. Bundan sonra Azərbaycanda xüsusilə dəqiq elmlər sahəsində müəyyən qədər irəliləyişlər əldə olundu. Sözsüz ki, elm sərhəd tanımır və bu baxımdan bizim gənclərimiz var ki, onlar dünyanın müxtəlif aparıcı elmi mərkəzlərində tədqiqatlar aparırlar. Bu nöqteyi-nəzərdən bizdə ümid yaranıb ki, Azərbaycanın dəqiq elmlər sahəsində müəyyən qədər nailiyyətləri olacaq. Ancaq bütövlükdə götürdükdə elmin qiymətləndirmə meyarları var. Bu meyarlar ondan ibarətdir ki, dünyada tanınmış indeksli jurnallarda alimlərin elmi məqalələri nə qədər dərc edilir, onlara dünya elmində nə qədər istinadlar olunur. Bunları nəzərə alıb yenə də görürük ki, xüsusilə də dəqiq elmlər sahəsində elmimizdə xeyli çatışmazlıq, geriliklər var. Bu baxımdan, əlbəttə, düşünürəm ki, həm Azərbaycan elminin inkişafı ilə bağlı qəbul olunmuş milli strategiyadan, həm də müxtəlif dövlət proqramlarından irəli gələrək bu sahədə ciddi işlər görülməsinə ehtiyac var. Azərbaycanda növbəti Elm Festivalı keçiriləcək. Elm Festivalı kimi aksiyaların Azərbaycan elminin inkişafına müsbət təsir göstərəcəyinə inanmıram. Çünki, əslində, bütün dünyada elm festivalları elmin uşaqlar arasında yayılmasını hədəf seçib. Belə baxanda bu aksiya heç də elmdə olan ciddiliyi əks etdirmir. Bu baxımdan, düşünmürəm ki, bu festival Azərbaycan elminin inkifına hansısa təkan verə bilər. Düşünürəm ki, əlbəttə, elmin, xüsusilə də strateji sahə olan dəqiq elmlərin inkişafına təkan vermək üçün ciddi işlər görülməlidir” - deyə bildirən İ.Orucov hesab edir ki, bu işlərin xeyli bir qismi gənclərin elmə cəlb edilməsindən keçir. Onun sözlərinə görə, xaricdə dövlət hesabına təhsil alan gənclərin Azərbaycan elminə cəlb olunması çox vacibdir: “Bu gün Azərbaycan elmində yaşlaşma tendensiyası var, milli elmimiz bu tendensiyadan xilas olmalıdır. Yaşlı nəslin yerini gənc, perspektivli kadrlar tutmalıdır. O gəncləri yüksək səviyyəli kadrlar kimi görmək istəyiriksə, pulumuzu əsirgəmədən onları dünyanın inkişaf etmiş universitetlərinə, elm mərkəzlərinə ezam etməliyik. Hesab edirəm ki, bu sahədə dünyanın inkişaf etmiş elmi mərkəzləri ilə müştərək laboratoriyalar yaratmağımız vacibdir. Bu istiqamətdə bizim xeyli çatışmazlığımız var. Çox arzu edərdim ki, bu istiqamətdə düşünə bilək. Yəni Azərbaycan elmi bütövlükdə götürdükdə dünya elmindən xeyli geri qalır. Biz gənc alimlərlə bağlı bir sıra ilklərə imza atdıq. Dünya Gənc Alimlərinin, Avropa Gənc Alimlərinin forumlarını Bakıda keçirərkən açıq çəkildə görürdük ki, əslində onlar Azərbaycanı bir elm ölkəsi kimi tanımırlar. Bizi elm ölkəsi kimi tanımamaqları heç də onların bizə qarşı qısqanclığı ilə bağlı deyil. Bu sadəcə ondan irəli gəlir ki, elmin müqayisə etmək üçün mövcud meyarlarına baxanda Azərbaycan elminin adı siyahının əvvəlində yox, sonundadır. Necə ki, bizim ali məktəblərimiz dünyanın tanınmış ali məktəbləri reytinqində yer almır. Bu gün Azərbaycan ali məktəbləri bu vəziyyətdədirsə, görün elmi məktəblərimiz hansı səviyyədədir. Bzim elmə cavabdeh olan insanlar hər dəfə deyirlər ki, dövlət ümumdaxili məhsulunun bütövlükdə 2 faizə qədəri elmə ayrılmırsa, bu ölkədə elmin inkişafından danışmaq absurddur. Belə götürək, Amerikada elmə böyük vəsait ayrılır, ancaq onun çox cüzi bir hissəsini dövlət verir. Böyük bir hissəsi isə özəl kompaniyalar, iş adamları, böyük şirkətlər tərəfindən ödənilir. Həmin dövlətlərdə elm, iqtisadiyyat, biznes, təhsil vəhdət təşkil edir. Amma onlarla müqayisədə Azərbaycanın elmlə qazandığı maliyyə heç nə qədərdir. Azərbaycan elmi yalnız dövlət büdcəsi hesabına inkişaf edə bilməz, bu zərərli tendensiyadır. Təəssüf edirəm ki, Azərbaycanda elmin pul qazanmaq imkanlarından danışarkən heç zaman görmədim ki, hansısa bir biznes layihəsində elmin payı olsun. Tutaq ki, Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı var və bu parkda nə istehsal olunur? Burada butulkalara adi bir su vurulur. Halbuki, bunu istənilən bir sex həyata keçirə bilər. Hazır texnologiyalar əsasında mühərrik yağları istehsal olunur, bu yağları hanısa iritutumlu müəssisələr istehsal edə bilər. Deyirlər ki, Akademiya institutların icarəsindən pul qazanır. Axı bu, elmin qazandığı vəsait deyil. Elmə tamam fərqli bir yanaşma olmalıdır. Elmdə islahatlardan danışarkən çəkinmədən elm, təhsil, iqtisadiyyat birliyinə nail olmaq lazımdır”.  

İradə SARIYEVA

Son xəbərlər