19/07/2018 04:07
728 x 90

Azərbaycanda da 35 yaşdan sonra kişilərin ailə qurmaq meyli artır...

“Gənclərin çoxu ailə yükünü daşımaqdan ehtiyat edir”

img

Aytəkin Kamranqızı: “Yaş artdıqca, evlənmə ehtimalı da azalır, xüsusən də kişilərdə kompleks artır, onlar seçim etməkdə çətinlik çəkirlər”

 

Bu gün Azərbaycanda erkən nikah kimi, gənclərin gec yaşda ailə qurması problemi də mövcuddur. Azərbaycanda gec yaşda ailə quran bəy və xanımların sayında artım müşahidə olunur. Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda 35 yaşdan sonra ailə quran kişilərin sayı bu yaşdan sonra ərə gedən qadınların sayından 2-2,5 dəfə çoxdur.

Qeyd edək ki, ötən il nikaha daxil olan 62923 kişinin 39402-si 25-34 yaşlı olub. 2003-cü ildə ailə quran 56091 kişinin 34189-u, 2008-ci ildə 79964 kişinin 42584-ü, 2013-cü ildə 86852 kişinin 47756-sı, 2016-cı ildə 66771 kişinin 40156-sı 25-34 yaşlı olub.

Son 15 il ərzində yaşı 35-dən yuxarı olan kişilər tərəfindən bağlanan nikahların sayına görə ən yüksək göstərici 2013-cü ildə qeydə alınıb.

35 yaşdan sonra ailə quran bəylərin sayının artması səbəbləri barədə qəzetimizə məlumat verən sosioloq Aytəkin Kamranqızı bildirdi ki, hazırda orta statistik azərbaycanlı kişinin nikah yaşı 30-35 yaş arasında dəyişir ki, bu da kifayət qədər böyük rəqəmdir: “Qadınların da nikah yaşında artım müşahidə edilir. Belə ki, xüsusi hallar istisna olmaqla, orta statistik Azərbaycan qadınının nikah yaşı 24-25 yaşa təsadüf edir ki, bu, əsasən ali təhsilin bitdiyi dövrü əhatə edir. Kişilərdə isə vəziyyət qadınlardan fərqlidir. Tipik Azərbaycan ailələrində ailə başçısı və iqtisadi gəlir gətirən şəxs kişi olduğu üçün, kişilər təhsil aldıqdan sonra hərbi xidmətdə olmalı, daha sonra isə müvafiq iş tapıb bir neçə il işləməli və sonra evlənməlidirlər ki, bu da normal halda 30 yaşa qədər uzanır və ya bu yaş dövrünü keçir”.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda kişilərin gec evlənməsinin bir çox obyektiv və subyektiv səbəbi var: “Bunlardan sosial problemləri, iş dalınca xaricə üz tutmaları xüsusi vurğulamaq olar. Məsələn,  Rusiyada çoxlu sayda soydaşımız yaşayır. Ölkəmizdə kişilərin gec evlənməsində bu amil də xüsusi rol oynayır. Belə ki, gənc yaşlarında bu ölkəyə yola düşən gənclər uzun illər sonra geri qayıtdıqları üçün ailə həyatını da gec qururlar.

Həmçinin, yaş artdıqca, evlənmə ehtimalı da azalır. Xüsusən də kişilərdə kompleks artır, onlar seçim etməkdə çətinlik çəkirlər”.

Ekspert hesab edir ki, kişilərin gec evlənməsinə daha çox maddi durumu yaxşılaşdırmaq, karyera qurmaq istəyi təsir göstərir: “Təbii ki, evlənmək fikrinə düşən gəncin ilk olaraq öz maddi durumunu yaxşılaşdırmağı vacib şərtdir. Çünki maddi cəhətdən ətrafındakı insanlardan, xüsusilə də valideynlərindən asılı olan gəncin öz ailəsi ilə bağlı qərarlarda müstəqil olmayacağı məlumdur. Bu da, öz növbəsində, gənc ailənin sağlam təməllər üzərində formalaşmasına mane olacaq. Digər tərəfdən, əvvəllər ailə qurmaq üçün kiçik maliyyə xərcləri tələb olunurdusa, indi valideynlərin köməyi olmadan gənclər təkbaşına bu işin öhdəsindən gələ bilmirlər. Hər bir gənc istəyir ki, öz məvacibi ilə ailəsini dolandırmaq gücünə malik olsun, sonra evlənsin. Bəzi kişilər maddi baxımdan ailəsini təmin edə bilməyəcəyindən qorxduğundan, evlilik fikrinə soyuq yanaşırlar.

Həmçinin, ailə qurmaq üçün ilk növbədə mənzil lazımdır. Təhsil almaq, iş axtarmaq, öz ayaqları üzərində dayanmağı bacarmaq, bütün bunlar uzun illər tələb edir. Bu amillər də gənclərin evliliyi ikinci plana atmasına səbəb olur”.

A.Kamranqızının sözlərinə görə, gənclərin çoxu ailə yükünü daşımaqdan ehtiyat edir: “Hamıya məlumdur ki, ailə məsuliyyət deməkdir. Bunu dərk edən insan bu yükün altına girməyə tərəddüd edir. Digər tərəfdən, müasir dövrdə həm kişi, həm də qadınlar üçün ən vacib düşüncə karyeradır. Bu zaman ərzində sevgi arxa plana keçir. Amma bu olduqca yanlış düşüncədir. Çünki həm qadın, həm də kişi bəlli yaşa qədər mütləq ailə qurmalıdır. Ailə insanı şəxsiyyət kimi formalaşdırır. Əgər biz həm indi, həm də keçən əsrə nəzər salsaq görərik ki, cəmiyyətdə ailəli insana daha çox güvən olur. Ümumiyyətlə, kişilərin 30-35 yaşa qədər, qadınların isə 28-30 yaşa qədər evlənmələri vacibdir. Çünki gec yaşda evlənmək insan sağlamlığına ciddi zərər vurur”.

A.Kamranqızı onu da vurğuladı ki, gec evlənməyin müsbət cəhəti isə odur ki, insanlar gənc yaşlarına nisbətən daha kamil olurlar. Özlərini ailə qarşısında daha məsuliyyətli hiss edirlər. Ailələrinə, xanımlarına qarşı daha diqqətli olurlar: “Yeri gəlmişkən, el arasında yarızarafat-yarıgerçək işlədilən bir fikir də var: “cavana gedən yumruq görər, yaşlıya gedən quyruq”. Amma, bütün hallarda, tibb də sübut edir ki, insanlar yaşlandıqca, nəsilartırma qabiliyyətləri də zəifləyir. Bu baxımdan gec evlənənlərin övladlarının olmamaq risqi də var”.

Günel CƏLİLOVA

Son xəbərlər