17/10/2018 01:31
728 x 90

Tibb müəssisələrindən kənar doğuşlar kəskin azalır – səhiyyədə müsbət tendensiyalardan biri…

“Tibb müəssisələrindən kənar doğum faktının azalması ana və uşaq ölümünün azalmasına səbəb olur”

img

Pərvanə Mustafayeva: “Əhali bilməlidir ki, hazırda Azərbaycanda doğuşa yardım pulsuzdur”

 

XXI əsrdə yaşamağımıza, hamilə qadınlar, təhlükəsiz ana olmağın yolları mövzularında mütəmadi aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də bəzi bölgələrdə evdə doğuş həyata keçirənlər var. Xəstəxanadan kənar doğuş arzuolunan hal sayılmasa da, belə faktlar hələ də mövcuddur. Sevindirici məqam ondan ibarətdir ki, tibb müəssisələrindən kənar doğuş ötən illərə nisbətən azalıb.

Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin altı ayı ərzində təkcə Bakı şəhərində xəstəxanadan kənar 21 doğuş olub.

Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, bu il ötən ilin müvafiq dövrü ilə müqayisədə tibb müəssisəsindən kənar doğuşların sayında 36 nəfər azalma qeydə alınıb.

Respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova media nümayəndələrinə açıqlamasında qeyd edib ki, hamilə və zahı qadınlar dövlət tibb müəssisələrində ödənişsiz tibbi yardım ala bilərlər. Bu məsələ qanunda da öz əksini tapıb: “Ev şəraitində həyata keçirilən doğuşların həm ana, həm də körpə üçün böyük risqləri var. Bu cür doğuşlar ən çox analar üçün risqlidir. Evdə doğuş hətta ana ölümünə qədər gətirib çıxara bilər. Bu səbəbdən tibb müəssisəsindən kənar doğuş arzuolunan deyil. Həkim nəzarətindən kənar doğum uşaqlar üçün də təhlükədir. Vaxtında müdaxilənin edilməməsi ömürlük travmalara səbəb ola bilər”.

Həkim-ginekoloq Pərvanə Mustafayeva bizimlə söhbətində qeyd etdi ki, evdə doğuş prosesi həm ana, həm də uşaq üçün gələcəkdə ciddi fəsadlara yol aça bilər: “Təəssüf ki, bəzi ucqar bölgələrdə evdə doğuş edən xanımlar var. Bəzən ana namizədlər yaşlı nəslin nümayəndələrindən, yaxınlarından eşitdiklərini bu dövrdə etmək istəyirlər. Həmin insanlar evdə doğuş təcrübəsi keçirib və bunun hər hansı ziyanı olmadığını bildirərək, ana namizədləri yönləndirirlər. Halbuki, evdə doğuş çox risqli haldır. Çünki doğuş, istənilən halda, qanaxma ilə yekunlaşa bilər. Bu da ananın həyatına ciddi təhlükə deməkdir. Evdə doğuş zamanı qanaxmalara görə ana ölümləri çox olur. Eyni zamanda, bu şəraitdə doğuş zamanı göbək ciyəsinin gigiyenik şəkildə kəsilməməsi, ümumiyyətlə, doğuşun normal qaydada idarə edilməməsi iltihabi proseslərə səbəb olur. Eləcə də həm uşaq, həm də ana üçün gələcəkdə ciddi fəsadlar yarada bilir”.

Həmsöhbətimizin sözlərinə görə, bu sahədə aparılan maarifləndirmə işi sayəsində evdə doğuş faktları azalmağa doğru gedir: “Tibb müəssisələrindən kənar doğum faktının azalması ana və uşaq ölümünün azalmasına səbəb olur. Onu da deyim ki, evdə doğuşun tam şəkildə ləğv olunması üçün bu sahədə aparılan maarifdləndirmə işi daha böyük vüsət almalıdır. Əhali bilməlidir ki, hazırda Azərbaycanda doğuşa yardım pulsuzdur. Bu o deməkdir ki, fizioloji hamiləlik keçirən qadınların adi doğum evində doğuş həyata keçirməsi üçün həm şərait var, həm lazımi dərmanlar və ləvazimatlar. Bu, dövlət tərəfindən pulsuz təmin olunur. Amma qadın evdə doğursa, o zaman doğuş zamanı istifadə olunan ləvazimatlar və dərmanlar aptekdən alınır. Onda bunun nəyi ucuz oldu? Qadın xəstəxanada doğarsa və onun doğuşunda hər hansı bir fəsadlaşma yaşanarsa, onda xəstəxana daxilində bizim hər dəqiqə əlimizin altında olan dərmanlarımız var. Biz bu dərmanlardan, ləvazimatlardan elə həmin an, doğum otağında istifadə edə bilirik. Qanaxması varsa, dayandırırıq, təzyiqi qalxıbsa, normallaşması üçün çalışırıq. Qadın evdə doğursa, həmin o dərmanları ona kim verir? O məcburdur ki, bütün o dərmanları öz cibinin pulu ilə alsın. Bu daha çox xərc tələb edir. Ona görə də demək ki, evdə doğuş ucuz başa gəlir, bu tamamilə yanlış fikirdir”.

Günel CƏLİLOVA

Son xəbərlər