16/08/2018 00:59
728 x 90

Gediş haqqı artımının ardınca avtobus parkının yenilənməsi prosesi başlayır...

“Dövlət vəsaiti hesabına 300 avtobusun alınması Bakıda avtobus parkının yenilənməsinə ciddi müsbət təsir göstərəcək”

img

Şahin Camalov: “Nəqliyyat sahəsində sərnişindaşıma ilə məşğul olan şirkətlər buna ciddi riayət etməlidirlər”

 

Prezident İlham Əliyev Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında sərəncam imzalayıb.Sərəncamda qeyd olunur ki, Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir.

Son 3 ildə orta və iritutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Qeyd olunan istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə 47 924 000 manat ilkin olaraq Bakı Nəqliyyat Agentliyinə ayrılıb.

Bu arada Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişin daşıyan şirkətlər qarşısında tələbləri yeniləyib. Qurumdan verilən məlumata görə, Tarif Şurasının məlum qərarından sonra DANX daşıyıcı şirkətlər qarşısında yeni tələblər qoyub: “Sərnişin nəqliyyatı parkında nəqliyyat vasitələrinin bir hissəsi texniki baxımdan köhnəlib və bununla bağlı məlumat da açıqlanıb. Əvvəllər sərnişin daşıyıcı şirkətlər tariflərin aşağı olmasını əsas gətirirdilər. Lakin tariflər artırıldıqdan sonra daşıyıcılar qarşısında tələbləri yeniləmişik və bununla bağlı iş aparılır. Belə ki, avtonəqliyyat vasitələrinin daha təhlükəsiz olması, texniki cəhətdən daha standartlara cavab verən, daha yüksək səviyyəli xidmətlə bağlı tələblər yenilənib və bu istiqamətdə tədbirlər görülür”.

Bakıda sərnişindaşımada xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində sözügedən bu iki amil necə rol oynayacaq və bununla bağlı ekspertlərin gözləntiləri nədən ibarətdir?

Məsələyə münasibət bildirən nəqliyyat sahəsi üzrə ekspert Şahin Camalovun sözlərinə görə, bütün bunlar sərnişindaşımada keyfiyyətin və xidmət səviyyəsinin yüksəlməsinə öz müsbət təsirini göstərəcək: “Əvvəla cənab Prezidentin məlum sərəncamı nəqliyyat infrastrukturunun yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edəcək. Çünki dövlət vəsaiti hesabına 300 avtobusun alınması Bakıda avtobus parkının yenilənməsinə ciddi müsbət təsir göstərəcək. Bunun sayəsində bir sıra marşrutlarda avtobuslar təzələnəcək. Sözügedən qərar bütün daşıma xidmətlərinin həyata keçirilməsinə bu və ya digər dərəcədə təsir etməlidir. Nəticədə marşrut xətlərində avtobusların sayı artacaq və sərnişinlər dayanacaqda vaxt itirməzlər. O baxımdan hesab edirəm ki, sərəncam sərnişindaşımanın keyfiyyətinin artırılması baxımından öz müsbət təsirini göstərməlidir. Nəqliyyat sahəsində sərnişindaşıma ilə məşğul olan şirkətlər buna ciddi riayət etməlidirlər. Çünki məsələ ondadır ki, bu günlərdə ictimai nəqliyyatda qiymətlər artırıldı. Burda həm də məsuliyyət məsələsi yaranır. Bütün daşıyıcı şirkətlər bu məsuliyyəti hiss etməlidirlər. Bu məsuliyyət ölkə Prezidentinin onlara olan etimadını, inamını doğrultmağı özündə ehtiva edir. Ona görə də sərnişindaşıma ilə məşğul olan şirkətlər bundan sonra öz öhdəliklərini məsuliyyətlə yerinə yetirməlidirlər”.

Vidadi ORDAHALLI

Son xəbərlər