16/11/2018 22:49
728 x 90

Gürcüstandakı soydaşlarımıza 20 min dərslik hədiyyəsi…

img

Nadir İsrafilov: “Gürcüstandakı soydaşlarımızın təhsilinə, dərsliklərlə təmin olunmasına, maariflənməsinə Azərbaycan dövləti tərəfindən köməkliklər göstərilməsi təqdirəlayiq haldır”
Dəyanət Osmanlı: “Azərbaycan dövlətinin bu addımını olduqca yüksək dəyərləndirirəm”

 

Azərbaycan dövləti həmişə Gürcüstan Respublikasında yaşayan soydaşlarımıza qayğı və diqqətini əsirgəmir. Bütün dövrlərdə soydaşlarımızın qayğı və çətinlikləri dövlətimizi ciddi şəkildə maraqlandırıb və bu problemlərin aradan qaldırılması üçün Azərbaycan dövləti böyük dəstək göstərib.

Gürcüstanda yaşayan və Azərbaycan dilində təhsil alan soydaşlarımızın övladlarının dərs vəsaitləri ilə təmin olunması işinə dövlətimiz hər zaman kömək əlini uzadıb. Bütün illərdə olduğu kimi, bu il də Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımızın ana dilində dərsliklərlə təmin olunması istiqamətində tədbirlər görüb. Belə ki, nazirlik Gürcüstan məktəblərinin I-XI siniflərdə təhsil alan şagirdlərinə 2018-2019-cu tədris ili üçün Azərbaycan dili və ədəbiyyatı kitablarını göndərib.

Tanınmış təhsil eksperti Nadir İsrafilov bizimlə söhbətində Azərbaycan dövlətinin bu addımının olduqca müsbət olduğunu dedi. Onun sözlərinə görə, Gürcüstanda yaşayan soydaşlarımızın taleyi, təhsili Azərbaycan dövlətini, ictimaiyyətini ciddi şəkildə düşündürür. Bu səbəbdən də dövlətimizin soydaşlarımıza ciddi dəstək verdiyini deyən N.İsrafilovun bildirdiyinə görə, bu dərsliklər I-XI siniflərdə təhsil alan soydaşlarımızın həyatında yaxşı bir hadisədir: “Bu hadisəyə yalnız müsbət yanaşmaq olar. Azərbaycandan kənarda yaşayan soydaşlarımız hansı ölkənin vətəndaşı olursa- olsun, onlar azərbaycanlıdırlar və bizim bir parçamızdırlar. Gürcüstandakı soydaşlarımızın təhsilinə, dərsliklərlə təmin olunmasına, maariflənməsinə Azərbaycan dövləti tərəfindən köməklik göstərilməsi təqdirəlayiq haldır. Azərbaycan dövləti zaman-zaman Gürcüstanda yaşayan soydaşlarımızın dərsliklə təmin olunmasına dəstək verib, onlara hər zaman yeni dərsliklər göndərilib. Bu çox müsbət haldır”.

Ana dilində dərslik məsələsinin çox həssas məsələ olduğunu vurğulayan N.İsrafilov qeyd etdi ki, bu məsələni Gürcüstan hökümətinin öhdəsinə buraxmaq sadəlövhlük olardı. O hesab edir ki, Gürcüstandakı soydaşlarımızın ana dili dərslikləri ilə Azərbaycan dövləti tərəfindən təmin edilməsi bütün hallarda bizim işimizin xeyrinədir. “Çünki soydaşlarımızın daha çox bizə aidiyyəti var. Azərbaycan dövlətinin Gürcüstan azərbaycanlıları ilə bağlı həyata keçirdiyi işlər çox müsbətdir. Hesab edirəm ki, bu iş yalnız onların dərsliklərlə təmin edilməsi ilə bitməli deyil, həmçinin, azərbaycanlı kadrların da yetişdirilməsi vacib məsələdir. Biz soydaşlarımızın təhsil aldıqları məktəblərin güclü kadrlarla təmin olunması işinə də xüsusi diqqət yetirməliyik. Xaricdə yaşayan soydaşlarımızın nə qədər savadı, biliyi çox olarsa, bu bizim xeyrimizədir. Bu, Azərbaycan dövlətinin başqa ölkələrdə tanıdılmasına, təbliğ edilməsinə müsbət təsir edər. Hazırda bizdə diaspor məsələsində bəzi problemlərimiz var. Açıq etiraf edək ki, başqa respublikalarla müqayisədə xarici dövlətlərdə diaspor fəaliyyətimiz qənaətbəxş səviyyədə deyil. Ona görə də dərslik məsələsi də bu işin gücləndirilməsinə bir töhfədir” - deyə N.İsrafilov qeyd etdi ki, biz bu sahədə nə qədər genişmiqyaslı işlər aparsaq, bu bir o qədər Azərbaycan Respublikasının imicinə müsbət təsir göstərər.   

Gürcüstanda yaşayan soydaşlarımızın övladlarının yeni tədris ilində dövlətimiz tərəfindən ana dilində dərsliklə təmin edilməsini təqdir etdiyini deyən “Türk Dünyası İnfo” İctimai Birliyinin rəhbəri, Borçalı kökənli ziyalı, şair-publisist Dəyanət Osmanlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev mütəmadi olaraq soydaşlarımıza qayğı-diqqət göstərir. Soydaşlarımızın ana dili dərslikləri ilə təmin olunmasını müsbət bir hadisə kimi dəyərləndirən D.Osmanlı qeyd etdi ki, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Marneulidə soydaşlarımızla keçirdiyi görüşdə də onlara hər zaman qayğı və diqqətlə yanaşılacağı ilə bağlı mesajlar verib. “Mən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gürcüstandakı soydaşlarımızın övladlarını ana dili dərslikləri ilə təmin etməsini çox müsbət qarşılayıram və bunun çox böyük əhəmiyyətə malik olduğunu bildirmək istəyirəm. Azərbaycan dövlətinin bu addımını olduqca yüksək dəyərləndirirəm. Bilirsiniz ki, Azərbaycan dövlətinin soydaşlarımızı dərsliklə təmin etməsi ilk hadisə deyil. Yəni əvvəlki illərdə də soydaşlarımız Azərbaycan dövləti tərəfindən dərsliklərlə təmin ediliblər. Azərbaycan dövləti hər zaman Gürcüstanda yaşayan soydaşlarımızın yanında olub və onlara böyük dəstək verib, onların qayğı və problemlərinin aradan qaldırılması üçün yardımını əsirgəməyib. Mən Azərbaycan dövlətinin soydaşlarımızı dərsliklərlə təmin etməsi işinə dəstək verirəm və alqışlayıram” - deyə bildirən D.Osmanlı vurğuladı ki, rəhbərlik etdiyi ictimai birlik də dəfələrlə Gürcüstandakı soydaşlarımızda oxu mədəniyyətinin formalaşdırılması üçün tədbirlər təşkil edib və soydaşlarımıza bədii, tarixi və s. məzmunlu kitablar hədiyyə edib.

İradə SARIYEVA 

Son xəbərlər