16/08/2018 00:59
728 x 90

Baş Prokurorluq ölkəmizin təbiətinə böyük ziyan vuran qanunsuz karxanalara “stop” qoydu...

“Ümumilikdə, nizamsız fəaliyyət göstərən karxanalar ölkəyə bir sıra ziyanlar vurur”

img

Telman Zeynalov: “Qum, çınqıl karxanaları qrunt sularının qurumasına, onların səviyyəsinin düşməsinə gətirib çıxarır”

 

Xəbər verildiyi kimi, 96 karxana ilə bağlı Baş Prokurorluqda 8 cinayət işi başlanıb. Baş Prokurorluqdan verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən aşkar olunmaqla ekoloji qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərə qarşı ən ciddi tədbirlər davam etdirilir.

Məlumat verildiyi kimi, ETSN-in əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinqi nəticəsində bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydalar və lisenziyalaşdırma şərtlərinin kobud surətdə pozulması, bunun nəticəsində ətraf mühitə, infrastruktur obyektlərinə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin erroziyaya məruz qalması müəyyən edilib.

Qum-çınqıl yataqlarında hüquqi və fiziki şəxslərə məxsus 96 karxananın fəaliyyətində aşkarlanmış qanun pozuntuları ilə bağlı toplanmış materiallar əsasında 8 cinayət işi başlanaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılır.

Etiraf edək ki, son zamanlar daş karxanalarında əmək qanunvericiliyinə əməl olunmaması və mövcud vəziyyətin getdikcə daha da geriləməsi müzakirə obyektinə çevrilib. Həmçinin, daş karxanalarının əksəriyyətində analoji vəziyyət hökm sürməkdədir ki, bu da vətəndaşları narahat edən məsələlərdəndir. Ümumiyyətlə, bu sahə bir sıra fəsadlara yol açır.

Bütün bunların fonunda, nizamsız karxanalar ölkəyə nə kimi ziyanlar vurur?

Məsələyə münasibət bildirən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun sözlərinə görə, ümumilikdə, nizamsız fəaliyyət göstərən karxanalar ölkəyə bir sıra ziyanlar vurur: “Məsələ ondadır ki, bu zaman təbiəti vəhşicəsinə istismar edirlər. Bu zaman heç bir qaydaları gözləmirlər. Bu da, öz növbəsində, bir sıra ciddi fəsadlara gətirib çıxarır. Məsələn, çayətrafı karxanalarda fəaliyyət zamanı çayın məcrasını dəyişirlər. Eyni zamanda, çayın məcrasına digər müdaxilələr edirlər. Yəni müxtəlif formalarda bu özünü göstərir. Nəticədə çaylara edilən müdaxilə sel daşqınlarına səbəb olur. Sel daşqınları da təbiətə, insanlara, təsərrüfat sahələrinə ziyan vurur. Qum, çınqıl karxanalarının fəaliyyət göstərməsi qrunt sularının qurumasına, onların səviyyəsinin düşməsinə gətirib çıxarır. Ən başlıcası isə bütün bu fəaliyyət torpağı məhv edir. Ölkədəki nizamsız karxanaların ekologiyaya vurduğu zərər müxtəlifdir. Yəni sözügedən fəaliyyət zamanı təkcə torpaq örtüyünə və suya ziyan dəymir. Bütün bunlar həm də havanın çirklənməsinə öz təsirini göstərir. Məsələn, açıq havada fəaliyyət göstərən daş karxanaları atmosferin çirklənməsinə öz təsirini göstərir. Düzdür, hava elə qurulub ki, öz-özünə təmizlənir. Ancaq tozun miqdarı həddən artıq çox olanda bu, havanın çirklənməsinə gətirib çıxarır. Bu da insanın səhhətinə mənfi təsir göstərir. Ona görə də daş karxanalarının yaratdığı bu kimi fəsadlar var”.

Vidadi ORDAHALLI

Son xəbərlər