11/12/2018 02:48
728 x 90

“Mən şadam ki, Azərbaycanda bu qədər çox müsbət dəyişikliklər var…” - MÜSAHİBƏ

"Müharibələri böyüklər başladır, lakin onlar uşaqlara daha məhvedici təsir göstərir" - UNICEF-in Azərbaycandakı rəhbəri

img

Bu günlərdə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardinin ölkəmizə ilk gəlişindən iki il ötdü.

“Eurasia Diary” saytının əməkdaşı ölkəmizdə iki illik fəaliyyətin təəssüratları və müharibələrin əhali arasında ən həssas təbəqəyə - uşaqlara zərərli təsiri barədə danışmaq üçün Edvard Karvardinlə görüşüb.

- UNICEF-in Azərbaycandakı nümayəndəliyin rəhbəri vəzifəsində olduğunuz iki illik müddəti necə təsvir edərdiniz?

- Bu mənim Azərbaycanda olduğum iki çox məhsuldar il idi. Mənim üçün ölkənin bu qədər enerji dolu, həyatda uğur əldə etmək istəyən çox sayda uşaq və gənclərilə tanış olmaq xüsusilə maraqlı oldu.

Əlbəttə ki, UNICEF cəmiyyətdəki daha həssas uşaqlarla - əlil, ailəsi olmayan, münaqişədən zərər çəkmiş bölgələrdə yaşayan uşaqlar və gənclərlə işləyir. Mən həqiqətən hiss edirəm ki, irəlidə Azərbaycanı böyük gələcək gözləyir, çünki bu gənclər cəmiyyətə fayda verməkdə qərarlıdırlar. Əlbəttə ki, bunun üçün bizim də iştirakımız tələb olunur. Biz onlara potensiallarını hərtərəfli üzə çıxarmağa imkan vermək üçün kömək etməli və dəstəkləməliyik. Və mən bunu nailiyyət hesab edirəm. 

Müsbət dəyişikliklərdən danışarkən son illər həyata keçirilən çoxsaylı proqramları qeyd edə bilərəm. Uşaqlarla bağlı durum günü-gündən yaxşılaşır. Biz yoxsulluq səviyyəsində azalma, səhiyyənin yaxşılaşdığını müşahidə edirik.

Ancaq hələ də üzərində çalışmalı olduğumuz problemlər var. UNICEF üçün bu problemlərdən birinin təhsil almaq, öz evlərindən kənara çıxaraq icmalarındakı fəaliyyətlərdə iştirak etmək və s. imkanı olmamaqla hələ də cəmiyyətdə tarazlığa nail ola bilməyən əlilliyi olan uşaqlar olduğunu düşünürəm.

Mən bu problemi regionlarda görsəm də, hesab edirəm ki, o, bötövlükdə ölkənin və paytaxtın problemidir. Biz maddi cəhətdən mübarizə aparan, valideynlərdən birinin qaldığı və tez-tez ananın tərk etdiyi ailələrdə  çətin həyat yaşayan uşaqların ailələrinə yalnız maliyyə baxımından deyil, həm də uşaqlara məktəbə getmələri və öz potensiallarını üzə çıxara bilmələri üçün yardım edirik. Bu bötüvlükdə ölkə üçün vacibdir, çünki biz bu ailələrə dəstək olanda, bu uşaqlar üçün iş yeri yaradanda anlayırıq ki, onlar böyüdükdən sonra Azərbaycanın həyatında daha konstruktiv və müsbət rol oynaya biləcəklər və ölkəyə sosial və iqtisadi inkişaf baxımından uzunmüddətli fayda verə biləcəklər.

- UNICEF ilə hökumət strukturları arasında, eləcə də QHT-lər və vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq haqqında daha geniş məlumat verə bilərsinizmi?

- Bütün ölkələrdə olduğu kimi, burada da UNİCEF hökumətlə çox sıx əməkdaşlıq edir və biz layihələrimizi hökumətin əsas nazirlikləri ilə əməkdaşlıq edərək hazırlayırıq. Azərbaycandakı fəaliyyətimiz məhz bundan ibarətdir. Düşünürəm ki,  hökumətdəki tərəfdaşlarımızla yaxşı əlaqələr qurmuşuq. Hesab edirəm ki, uşaqlara, gənclərə sərmayə yatırmaq üçün bizim bu ölkənin insan qızılının olduğunu söyləyən prezidentlə baxışlarımız üst-üstə düşür. 

Və sizin də doğru olaraq qeyd etdiyiniz kimi, Azərbaycanda qeyri-hökumət sektoru və Vətəndaş Cəmiyyəti bizim milli səviyyədə inkişaf etdirməyə çalışdığımız işimizlə əlaqələndirici həlqə rolunu oynamaqla bu prosesdə mühüm rol oynayırlar. Buna görə də biz Beynəlxalq Avrasiya Mətvuat Fondu (BAMF) ilə sıx şəkildə əməkdaşlıq edirik. Biz layihələrimizin həyata keçirilməsində həmçinin Azərbaycan Respublikası Gənclər Fondu kimi iri təşkilatlarla da birgə çalışırıq. Bu da bizə daha çox uşaqları əhatə etməyə imkan verir.

- Sizcə, nə üçün həyata keçirilən layihələrdə UNİCEF üçün gənclərin tamhüquqlu qərarverən şəxslər kimi layihəyə cəlb edilməsi vacibdir?

- Azərbaycanda gənclər əhalinin təxminən üçdə birini təşkil edir. Onların ölkənin həyatına verə biləcəyi müsbət töhfələr inanılmazdır. Gənclər əlbəttə ki, gələcəkdə ailədə qərarverici şəxslər olacaq və ya yerli hökumət orqanlarında və özəl sektorda çalışaraq bu ölkənin inkişafında rol oynayacaq.

- Əla! UNICEF Azərbaycanda, xüsusən də gənclər arasında DİM-lərin inkişaf etdirilməsinə necə kömək edə bilər?

- Hazırda Davamlı İnkişaf Gündəliyi bütün ölkələr üçün qlobal xarakter daşıyır. Mən onun əhəmiyyətli bir sahə olduğunu düşünürəm, çünki biz hər zaman gələcək barədə düşünməliyik və gənclərin burada iştirakı zamanı onları dinləmək və problemlərini anlamaq onlara müsbət təsir edir.

Sizə bir misal gətirim. Azərbaycanda bir çox gənclər daha sağlam ölkədə, istər dənizin, istərsə də kəndin ətraf mühitinin daha yaxşı mühafizə olunduğu yerdə yaşamaq üçün daha sağlam məkan görməyə görə narahatdırlar.

Bu narahatlıqlara qulaq asaraq biz bu məsələlərlə bağlı qərarlar qəbul edirik. Lakin gənclər bu müzakirələrə cəlb olunmaqla onlarda məsuliyyət hissi artır və beləliklə onlar daha da böyüyəndə və valideyn, eləcə də müəllim və ya ölkənin növbəti siyasi lideri olanda bu məsələləri ciddiyə alacaqlar. Biz dayanıqlılığı bu cür nəsildən- nəsilə ötürülən davamlı faydalılıqda görürük.

- Bilirik ki, müharibələr və münaqişələr əksər hallarda uşaqlara təsir göstərir, çünki onlar cəmiyyətin həssas təbəqəsidir və ümumi götürdükdə, xüsusən Azərbaycanda bu sahədə necə fəaliyyət göstərirsiniz?

- Məni münaqişələrlə bağlı ən çox məyus edən şey onların böyüklər tərəfindən yaradılmasıdır, lakin bunun ən pis təsiri uşaqlara olur. Mən münaqişələrin olduğu bir çox ölkələrdə çalışmışam və dəfələrlə onların uşaqlara və onların təhsilinə, ailə həyatına təsirinin şahidi olmuşam. Həmçinin, biz bilirik ki, dünyada müharibələrin psixoloji təsirinə məruz qalan insanlar da var.

Buna görə də Azərbaycanın münaqişədən zərər çəkmiş zonlarında xüsusilə də, gənclərlə işləyərkən onlara öz icmalarında fəal olmaları üçün daha müsbət, konstruktiv yollar yaradırıq. BAMF-ın daxil olduğu və bu rayonlarda yerli icra hakimiyyəti ilə müzakirə ediləcək fəaliyyətləri və fəaliyyət planını müəyyənləşdirmək üçün gəncləri bir araya gətirən Azərbaycan Gənclər Təşəbbüsü Layihəsi mövcuddur. Bundan başqa bir çox maraqlı layihələrin şahidi olduq.

Mən bu yaxınlarda Tərtərdəki yeni 3D Kinoteatrda və Bərdədə bir kitab klubunda oldum. Burada gənclər məktəbdən sonra bir araya gələrək birlikdə müzakirələr aparır.

Goranboyda isə yeni idman qurğusu kimi təhlükəsiz bir yerdə gənclər toplaşa və idman tədbirlərində iştirak edə bilərlər. Düşünürəm ki, bu onlara çətin şərtlərdə öz enerjilərini müsbət formada çıxarmaqla müsbət psixoloji təsir edir və onlara həyatda imkanlar qazandırır. Lakin böyüklər münaqişələri dayandırmalı və dünyanın istənilən yerində baş verən münaqişələr dinc yolla həll edilməlidir. 

- Mən müsahibəmizi müsbət əhval-ruhiyyə ilə başa vurmaq istəyirəm və sonuncu sualım UNİCEF-in təşəbbüsü ilə qeyd olunan ümumdünya ana südü ilə qidalandırma həftəsi barədə olacaq.

- Hər il avqustun ilk həftəsi UNICEF-in təşəbbüsü ilə dünyada ana südü ilə qidalanma həftəsi qeyd olunur. Burada UNİCEF, Ümumudünya Səhiyyə Təşkilatı iştirak edir. Biz ana südü ilə qidalanmanın vacibliyini təşviq edirik. Belə ki, ana südü yaxşı bir başlanğıca xidmət edir, yeni doğulmuş körpə üçün altı ay ana südü ilə qidalanmadan sonar sağlamlığında üstünlüyə malik olur. Ana südü uşağın fiziki inkişafına kömək edir həmçinin, ananın sağlamlığına müsbət təsir göstərir.

Biz istəyirik ki, Azərbaycanda daha çox qadın özlərini təhlükəsiz hiss etdikləri istənilən yerdə, istər ticarət mərkəzi olsun, istərsə də restoran, iş yerində və ya evdə olmalarından asılı olmayaraq ana südü ilə qidalanmanı seçsinlər. Bizim bu həftəni əhatə edən kampaniyamız çərçivəsində qadınların özləri tərəfindən söylənilən fikirlər eləcə də, ana südü ilə qidalanmanın uşaqlara müsbət təsiri olduğunu deyən ataların hekayələri təbliğ olunur. Və mən düşünürəm ki, bu şəxsi hekayələri eşidəndə və valideynlərin sevincini və xoşbəxtliklərini, orada sağlam uşağın oturduğunu görəndə ana südünün ən yaxşı olduğunu düşünürsən və biz hamı üçün yaxşı olması üçün analara kömək etməli, bunu daha çox təbliğ etməliyik.

- Əla! Mən şadam ki, Azərbaycanda bu qədər çox müsbət dəyişikliklər var, müsahibəyə görə təşəkkür edirəm, biz hələ çox görüşəcəyik.

- Buyurun.

Son xəbərlər