19/11/2018 09:52
728 x 90

Məhərrəmlikdə Dövlət Komitəsi monitorinqləri hansı mexanizm üzrə aparacaq...

“Nardaran və Gəncə hadisələri bir daha əsas verir ki, dövlət dini sahədə öz maarifçiliyini və tənzimləyici siyasətini aparsın”

img

Hacı Təyyar Hüseynli: “Cəmiyyətdə başa düşməlidirlər ki, dövlət, sadəcə, din pərdəsi altında sosial asayişi pozmağa yönələn məqsədyönlü yad təsirlərin qarşısını almaq istəyir”

 

Dünəndən etibarən ölkədə Məhərrəm ayı başlayıb. Məhərrəm ayının başlanması ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər müvafiq icra strukturları tərəfindən monitorinqlər keçiriləcək. Bu barədə komitənin sədr müavini Səyavuş Heydərov media nümayəndələrinə açıqlamasında bildirib. S.Heydərov qeyd edib ki, monitorinq çərçivəsində qanunvericiliyin tələblərinə, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına riayət olunmasına nəzarət olunacaq.

Komitə rəsmisi vurğulayıb ki, qurum Məhərrəm ayında bütün mərasimlərin qanunvericilik çərçivəsində təşkilinə, Azərbaycan xalqının, islam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinə çalışır: “Əsas məqsədlərimizdən biri QMİ-nin fətvasında göstərilən tövsiyələrə əməl olunması ilə bağlıdır. Bu istiqamətdə idarə ilə birlikdə işlərimizi Məhərrəm ayının sonuna qədər davam etdirəcəyik. Hər il bu sahədə irəliləyişlər müşahidə edilir. İnanırıq ki, bu il də Məhərrəm ayında keçirilən istər Aşura mərasimləri, istərsə də təziyə mərasimləri ilə bağlı əvvəlki illərə nisbətən müsbət nəticələr əldə olunacaq”.

Komitə sədrinin müavini vurğulayıb ki, keçən illərdə aparılmış müşahidə və monitorinqlər nəticəsində respublikanın bəzi şəhər və rayonlarında keçirilmiş əzadarlıq məclislərində ayrı-ayrı neqativ hallar aşkar edilib: “Belə ki, icazəsiz olaraq küçə yürüşlərinə cəhdlər edilmiş, məsciddən kənar yerlərdə, eləcə də şəxsi evlərdə kütləvi şəkildə dini ayinlərin keçirilməsi və dini atributların məscidlərin xaricində yerləşdirilməsi hallarına rast gəlinmişdi. Qeyd edim ki, mövcud qanunvericiliyə əsasən, əzadarlıq məclisləri yalnız məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməli və ictimai asayişə mane olmamalıdır. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Dini atributlar isə yalnız məscidlərin içərisində yerləşdirilməlidir. Heç şübhəsiz, belə hallar aşkarlandıqda yerli icra hakimiyyətləri və hüquq-mühafizə orqanları ilə birgə qanun çərçivəsində müvafiq addımlar atılır. Ümid edirik ki, cari ildə belə hallar təkrar edilməyəcək”.

Məhərrəm ayında Dini Komitənin keçirəcəyi monitorinqlər haqqında fikir bildirən dini ekspert Hacı Təyyar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin üzərinə böyük öhdəlik düşür: “Dini təyinatlı, dini təbliğatlı, digər ictimaiyyətli işlərə komitə məsuldur. Məhərrəmlik ayında komitə tərəfindən xüsusi monitorinq keçiriləcək. Ola bilər ki, kütlələr aparılan monitorinqi xoş qarşılamaz və bunu müdaxilə kimi qəbul edər. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti hər zaman dini dəyərlərə böyük önəm verib. Cəmiyyətdə başa düşməlidirlər ki, dövlət, sadəcə, din pərdəsi altında sosial asayişi pozmağa yönələn məqsədyönlü yad təsirlərin qarşısını almaq istəyir.  Məhərrəmliklə bağlı məscidlərdə dini mərasimlərin keçirilməsinin əleyhinə deyil. Əksinə, mərhum Prezident Heydər Əliyev Aşura günlərində məscidlərdə olub, dinlə bağlı fikirlər səsləndirib. Dövlətimiz islam şəhidlərinə laqeyd deyil”.

Həmsöhbətimiz onu da bildirdi ki, Məhərrəmlik ayında məscidlərdə monitorinqin keçirilməsi lazımdır. Monitorinqin keçirilməsi müsbət nəticələr verəcək: “Nardaran və Gəncə hadisələri bir daha əsas verir ki, dövlət dini sahədə öz maarifçiliyini və tənzimləyici siyasətini aparsın”.

Günel CƏLİLOVA 

Son xəbərlər