11/12/2018 02:50
728 x 90

Taxıl zəmilərinin yandırılmasına görə cəzaların sərtləşdirilməsi cəmiyyətin tələbinə çevrilir…

Qadir Bayramlı: “Əkin sahələrini yandıran şəxslər qanunvericiliyin tələbinə uyğun formada cəzalandırılmalıdır”

img

Məlum olduğu kimi, əkin sahələrində, xüsusilə taxıl və pambıq sahələrində məhsul toplandıqdan sonra tarlalarda qalıqların, əkin yerlərinin yandırılması praktikası geniş yayılıb. Təəssüf ki, bu təcrübə həm atmosferə, həm də torpağa mənfi təsir göstərir. Ancaq buna baxmayaraq, fermerler biçindən sonra taxıl zəmilərini yandırırlar.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, əkin sahələrinin yandırılması inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə və hüquqi şəxslərin 5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.

Bu cür yanğınlara səbəb olan şəxsləri hadisənin ağırlıq dərəcəsindən asılı olaraq 1 ildən 7 ilə qədər həbs cəzası gözləyir.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı taxıl zəmilərini yandıran şəxslərin qanunvericiliyin tələbinə uyğun formada cəzalandırılmasının vacib olduğunu bildirdi. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, məhsul toplanıldıqdan sonra həmin ərazinin yandırılması düzgün deyil: “Əhali arasında yanlış təsəvvür formalaşıb ki, biçindən sonra taxıl zəmisi yandırılırsa, orada olan zərərli mikroorqanizmlər məhv olur. Ancaq, əslində, zərərli həşəratlardan daha çox gələcəkdə məhsuldarlığa təsir edəcək mikroorqanizmlər məhv olur və torpağın münbitliyi zəifləyir. Sahələr yandırılan zaman həmin ərazi nəzarətsiz buraxılır və yanğın kənar hissələrə də zərər verir. Bəzi hallarda yanğın yaxın məsafəda olan meşə ərazisinə də keçir. Bu səbəbdən də hesab edirəm ki, sahələrin yandırılması qadağan olunmalıdır”.

Həmsöhbətimiz hesab edir ki, taxıl zəmilərini yandıranlar müəyyən məbləğdə cərimələnməlidirlər: “Bu məsələ ilə bağlı fermerlər maarifləndirilməlidir. Məhsuldarlığı artırmaq istəyirlərsə, torpağı yandırmağın əvəzinə aqrotexniki tədbirlər həyata keçirsinlər”.

Günel CƏLİLOVA  

Son xəbərlər