16/08/2018 00:58
728 x 90

Əkin sahələrinin yandırılması torpaq fondumuzu məhv edir...

“Biçilmiş sahələrin yandırılması torpağın üst qatında olan faydalı mikroorqanizmlərin məhvinə səbəb olur”

img

Vahid Məhərrəmov: “Ona görə də fermerlər bu problemin qarşısını almalıdırlar”

 

Məlumdur ki, son zamanlar əkin sahələrində məhsul yığıldıqdan sonra tarlalarda qalıqların yandırılması tendensiyası çox geniş yayılıb. Ancaq bəzi insanlar bu halın ciddi fəsad və ya fəlakətlərə yol açacağını düşünmürlər.

Məxsusi olaraq, yay aylarında istilərlə əlaqədar məlum arzuolunmaz meyl ciddi fəsadlar törədir. Həmçinin, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə və eyni zamanda meşə təsərrüfatlarında qarşısıalınmaz yanğınlara səbəb olur.

Görünən odur ki, bir çox fermer bunun torpağa nə dərəcədə ziyan vurmasından xəbərsizdir. Bu prosedur dövlət səviyyəsində qadağan olunsa da, hələ də bir çox fermer və istehlakçı öz taxıl sahələrini yandırmağa üstünlük verir. Əkin sahələri yandırılan zaman torpaq səthində 250 dərəcəyə qədər hərarət yaranır. Nəticədə torpağın 3-5 sm qatında olan mikroorqanizmlər məhv olur. Fermerlərin öz əkin sahələrini yandırması əkdikləri bitki üçün də zərərlidir. Torpaq qida maddələrini mənimsəyə bilmir. Nəticədə məhsul da keyfiyyətsiz olur. Halbuki, taxıl sahələrini biçindən sonra yandırmaq əvəzinə, onları şumlamaq daha faydalıdır. Nəzərə almaq lazımdır ki, taxıl sahələrinin yandırılması başqa təhlükələrə də yol aça bilər. Ətrafdakı sahələr və həmçinin, meşə massivlərinə də yanğın keçə bilər və geniş miqyas alar.

Problemin aradan qaldırılması üçün taxıl sahələrini yandıranlara qarşı müvafiq cərimələr də nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, əkin sahələrinin yandırılması inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə və hüquqi şəxslərin 5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.

Bütün bu deyilənlərin fonunda, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Fermerlər əkin sahələrini niyə yandırırlar və bunun hansı fəsadları var?

Sözügedən məsələyə aydınlıq gətirən kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmov bir sıra məqamlara toxundu: “Məsələ ondadır ki, kombaynlar biçini həyata keçirən zaman yerlərin düz olmaması, daş-kəsəyin çox olması səbəbindən taxılı yuxarı hissədən biçir. Bu da, öz növbəsində, daha çox küləşin torpaqda qalmasına səbəb olur. Belə vəziyyət əkin zamanı problem yaradır. Kotanla əkini həyata keçirən zaman ciddi problem yaradır. Fermerlər də sözügedən problemin yaranmaması üçün biçilmiş sahəni yandırmalı olurlar. Buna yol verməmək üçün taxıl sahələri qaydaya uyğun biçilməlidir. İndi elə müasir texnikalar var ki, götürülən küləşin bir hissəsini xırdalayaraq sahələrə səpir. Sonradan torpağın humus qatının artırılması məqsədilə bunu həyata keçirirlər. Ancaq təəssüflər olsun ki, bizdə hələ bu baş verməyib. Taxıl sahələrinin yandırılmasının bir sıra fəsadları var. Çünki torpaqda 5 faiz faydalı, 5 faiz zərərli, 90 faiz isə neytral mikroorqanizmlər var. Belə bir balans yarandığı halda, biçilmiş sahələrin yandırılması torpağın üst qatında olan faydalı mikroorqanizmlərin məhvinə səbəb olur. Torpaqda bioloji proses qaydasında getmir. Bu da onunla bağlıdır ki, faydalı mikroorqanizmlərin sayı kəskin şəkildə azalır. Beləliklə, bu, gələcəkdə torpağın deqradasiyasına səbəb olur, münbitliyini sıradan çıxarır və nəticədə məhsuldarlıq azalır. Bunun əsas ziyanı məhz bundan ibarətdir. Yanğın zamanı həm də torpağın humus qatı yanır. Orada da faydalı elementlər var ki, nəticədə onlar da yanaraq yararsız hala düşür. Bütün bunların qarşısının alınması üçün birinci növbədə fermer çalışmalıdır ki, onun sahəsi düz olsun. Relyef elə olsun ki, orada kombayn normal hərəkət edə bilsin. İkincisi, sahədə olan daş-kəsəklərin hamısı vaxtında sahədən təmizlənməlidir. Sonra səpin həyata keçirilməlidir. İndiki texnikalar incədir və sürətlə hərəkət edir. Sahənin relyefi düz olmayanda bu, texnikaya ziyan vurur. Ona görə də fermerlər bu problemin qarşısını almalıdırlar”.

Vidadi ORDAHALLI

Son xəbərlər