23/09/2018 03:25
728 x 90

Səhiyyə nazirindən irad - 18 min hamilənin qadın məsləhətxanasına müraciət etməməsi…

img

Bu il ölkədə 18 min hamilə qadın məsləhətxanasında qeydiyyatdan kənarda qalıb. Trend-in məlumatına görə, bunu respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

O əlavə edib ki, qadın məsləhətxanalarından alınan məlumata əsasən, respublikada ümumi doğuşların sayı 71 477 təşkil edib. 8 ay ərzində Dövlət Statistika Komitəsindən alınan rəqəmlərə görə, ümumi doğuşların sayı 89 202 olub. Baş mütəxəssisin sözlərinə görə, doğuşların sayında olan uyğunsuzluq 18 min qadının qadın məsləhətxanasında qeydiyyatdan kənarda qalması ilə izah olunur.

S.Məmmədova qeyd edib ki, 8 ay ərzində respublikada ümumi qeydiyyata götürülən hamilələrin sayı 76 020 olub. Onların 39 701-i (52%) hamiləliyin erkən müddətində qeydiyyata alınıb: "Qeydə alınanlar arasında risk qrupuna daxil olanların sayı 27 834 (37 %) nəfər olub. Ekstragenital patologiyaların strukturuna gəldikdə, respublika üzrə 41% anemiyalı, 28% uşaqlıq üzrərində çapıqlı, 4% ürək, 6% böyrək, 2% preeklampsiyalı və 27 % digər xəstəliklər təşkil edib. 8 ay ərzində ümumi doğuşların 0,015 %-i ölümlə nəticələnib. Ana ölümlərinə səbəb kəskin qanitirmə, ağciyər-ürək-damar çatışmazlığı, anestezioloji qüsur olub”.

S.Məmmədova qeyd edib ki, hər bir ana ölümü Doğuşayardım Komissiyası tərəfindən müzakirə olunub və müvafiq tədbirlər görülüb. İşlərində yol verdikləri nöqsanlara görə 11 tibb işçisi (1 baş həkim ,1 Regionlal Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən, 3 nəfər həkim mama-ginekoloq, 3 nəfər həkim anestezioloq-reanimatoloq, 1 nəfər həkim-cərrah, 2 nəfər orta tibb işçisi) tutduğu vəzifəsindən azad edilib. Digərlərinə qarşı müxtəlif inzibati cəza tədbirləri görülüb və təkmilləşmə kurslarına göndərilib.

Səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, xoşagəlməz halların qarşısını vaxtında almaq üçün müxtəlif tədbirlər görülür: “Bütün bunlara baxmayaraq, yenə də 18 min hamilə qadın məsləhətxanasına müraciət etməyib. Bu, çox böyük rəqəmdir və bu halın olması yolverilməzdir. Belə halların azaldılması üçün maarifləndirmə işləri gücləndirilməli, yeni layihələr və təkliflər irəli sürülməlidir”.

Son xəbərlər