25/09/2018 07:52
728 x 90

Qan verək ki, can verək

Yaşatmaq üçün qan vermək ən böyük savabdır

img

Hələ XIX əsrin ikinci yarısında - 1881-ci il sentyabrın 25-də dünyada ilk dəfə Britaniyada həyata keçirilən və böyük hadisəyə çevrilən bir cərrahi əməliyyat müasir tibbin təşəkkül tapmasında əhəmiyyətli rol oynamış oldu.

Britaniyalı həkim Ceyms Blandell böyük risqə girərək doğuş zamanı hədsiz qan itirmiş cavan bir anaya öz ərindən qan götürüb köçürərək qadını ölümdən xilas etdi.

O zaman qan qrupu, rezus faktor haqda elmə hələ heç nə məlum deyildi. O vaxtdan indiyə qədər qan köçürmək yolu ilə milyonlarla insan ölümün pəncəsindən xilas edilib və həyata qaytarılıb. İnsan bəzən elə vəziyyətə düşür ki, onu yalnız və yalnız qan köçürməklə xilas etmək mümkün olur. Doğrudan da müdriklərin dediyi kimi, “qan həyat mənbəyidir”. Əgər insan orqanizmindən qan axıb qurtarırsa, artıq insan yaşamaq qabiliyyətini itirir və dünyasını dəyişir.

Təbabətin və təbabətlə bağlı digər elm sahələrinin, texnikanın müasir inkişaf səviyyəsinə baxmayaraq, hələ də süni qan yaratmaq mümkün olmayıb. Ona görə də istifadə olunan qanın yeganə mənbəyi insandır.

İnsanlara qan köçürülməsi bir sıra xəstəliklərin müalicəsində, cərrahi əməliyyatlar vaxtı, onkoloji və hematoloji xəstələrə yardım zamanı və sairə hallarda planlı qaydada həyata keçirilsə də, ağır travmalar, doğuşlar və digər ciddi qanitirmələr vaxtı təcili qanköçürməyə ehtiyac yaranır.

Qan xidmətinin inkişafı cərrahiyyə, reanimasiya, doğuşa yardım, hematologiya, onkologiya, travmatologiya və digər sahələrdə ixtisaslaşdırılmış tibbi yardımın uğurla həyata keçirilməsində mühüm rol oynanır. Xüsusi hallarda, fövqəladə vəziyyətlərdə, kütləvi surətdə yaralı və zərərçəkənlər olduğu vaxt qan xidmətinin əhəmiyyəti daha da artır.

Bəs hansı hallarda qan köçürülməsi labüddür? Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünya əhalisinin hər üç nəfərindən birinin həyatı boyu, ən azı bir dəfə də olsa, qanköçürməyə ehtiyacı olur. Bu rəqəm nə qədər şişirdilmiş olsa da, qanköçürmənin insan həyatında necə önəmli olmasından xəbər verir. Qan təbii fəlakətlər, yol qəzaları, silahlı konfliktlər və digər travmalarda, yanıqlarda, doğuş və cərrahi əməliyyatlar vaxtı, onkoloji xəstələrin müalicəsində vacibdirsə, hemofiliyalı, talassemiyalı, leykozlu xəstələr və digər profuz qanitirmələr zamanı həyatı əhəmiyyət kəsb edir.

Fövqəladə hadisələr zamanı hər il milyonlarla insanın həyatına, sağlamlığına təhlükə yaranır, təqribən bir o qədər də öz həyatını itirir. Təbii ki, bu qədər qanköçürməyə ehtiyacı olan insanların qanla təminatı donorlar vasitəsilə həyata keçirilir.

“Donor” latın sözüdür, “bəxş etmək”, “bağışlamaq” mənasını verir. Qan donorluğu dedikdə isə hər bir şəxsin öz qanını və ya qan konponentlərinin ehtiyacı olan insanlara könüllü surətdə verilməsi başa düşülür.

Donor olmaq xeyirxah və alicənab işdir. Həqiqətən də əli dünyadan üzülməkdə olanların köməyinə çatmaq, onları ölümün pəncəsindən xilas etmək çox savab və humanist bir məsələ olub ikiqat şərəflidir. Milyonlarla insan sağ qaldığı üçün tanımadıqları, adını belə bilmədikləri bu qəhrəman insanlara - donorlara minnətdardırlar.

14 iyun məhz bu qəhrəman insanların, heç bir təmənna gözləmədən öz qanını bağışlayan donorların günüdür. Bu gün heç də təsadüfi seçilməyib. 14 iyun ABO sistemi üzrə qan qruplarını kəşf etmiş Nobel mükafatı laureatı Karl Landşteynerin doğum günüdür (O, 1868-ci il iyun ayının 14-də Vyanada dünyaya gəlib). Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2005-ci ildən 14 iyun Qan Donoru Günü kimi qeyd edilir.

Donorluğun könüllü və ya ödənişli olması şəxsin öz istəyindən asılıdır. Əvvəllər daha çox təmənnalı donorluq edənlər çox idisə, hazırda könüllü qan verənlərin sayı onları üstələməkdədir.

Təhlükəsiz donor qanı ehtiyatlarının kifayət qədər könüllü, təmənnasız formada təşkili hər bir ölkədə Səhiyyə Nazirliyinin əsas vəzifələrindən biridir. Azərbaycanda qan donorluğunun tarixi 70-80 illik bir dövrü əhatə edir və bu sahədə çox böyük irəliləyişlər əldə olunub. Yaradılan rayonlararası qanköçürmə, qan tədarükü mərkəzləri demək olar ki, respublikamızın bütün regionlarını əhatə edir və çox uğurla dövlətin bu sahədəki siyasətini həyata keçirir. Əhalinin qan və qan komponentləri ilə təminatı dövlətin həmişə nəzarətində olub və bu sahədə bir sıra sənədlər qəbul edilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin may ayında imzaladığı “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” qanunu bu sənədlərin ən önəmlisidir.

Hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artıb. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə köməklik göstərir. Mütəxəssislər təcrübəyə əsaslanaraq qeyd edirlər ki, ən təhlükəsiz qan könüllü, təmənnasız donorların qanıdır. Yaşatmaq üçün qan vermək isə ən böyük savabdır.

18-60 yaş arası, sağlam, çəkisi 50 kiloqramdan çox olan hər bir şəxs qan verə bilər. Yaşı 60-dan yuxarı olan sağlam şəxslərin də qan verməsi tibdə məqbul sayılır. Kişilər il ərzində 4, qadınlar isə 3 dəfə 400 milliqramdan çox olmamaqla qan verə bilərlər. Mütəxəssislərin fikrincə, donorluq - 400 ml qan vermək orqanizmə heç bir ziyan vermir, əksinə, qanvermənin insan orqanizminə xeyirli tərəfləri daha çoxdur.

Qan sağlam insanlardan götürülür. İnfeksion xəstəliklər (hepatit B, C, QİÇS, vərəm və s.), onkoloji, hematoloji, şəkərli diabet, qanazlığı və digər xəstəliklər donorluq üçün əks göstərişlərdir. Ona görə qan verməyə gələn şəxs hərtərəfli həkim müayinəsindən keçməlidir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qan vermiş insanlarda ürək-damar xəstəliklərinə az rast gəlinir, qan toxumaları yenilənir. Mütəmadi qan verən şəxs öyrəşdiyindən müxtəlif qəzalar zaman baş verən qan itkisinə artıq hazır olur. Donorların yaşama müddəti digər insanlardan 5-10 il çox olur. Verilən qan qısa müddətdə bərpa edilir.

Bir sıra ölkələrdə donorluq bir çox aksiyalarla həyata keçirilir. Ölkəmizdə isə bu aksiyalar “Yaşatmaq üçün qan verin”, “Qan verək ki, can verək”, “Qan ver - çox yaşa” devizləri altında həyata keçirilir. Bu aksiyalardan ən yaddaqalanı, heç şübhəsiz, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə hər il Moskva şəhərində “Qanın milləti yoxdur” devizi altında keçirilən qanvermə aksiyasıdır. Bu aksiyalarda bütün dünya millətlərindən çoxsaylı nümayəndələr iştirak edirlər. Belə bir aksiya təbii ki, dostluğun, etimadın, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.

Belə yaddaqalan aksiyalardan biri də hər il Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə məhərrəm ayının 10-cu - Aşura günü həyata keçirilən qanvermə aksiyasıdır. Artıq 20 ilə yaxındır uğurla həyata keçirilən bu aksiyada minlərlə insan könüllü, təmənnasız qanvermə məntəqələrinə gələrək öz müqəddəs, şərəfli, humanist vəzifələrini yerinə yetirirlər. Bu tədbirdə bir çox dövlət rəsmiləri, vəzifəli şəxslər də iştirak edərək ehtiyacı olanlara qan verirlər. Aksiyanın devizi dünyada ədalətsiz müharibə aparan, terrorçuluqla məşğul olan, əbəs yerə insan qanı axıdanlara bir çağırışdır.

Qoy dünyada həmişə sülh olsun, məsum insanların qanı axıdılmasın, mərhəmət göstərib ehtiyacı olanlara verdiyimiz qan insanların həyata qayıtmasına xidmət etsin. Gəlin əbəs yerə qan tökməyək və unutmayaq ki, qan həyat mənbəyidir.

Əliniyaz MƏMMƏDOV
Tibb elmləri doktoru, professor 

Son xəbərlər