19/11/2018 07:48
728 x 90

Məktəblərin 150 metrliyində uşaqlarımızın mənafeyi naminə yeni qadağan...

“Bu gün uşaqların zərərli informasiya almasında təkcə televiziya və internet rol oynamır, eyni zamanda kitablar, ədəbiyyatın da rolu danılmazdır”

img

Kamran Əsədov: “Təklif edirəm ki, orta məktəblərin 200 metr yaxınlığında heç bir çayxana, internet-klub, səs-küylü restoran fəaliyyət göstərməsin”

 

Bu gün uşaqlarımızın mənəviyyatının yüksək olması, onların əxlaqi dəyərlərə sahiblənməsi istiqamətində bir sıra tərbiyəvi işlərin həyata keçirilməsi vacib bir məsələ kimi qarşımızda durur. Uşaqların tərbiyəsinin pozulmasında əsaslı rol oynayan zərərli informasiyaların qəbulu artıq gerçək bir problemə çevrilib. Bu problemin qarşısının alınması üçün dövlət tərəfindən müxtəlif addımlar atılır.

Milli Məclisdə I oxunuşda qəbul edilən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsində bir sıra məsələlərin həllinə vasitəçi olan maddələr yer alıb. Bu layihəyə görə, məktəblərin 150 metrinədək olan məsafədə uşaqlar üçün qadağan edilən informasiya məhsullarının yayılmasına icazə verilməyəcək

Layihədə vurğulanır ki, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrdən 150 metrdən az məsafədə yayılmasının qarşısı alınacaq. Qeyd edək ki, layihədə uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə qoyulan digər əlavə tələblər də müəyyən edilib.

Bu tələbə əsasən, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilməyəcək. Əks halda həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol veriləcək.

Layihəyə görə, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalara zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli informasiyalar aiddir.

Layihədə əksini tapan məsələyə münasibət bildirən tanınmış təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində bildirdi ki, bu müsbət haldır: “İlk növbədə qeyd edim ki, son illər informasiyanın, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının həyatımıza nüfuz etməsi və onun gündəlik yaşamımıza ciddi təsirləri inkaredilməzdir. Əlbəttə, bunun bir çox müsbət tərəfləri ilə yanaşı, müəyyən çətinlikləri də ortaya çıxır. Rəsmi rəqəmlərə istinadən deyə bilərəm ki, ölkəmizdə internet istifadəçiləri ölkə əhalisinin 80 faizini təşkil edir. Belə olduğu halda, informasiya resurslarının imkanlarından doğru istifadə olunmalıdır.

Hesab edirəm ki, uşaqlar arasında xoşagəlməz hadisələrin aradan qaldırılması üçün onların kütləvi şəkildə idmana cəlb edilməsi vacibdir. Hazırda regionlarda müasir standartlara uyğun, hər cür avadanlıqlarla təchiz edilmiş olimpiya mərkəzləri, idman məktəbləri, sağlamlıq ocaqları inşa olunub. Bundan düzgün şəkildə istifadə etmək lazımdır”.

Mütəxəssis bildirir ki, bütün gücümüzü səfərbər edib uşaqlarımızı zərərli informasiya burulğanından qorumalıyıq. Bu məsələnin qanunvericiliklə tənzimlənməsi məsələsinin müsbət olduğunu deyən ekspert hesab edir ki, uşaqlarımızı böyüklərə aid ədəbiyyat oxumaqdan, filmlərə baxmaqdan çəkindirməliyik: “Bu gün uşaqların zərərli informasiya almasında təkcə televiziya və internet rol oynamır, eyni zamanda kitablar, ədəbiyyatın da rolu danılmazdır.

Hesab edirəm ki, istər satış üçün, istər kütləvi kitabxanalarda ədəbi əsərlərin yaşa görə uyğunluğuna ciddi fikir vermək və riayət etmək lazımdır.

Təəssüf ki, bir çox hallarda azyaşlı uşaqlar böyüklərə aid ədəbiyyatı oxuyur, istifadə edirlər. Bu məsələdə məktəbdə müəllimlər, evdə valideynlər ciddi şəkildə uşaqlara nəzarət etməlidirlər. Düzdür, onsuz da kitab satışı yerlərinin sayı, kitab oxuyanların sayı azdır, amma imkan vermək olmaz ki, psixoloji, ideoloji, mənəvi zərərli olan ədəbiyyat istifadə olunsun.

Hətta bəzi televiziyalarda səhər saatlarında əxlaqa zidd olan filmlər nümayiş etdirilir, uşaq cizgi filmlərində uşaqların yaş həddinə uyğun olmayan ifadələr və görüntülər verilir. Düşünürəm ki, uşaqlar üçün bəzi filmlərdə və proqramlarda olduğu kimi, müəyyən qadağalar tətbiq olunmalıdır. Əgər valideynlər övladlarına mobil telefonlar, planşetlər alıb verirlərsə, onlara qadağanedici və məhdudlaşdırcı proqramlar yükləməlidirlər. Çünki azyaşlı şagirdlər mobil telefon və planşetlərdən istifadə edərək pornoqrafik saytlara daxil olurlar ki, bu da sonradan təhlükəli fəsadların törənməsinə zəmin yaradır.

Etiraf edək ki, 15 il əvvəlki uşaqlarla müqayisədə indiki uşaqlar daha çox şey bilirlər. Uşaqlar az qala dil açan kimi artıq telefonla rəftar etməyi, internet səhifələrinə daxil olmağı bacarırlar. Ona görə onlara qadağa qoymaq da mümkün deyil”.

K.Əsədov bildirir ki, çap kitablarında onlara qadağa qoymaq olar, ancaq elektron oxu zamanı onlara qadağa qoymaq mümkün deyil. O hesab edir ki, bunu ancaq valideynlər edə bilərlər. “Bunlarla yanaşı, təklif edirəm ki, orta məktəblərin 200 metr yaxınlığında heç bir çayxana, internet-klub, səs- küylü restoran fəaliyyət göstərməsin. Müvafiq qurumlar buna nəzarət etsinlər. Çünki qeyd etdiyim iaşə obyektləri şagirdlərin mənəvi tərbiyəsinə təsir göstərir” - deyə ekspert bildirdi.

İradə SARIYEVA

Son xəbərlər