19/07/2018 04:15
728 x 90

Dünya vikipediyaçılarının Cənubi Afrika toplantısında Azərbaycan da təmsil olunacaq

Tədbirdə ölkəmizi gənc vikipediyaçı Eldar Əzimov təmsil edəcək

img

“Vikipediya”nın Azərbaycanca dil bölməsinin idarəçisi Eldar Əzimov ölkəmizi Cənubi Afrikanın Keyptaun şəhərində 18-22 iyul tarixlərində keçiriləcək “Vikimaniya-2018” adlı beynəlxalq tədbirdə təmsil edəcək. Bu barədə bizimlə söhbətində E.Əzimov məlumat verib.

Qeyd edək ki, hər il müxtəlif ölkələrdə vikipediyaçıların illik toplantısı olur. “Builki toplantı sayca 14-cü beynəlxalq tədbir olacaq. Bu tədbir 2006-cı ildən müntəzəm şəkildə keçirilir. Əsasən yayda, iyul-avqust aylarında təşkil olunur. Daha öncə Meksikada, ABŞ-da, Honkonqda keçirilən tədbirlərdə ölkəmizdən ən çoxu iki nümayəndə iştirak edib. Lakin 2016-cı ildə İtaliyada keçirilən tədbirdə iştirak edən olmayıb. Ötən il isə avqust ayında Kanadanın Kvebek əyalətində yerləşən Monreal şəhərində baş tutmuş tədbirdə ölkəmiz bir nəfərlə təmsil olunub” - deyə E.Əzimov bildirdi.

E.Əzimovun sözlərinə görə, “Azərbaycandilli Vikipediya”da məqalə sayı artıq 136 mini keçib və müxtəlif sahələrə aid kifayət qədər zəngin məqalələr var. Onun dediyinə görə, hazırda azvikinin təxminən 60-a yaxın fəal redaktoru var ki, bu da “Azərbaycandilli Vikipediya”nın inkişafından xəbər verir. O, eyni zamanda, qeyd etdi ki, “Vikipediya” dünyada 5-ci, Azərbaycanda isə 6-cı ən çox daxil olunan saytdır.

İradə SARIYEVA

Son xəbərlər