16/11/2018 22:49
728 x 90

AMEA-nın Herontologiya İnstitutu BMT-nin regional mərkəzi statusunda...

“Ölkəmiz iqlimi, şəraiti və insanların həyat tərzinə görə uzunömürlülər siyahısındadır”

img

Əhməd Qəşəmoğlu: “Azərbaycanlıların həyat tərzi və onların necə uzunömürlü olması ilə BMT-nin Qocalma İnstitutu da maraqlanır, bu, Azərbaycan üçün müsbət hadisədir”

 

Azərbaycan uzunömürlülər diyarıdır. Azərbaycanın müxtəlif bölgələrində yaşı 80-dən artıq olan insanlar yaşayır. Elə bu səbəbdən də Fiziologiya İnstitutu BMT-nin Qocalma İnstitutunun regional mərkəzi seçilib.  BMT-nin Qocalma İnstitutunun direktoru Azərbaycanın uzunömürlüləri ilə görüşmək niyyətindədir.

BMT-nin Qocalma İnstitutunun direktoru, professor Marvin Formoza AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanovla görüşüb, onunla herontologiya sahəsində elmi və elmi-təşkilati əməkdaşlığın perspektivlərini müzakirə edib.

Akademik Azərbaycanın uzunömürlülər diyarı kimi qəbul olunduğunu vurğulayaraq bu sahədə AMEA-nın müvafiq institutlarında, xüsusilə akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda aparılan tədqiqatların yüksək fundamental və praktiki əhəmiyyətini, herontoloji tədqiqatların daha geniş inkişafı üçün mövcud imkanlardan istifadə olunacağını diqqətə çatdırıb.

Göründüyü kimi, Azərbaycanın uzunömürlülər diyarı olduğu artıq bütün dünyaya bəllidir.

Sosioloq Əhməd Qəşəmoğlu “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda uzunömürlülərin sayı digər ölkələrlə müqayisədə artıqdır: “Ölkəmiz iqlimi, şəraiti və insanların həyat tərzinə görə uzunömürlülər siyahısındadır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda alkoqoldan istifadə uzun müddət yox səviyyəsində olub. Uzunömürlülərin əksəriyyəti alkoqol və siqaretdən istifadə etməyənlərdir. Sağlam həyat tərzi yaşayanların ömrü də uzun olur. Həmçinin, o insanların yaşadığı mühit və ətrafı onların həyatına təsir edir”.

Həmsöhbətimiz təəssüf hissilə qeyd etdi ki, son zamanlar ekologiyada dəyişikliklər baş verir. Baş verən dəyişikliklərə rəğmən, Azərbaycanın bu potensialını saxlamaq lazımdır: “Azərbaycanlıların həyat tərzi və onların necə uzunömürlü olması ilə BMT-nin Qocalma İnstitutu da maraqlanır. Bu, Azərbaycan üçün müsbət hadisədir”.

Günel CƏLİLOVA

Son xəbərlər