13/12/2018 18:04
728 x 90

Milli parklarımız ölkəyə kütləvi turist cəlb edən məkanlardan biri kimi…

“Son illər milli parkların ərazisinə səfər edən turistlərin sayı dəfələrlə artıb”

img

Ceyhun Əliyev: “Milli parkların üstünlüyü ondan ibarətdir ki, burada həm təbiət qorunur, həm də turistlərin əraziyə girməsi, təbiətlə tanış olmasına imkan yaradılır”

 

Azərbaycan zəngin flora və faunası ilə böyük ekoturizm potensialına malikdir. Ekoturizm təbiətdən zövq almaq, istirahət məqsədilə istifadənin yeni forması olmaqla yanaşı, bioloji müxtəlifliyin qorunmasını təbliğ etməkdir. Milli parklar ölkədə ekoloji turizm sahəsinin inkişafı üçün əlverişli təbiət əraziləridir.

Məlumat üçün bildirək ki, hazırda ölkədə milli park statuslu qorunan ərazilərin sayı 9-dur. Milli parklarda rəngarəngliyinə və məzmununa görə fərqlənən 104 turist marşrutu fəaliyyət göstərir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, altı ay ərzində ölkəmizdə fəaliyyət göstərən milli parklara, ümumilikdə, 24 min 261 nəfər turist səfər edib. Onlardan 21 min 223-ü yerli, 3038-i xarici vətəndaş olub. Ötən ilin altı ayı ilə müqayisədə turistlərin sayında artım qeydə alınıb.

Qeyd edək ki, ekoturizm insanların dincəlmək, istirahət etməklə yanaşı, ətraf mühit qarşısında məsuliyyətini dərk etməsini, təbiətin gözəlliklərindən zövq almaqla bərabər, onu qorumaq mədəniyyətini də özündə ehtiva edən turizm növüdür. Təsadüfi deyil ki, son dövrdə turizm sənayesi yüksək inkişaf etmiş bir sıra ölkələrdə insanlar artıq ənənəvi turizmdən imtina edərək ekoloji turizmə daha çox meyl göstərirlər. Özü də turizmin bu növünün inkişafı geniş maliyyə imkanları və gəlirlərlə müşayiət olunur. Məsələn, ABŞ-da ekoturistlərin milli parklara gəzintisindən ölkə büdcəsinə milyardlarla dollar vəsait daxil olur. Bəllidir ki, Azərbaycanda ekoturizm üçün böyük potensial mövcuddur.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunan “Strateji Yol Xəritəsi”ndə də Azərbaycanın ekoloji turizm potensialının araşdırılması və milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili, Azərbaycanın ekoloji turizm imkanlarının tədqiqini həyata keçirmək və bunun əsasında milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı tədbirlər nəzərdə tutulub.

Turizm sahəsi üzrə ekspert Ceyhun Əliyev bizimlə söhbətində bildirdi ki, milli parkların üstünlüyü ondan ibarətdir ki, burada həm təbiət qorunur, həm də turistlərin əraziyə girməsi, təbiətlə tanış olmasına imkan yaradılır: “Artıq Azərbaycanda ekoturizm adlanan turizm sahəsi inkişaf dövrünü yaşayır. Məlumat üçün bildirim ki, ekoturizm bu gün dünyada turizmin ən sürətlə inkişaf edən sahələrindən biri sayılır. Son illər milli parkların ərazisinə səfər edən turistlərin sayı dəfələrlə artıb”.

Həmsöhbətimizin sözlərinə görə, yerli turizmin inkişaf etməsi səbəblərindən biri odur ki, Azərbaycanın turizm potensialı dünyanın bir çox ölkəsində keçirilən sərgilərdə nümayiş olunur, ölkə daxilində ildən-ilə regionlara təşkil olunan turların sayı artır. Sözsüz ki, ekoloji turizmin inkişafı da bu istiqamətdə həm əcnəbi vətəndaşlara Azərbaycanın ecazkar təbiətini nümayiş etdirir, həm də yerli əhaliyə təbiətə daha məsuliyyətlə yanaşmağı aşılayır.

C.Əliyev onu da vurğuladı ki, turizmin əsas qolu ekoturizmdir, bu növ səyahətin təşkil olunması həm zövq almaq, həm də maarifləndirmə üçündür.

Günel CƏLİLOVA 

Son xəbərlər