19/07/2018 04:04
728 x 90

“Təhsil haqqında” Qanunda nələr dəyişdirildi…

“Təhsil haqqında” Qanuna edilən dəyişikliklər dövrün tələblərinə cavab verir”

img

Kamran Əsədov: “Azərbaycanda kollecləri bitirən şəxslər birbaşa ali məktəbə…”

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Təhsil haqqında” Qanuna dəyişikliklər və onun tətbiqinə dair fərman imzalayıb. Qanundakı yeniliyə görə, vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya ölkə Prezidentinin müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumtəhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır.

Təhsil müəssisəsinin təsisçisinə aid maddədəki yenilik belədir: “Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin müəllim heyətinin tərkibində Azərbaycan Respublikasının vətəndaşları sayca üstünlük təşkil etməlidirlər. Yerli kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər”.

Qanuna “Pedaqoji fəaliyyətlə məşğul olma” adlı yeni maddə əlavə edilib. Həmin maddəyə görə, Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

Həmçinin, etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.

Başqa bir yeniliyə görə, dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçirlər.

“Təhsil haqqında” Qanuna edilən dəyişikliklərlə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qəbul olunmuş dəyişiklikləri 3 hissəyə bölmək olar: “Birinci dəyişiklik redaktə, ikinci məzmun xarakterli, üçüncü dəyişiklik isə maddələrin daxil olunmasıdır. Xatırladım ki, Azərbaycanda təhsil haqqında qanun 2009-cu ildə qəbul olunub. Həmin ildən bu günə kimi istər Azərbaycan, istərsə də dünyada təhsil sistemi inkişaf edib və bu sahədə ciddi dəyişikliklər baş verib. Artıq Azərbaycan müasir çağırışlara cavab verməlidir. Çünki “Təhsil haqqında” Qanuna edilən dəyişikliklər labüd idi. Ümumilikdə, 5 məsələ üzrə dəyişiklik həyata keçirilib. İlk dəyişiklik ondan ibarətdir ki, sentyabrın 16-dan dekabrın 31-nə qədər 6 yaşı tamam olacaq şəxslər birinci sinfə gedə biləcəklər. Əvvəllər isə xüsusi istedada malik olan uşaqlara bu tətbiq olunurdu.

Digər dəyişikliyə görə isə respublika fənn olimpiadalarının qalibləri qalib gəldikəri fənnlər üzrə birbaşa universitetə qəbul olunmaq hüququna malikdirlər. Beynəlxalq olimpiadaların qalibləri isə istədikləri ixtisas və ali məktəb üzrə ali məktəbə qəbul olunmaq hüququna malikdirlər. Bu olduqca uğurlu addımdır. Nəzərə almaq lazımdır ki, son illər beynəlxalq olimpiadaların qalibləri Azərbaycanı seçmirdilər. Onlar daha çox kimya və fizika fənni üzrə qalib gəlirdilər və tibb ixtisası üzrə təhsil almaq istəyirdilər. Qanunvercilik buna imkan vermirdi. Bu səbəbdən qeyd olunan dəyişiklik olduqca vacibdir.

Növbəti dəyişiklik inqilabi addım sayılır. Azərbaycanda orta ixtisas və kolleci bitirən şəxslər bitirdikləri ixtisas üzrə birbaşa ali məktəbə qəbul olunmaq hüququna malikdirlər. Xatırladım ki, Prezident İlham Əliyev 2013-cü ildə imzaladığı “Təhsilin inkişafı üzrə strategiyada” qeyd olunur ki, təhsil əlçatan olmalıdır. Azərbaycanda ali təhsillilərin sayı kifayət qədər azdır. Ölkə vətəndaşlarının 17 faizi ali təhsillidir. Bu səbəbdən də edilən üçüncü dəyişiklik kollec məzunlarının həmin ixtisas üzrə birbaşa universitetə qəbul  olumasına imkan yaradır, bu da kifayət qədər uğurlu addımdır. Beləliklə, gənclərin orta ixtisas təhsilinə marağı artacaq.

Digər dəyişiklik isə qəbul imtahanları ilə bağlıdır. Əvvəllər ali məktəbə qəbul imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, indi isə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Ancaq 2019-cu ildən etibarən isə tək Dövlət İmtahan Mərkəzinin nəticələri ilə deyil, beynəlxalq imtahan nəticələri ilə də qəbul oluna bilərlər. Bu olduqca uğurlu addımdır”.

Həmsöhbətimiz hesab edir ki, “Təhsil haqqında” Qanuna edilən dəyişikliklər dövrün inkişafına cavab verir. Yaxın müddətdə biz bunun müsbət nəticələrini müşahidə edəcəyik.

Günel CƏLİLOVA 

Son xəbərlər