17/08/2018 13:44
728 x 90

5800 müəllim iş yerini dəyişmək gözləntisində - müəllimlər üçün məsələ niyə belə çətin problemə dönüb…

“Bir çox yerdə hələ də vakansiyaların gizlədilməsi ərizə təqdim edənlərə müsbət cavab verilməsinə maneə olacaq”

img

Kamran Əsədov: “… onlar saxta tibbi arayış, müvəqqəti nikah və ya yaşayış yerini dəyişmə sənədini təqdim etməklə yaradılmış imkandan yararlanmaq istəyirlər”

 

Müəllimlərin yerdəyişməsi ilə bağlı sənəd qəbulu artıq başa çatıb. Məlumat üçün bildirək ki, müraciətlər zamanı 5857 nəfər iş yerinin dəyişdirilməsi üçün elektron ərizələrini təsdiq edib. Hazırda onların ərizələrinə baxılır. Bu barədə media nümayəndələrinə Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

O qeyd edib ki, yerdəyişmə zamanı yalnız rayon və şəhərdaxili deyil, eləcə də bir rayondan və ya şəhərdən digərinə də yerdəyişmə həyata keçirilir: “Müraciət edənlər arasında respublikanın bütün rayon və şəhərlərinin məktəblərində çalışan müəllimlər var. Müəllimlərin yerdəyişməsinin səbəbləri də müxtəlifdir”.

M.Camalzadə bildirib ki, Təhsil Nazirliyi tərəfindən yerdəyişmə ilə bağlı hər hansı limit qoyulmayıb: “Təbii ki, müraciət edən müəllimlərin hamısının iş yerini dəyişmək mümkün olmayacaq. Çünki, əksər hallarda, bəzən eyni yeri daha çox insan seçir. Aydındır ki, bir yerə də yalnız bir namizəd seçilə bilər. Müraciətlər arasında daha çox ibtidai sinif, fiziki tərbiyə, ingilis dili, riyaziyyat müəllimləri yer alıb. 5628 vakansiya elan edilib. Bu da kifayət qədər böyük rəqəmdir. Bunun da 10 faizi, yəni 511 yer Bakının payına düşür”.

Qeyd edək ki, iş yerini dəyişmək istəyən bir qrup müəllim problemlə qarşılaşıb. İş yerini dəyişməkdə problemlə qarşılaşan müəllimlərlə bağlı Azərbaycan Təhsil Nazirliyi qurumun saytında məlumat yerləşdirib. Bildirilir ki, bir rayon (şəhər) daxilində müəllimlərin yerdəyişməsi məsələsinə rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən baxılır: “Bir rayondan (şəhərdən) digər rayona (şəhərə) iş yerinin dəyişdirilməsi üçün isə ərizə ilə Təhsil Nazirliyinə müraciət edilməlidir. Təhsil Nazirliyi tərəfindən müraciətə baxılır və aparılan araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq cavab verilir”.

Məsələ ilə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son illər ərzində orta məktəblərə müəllimlərin işə qəbulu və yerdəyişməsində ciddi irəliləyişlərə nail olunub: “Kənar müdaxilə olmadan müraciət edənlər müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirmənin nəticələrinə uyğun olaraq onlara yaradılmış bu imkandan maksimum yararlanırlar. Lakin nə qədər şəffaf şəkildə müəllimlərin yerdəyişməsi həyata keçirilsə də, rayon təhsil şöbələri, məktəb direktorları vakant yerləri gizlədirlər və ya normal qaydalarla yerdəyişmə etmiş şəxslərə sonradan az dərs saatı verilir. Yaxud onlara müəyyən çətinliklər yaradılır”.

Həmsöhbətimizin sözlərinə görə, artıq 2018-2019-cu tədris ili üçün orta məktləblərdə çalışanların yerdəyişməsi prosesi başlayıb və əsas mərhələ başa çatıb. Hazırda ərizə təqdim edən müəllimlər müraciətlərinin nəticələrini gözləyirlər: “Müraciətlərin sayı vakant yerlərdən bir neçə dəfə çoxdur. Bu, əlbəttə ki, müəllimlərin şəffaflığa inamının nəticəsidir.

Lakin bir çox yerdə hələ də vakansiyaların gizlədilməsi ərizə təqdim edənlərə müsbət cavab verilməsinə maneə olacaq. Bundan əlavə, daha çox mərkəzdən kənarda yerləşən məktəblər vakansiyaya çıxarılıb ki, bu da ərizəçilərin az müraciət etdikləri yerlərdir.

Hesab edirəm ki, orta məktəblərdə müəllimlərin, şagirdlərin və siniflərin sayı elektron bazada olsa, hər bir məktəbin müəllimə olan həqiqi ehtiyacı müəyyən olunar. Belə olarsa, heç bir məktəb direktoru vakansiyanı gizlədib, hansısa tələb qarşısında müsabiqədə iştirak etməyənlərə verməz.

Yerdəyişmə zamanı müraciət edən müəllimlər də bəzən qanun pozuntularına yol verirlər. Onlar saxta tibbi arayış, müvəqqəti nikah və ya yaşayış yerini dəyişmə sənədini təqdim etməklə yaradılmış imkandan yararlanmaq istəyirlər. Hesab edirəm ki, təqdim edilmiş ərizələr ciddi şəkildə araşdırılmalı, daha çox sosial səbəbi olan ərizələrə müsbət cavab vermək lazımdır”.

K.Əsədov onu da vurğuladı ki, bu gün təhsil sistemində inkişafyönümlü ciddi islahatlar keçirilir.

Günel CƏLİLOVA

Son xəbərlər