25/09/2018 07:53
728 x 90

İnsanlarda hepatitin azı 10 faizi tatular nəticəsində yaranır...

img

Tünzalə Məmmədova: “Mütəxəssislər tatunun hepatit B, xərcəng kimi xəstəliklər yaratdığını, bundan başqa, onun birbaşa insanların sinir sisteminə zərbə vurduğunu deyirlər”
Aynurə Həsənova: “Mən yeniyetmə və gəncləri diqqətli olmağa və öz sağlamlıqlarını tatuya qurban verməməyə çağırıram”

 

Fərqliliyə can atan insanlar çox zaman bu addımı öz sağlamlıqlarını təhlükə altında qoyaraq atırlar. Bu gün yeniyetmə və gənclərin bir qismi kor-koranə şəkildə kimlərinsə təsirinə düşərək öz bədənlərinin müxtəlif yerlərini tatu etdirirlər. Hətta elə adamlara rast gəlirik qollarını, boynunu, hətta sifətini də çəkinmədən tatu etdirib.

Bizim cəmiyyətdə tatu etdirənlərə o qədər də müsbət münasibət olmasa da, yeniyetmə və gənclər buna meyl göstərirlər. Tatunun kütləviləşdiyi bir cəmiyyətdə yaşayırıq. Fərqlənməni təhsildə, bilikdə, intellektual səviyyələrini yüksəltməkdə görə bilməyən bəzi yeniyetmə və gənclər bunu tatuda görürlər. Tatu isə onlara gözəllik yox, daha çox xəstəliklər, təhlükələr gətirir.

Son illər respublikamızda tatu etdirənlərin sayının artması mütəxəssislərin diqqətini onun yaratdığı sağlamlıq problemlərinə yönəldib. Mütəxəssislər vurğulayırlar ki, tatu və pirsinqdən istifadə hallarının artması B viruslu hepatitlərin sayının çoxalmasına təsir göstərir. Hətta Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun da yaydığı rəsmi məlumata görə, son zamanlar tatu hepatit B-nin 10 faiz artmasına səbəb olub.

İnstitutdan onu da deyiblər ki, viruslu hepatitlər insan orqanizminə yoluxandan sonra ağır fəsadların olması qaçılmazdır. Mütəxəssislərin sözlərinə görə, hepatit A xroniki hala çox nadir hallarda keçir. Məlumatlara görə, B viruslu hepatit 10 faiz halda xroniki hala keçir. Hepatit C isə 50 faizdən çox halda xroniki olur. Buna insanlar hətta “mülayim qatil” deyirlər. Çünki uzun müddət ərzində özünü büruzə vermir. Sonra da bu virusdan əziyyət çəkən 5-15 faiz xəstə insanda xərçəngə səbəb olur.

Trixoloq-həkim Tünzalə Məmmədova qeyd edir ki, qaşlarına, qollarına, bədənlərinin müxtəlif nahiyələrinə tatu etdirənlər sonradan peşmançılıq çəkirlər. Onun sözlərinə görə, gənclər arasında döyməyə meyl artsa da, bəzən ictimai qınaq üzündən və ailələrinin etirazına görə sildirənlər də az deyil.

O bildirdi ki, tatu insanların bədənlərinə vurularkən onlara kəskin ağrılar verir və çox zaman o insanların orqanizmi zəifləməyə başlayır. Tatunun hepatit B xəstəliyinə və xərcəngə yol açdığını qeyd edən mütəxəssisin sözlərinə görə, sonradan o xəstəlikləri sağaltmaq mümkün olmur. “Son dövrlər yeniyetmə və gənclərin tatuya meylləri kəskin şəkildə artıb. İllər əvvəl 100 nəfərdən 1-də müşahidə edilirdisə, indi az qala hər 100 nəfərdən 20-si, 30-u tatu etdirir. Bu adətən yeniyetmə və gənclər arasında yayılıb. Onlar bir-birinə baxaraq kor-koranə şəkildə tatu etdirirlər. Bədənlərinə müxtəlif yazılar yazdırır, heyvan şəkilləri, eləcə də simvollar vurdururlar. Döymələri etdirdikdən sonra isə bu onların sağlamlığında böyük fəsadlar yaradır. Bilirsiniz ki, mütəxəssislər tatunun hepatit B, xərcəng kimi xəstəliklər yaratdığını, bundan başqa, onun birbaşa insanların sinir sisteminə zərbə vurduğunu deyirlər. Bəzən görürsən ki, bədənin az qala yarısını tatu etdirən adamlar özlərində zəifləmələr hiss edirlər. Həkimə gedəndə həkim onlara deyir ki, sənin sağlamlığına tatu zərər vurur, get onu sildir. Sildirmə prosesinin özü çox uzun və ağrılı bir işdir. Hətta bəzən 1 tatunun silinməsimə aylarla vaxt tələb olunur. Tatu silmə əməliyyatı xüsusi lazer aparatları vasitəsilə həyata keçirilir. Həmin yerə lazer şüaları yeridilir və müəyyən vaxtdan sonra tamamilə bundan azad olunur. Hər prosedurda lazer dalğasının gücü artırılmış surətdə tətbiq olunur. Tatunun dəriyə ziyanı isə danılmazdır. Üstəlik, sildirəndə bu ziyan daha da artır”. Mütəxəssis bir faktı da bildirdi ki, hətta bəzən bədəninə döymə etdirənləri yaxınları psixiatra da aparırlar ki, ola bislin, övladlarının döymə etdirməsi psixi problemlə bağlıdır.

Qeyd edək ki, bəzi mütəxəssislərin fikrincə, tatu etdirmək bir insanın öz bədəninə xəsarət yetirməsi deməkdir. Bunun bəzən sırf psixoloji problemlərlə bağlı olması qənaətində olan müəyyən mütəxəssislər hesab edirlər ki, hətta tatunun altında müxtəlif kəsikləri gizlətmək olur. Onların dediyinə görə, elə tatu var ki, insanın kimliyini göstərə bilir.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, tatuaj etdirən insanların əksərən müəyyən ruhsal problemləri olur: “Tatunun kökünə baxsaq görərik ki, o, nişandır. Məsələn, əvvəllər həbsxanada olanlar, dəniz quldurları bu işarələrlə bir-birini tanıyıb, informasiya daşıyıcısı kimi tatunun növündən kimin kim, nəçi olduğunu öyrəniblər. Sonralar isə insanlar tatudan seçilmək, fərqli görsənmək üçün istifadə etməyə başladılar.

Məsələ burasındadır ki, bu gün ən çox tatuaj etdirənlər yeniyetmələrdir. Yeniyetmə isə gündə bir fikrə düşə bilər. Kimisi fərqli görsənmək, seçilmək üçün, kim isə başqa bir səbəbdən tatuaj etdirirsə, mütləq onların ruhsal narahatlığı var. Bu mənada yaxşı olar ki, həmin şəxslər mütləq müayinədən keçsinlər”.

E. Rüstəmovun sözlərinə görə, tatuaj edilən məkanlarda psixoloq kabinetlərinin yaradılması vacibdir. “Bakının müxtəlif yerlərində tatuaj edən salonlar fəaliyyət göstərir. Biz zamanında təklif etmişdik ki, həmin salonlarda psixoloq kabineti olsun, tatuaj etdirmək istəyən şəxs ilk olaraq müayinədən keçsin. Əksər tatuaj etdirənlər mütləq nədənsə əziyyət çəkir: alkoqolizmdən, yaxud digər asılılıq yaradan vərdişlərdən. Dolayısı ilə bunların problemi olur.

Əksər tatuaj etdirənlər sonra peşman olur. Dəfələrlə olub ki, insan tatuaj etdirib, sonra silmək istəyir, bunu edə bilməyəndə də yeni bir sarsıntı keçirir. Bəzən qollarda edilən tatuaj səbəbilə insan qısaqol geyim geyinə bilmir, yaxud qızın adını əlinə yazıb, indi ondan ayrılıb, başqa birini sevir. O adı silə bilməməsi əlavə ruhsal narahatlıq, yeni münasibətlərdə problemlər yaradır. Axı hansı qız istəyər ki, oğlanın əvvəlki sevgilisinin adını onun qolunda görsün... Qola, biləyə ad döydürməklə sevgi bilinməz. Sevgini başqa cür bildirmək olar”-deyə psoxoloq bildirir.

Trixoloq-həkim Aynurə Həsənova da hesab edir ki, tatu yeniyetmə və gənclərə, hepatit, xərcəng və əsəb xəstəlikləri qazandıra bilər. O bildirdi ki, bu gün tatu etdirənlər sırasında kişilərlə yanaşı, qadınlar da var. Onun sözlərinə görə, hindlilər, yaponlar və Afrikadakı bəzi qəbilələr tatuajı bəzək kimi qəbul etsələr də, bir çox cəmiyyətlərdə tatu xəstəliklərdən və mənfur ruhlardan qorunmaq üçün istifadə edilir.

Azərbaycanda isə tatunu gözəllik, kimisi sədaqət rəmzi kimi qəbul etdiyini deyən A.Həsənova hesab edir ki, bütün hallarda, bu, insan sağlamlığını təhlükəyə atan amildir. Mütəxəssisin sözlərinə görə, Bakıdakı tatu işilə məşğul olan salonların bu gün kifayət qədər müştərisi var. O dedi ki, belə yerlərin əksəriyyətində təmizliyə, gigiyenik qaydalara ciddi riayət edilmir və bu iş kor-koranə həyata keçirilir. Gözəllik salonlarında bu iş aşkar şəkildə həyata keçirilsə də, “padval”larda da bu işi görənlər az deyil, burada isə heç bir gigiyenik qaydalar gözlənilmir. “Deyim ki, tatuya, döymələrə görə dəhşətli xəstəliklərə tutulanlar az deyil. Mütəxəssislər deyirlər ki, qalıcı tatuaj AİDS-dən xroniki böyrək çatışmazlığına qədər bir çox xəstəliyə səbəb olur. Xüsusilə yaz aylarında gənclərin böyük maraq göstərdiyi tatuaj bədəni xəstəliklərə qarşı zəiflədir. Mən yeniyetmə və gəncləri diqqətli olmağa və öz sağlamlıqlarını tatuya qurban verməməyə çağırıram. Məlumdur ki, müvəqqəti tatular silinib gedir, qalıcı tatular isə çox təhlükəlidir. Dəriyə ən böyük zərbəni elə tatu, döymə vurur. “Tatuirovka” geniş sahələrə və qeyri-steril şəraitdə vurulanda toksiki dermatoz əmələ gələ bilər. Bu zaman qan zəhərlənir. Bəzi insanlarda çapıqlanmaya meyllilik var, buna kelloid xəstəliyi deyirlər. Bu cür insanlara tatuaj vurulanda dərinin tamamlığı pozulur, dəridə çapıqlar əmələ gəlir ki, bunlar da kelloid çapıqlar adlanır. Dərinin altına vurulan maddələrin, piqmentlərin nə qədər təbii olması da şübhə altındadır. Düzgün edilməyən tatu insanı əlindən, ayağından edə bilər”.

Mütəxəssislər hesab edirlər ki, bəzi işbazlar pul qazanmaq, mənfəət əldə etmək üçün yeniyetmə və gənclər arasında tatunu, döyməni reklam edirlər. Nəticədə isə sağlamlığı təhlükə altında olan yeniyetmələr, gənclər qrupu qazanırıq. Bu gün qarşımıza çıxan döyməli, tatulu insanların xarakterlərindəki aqressivlik, özünəqapanma halları bizi düşündürməlidir. Hər halda, bu məsələyə valideynlər daha ciddi yanaşmalıdırlar ki, onların övladları tatu etdirməklə yeni xəstəliklər qazanmasınlar.

İradə SARIYEVA 

Son xəbərlər