17/10/2018 01:31
728 x 90

Vətəndaşlığı olmayanların Azərbaycanda məktəb və tibb müəssisəsi açması…

“Tibb və ya təhsil müəssisələri Azərbaycan Respublikasının vətəndaşları tərəfindən təsis olunmalıdır”

img

Azər Allahverənov: “Ancaq bu o demək deyil ki, əcnəbilərin öhdəliyi yoxdur

 

Vətəndaşlığı olmayan şəxslər bu gün sərbəst şəkildə Azərbaycanda təhsil və ya tibb müəssisəsi aça bilər. Ancaq o da bəllidir ki, həmin şəxslərin Azərbaycan dövləti qarşısında heç bir öhdəliyi yoxdur. Belə olan halda, onların Azərbaycanda tibbi-təhsil müəssisəsi açması nə dərəcədə düzgündür?

Bu səbəbdən də vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsil müəssisələri açmasına icazə verilməməsi təklif olunur. Hətta bu məsələ Milli Məclisdə də səsləndirilib.

Maraqlıdır, vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda tibb-təhsil müəssisələri açması nə dərəcədə düzgündür?

Miqrasiya sahəsi üzrə ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əcnəbilərin tibb-təhsil müəssisələri təsis etməsi hüquqi müstəvidə öz həllini tapmalıdır: “Bu gün əcnəbilər Azərbaycanda hansısa tibb müəssisəsinin açılmasında iştirak edirlər. Müvafiq qaydada müəssisənin lisenziyasını əldə edirlər. Onu da bildirim ki, açılan tibbi və ya təhsil müəssisəsi həmin şəxsin adına deyil, başqa bir şəxsin adına olur. Bu tip faktlar mövcuddur. Hesab edirəm ki, bu məsələ hüquqi müstəvidə öz həllini tapmalıdır”.

Həmsöhbətimizin sözlərinə görə, təhsil və tibbi sahə istənilən dövlət üçün strateji sahələrdir: “Strateji sahə olduğu üçün bu sektorlar bilavasitə dövlətin nəzarətindədir. Bu sahələrin inkişafı istiqamətində hər hansı müəssisənin açılmasında iştirak edən şəxslərin Azərbaycan Respublikası qarşısında öhdəliyi olmalıdır. Ancaq bu o demək deyil ki, əcnəbilərin öhdəliyi yoxdur. Sadəcə olaraq xaricilərin məsuliyyəti ilə yerli vətəndaşların məsuliyyəti bir qədər fərqli ola bilər. Bu səbəbdən də öhdəlik məsuliyyətə adekvat olmalıdır. Ancaq onu da deyim ki, hər hansı bir xoşagəlməz hal baş verərsə, ən pis halda, əcnəbi öz ölkəsinə ekstradisiya olunacaq”.

Ekspert hesab edir ki, tibb və ya təhsil müəssisələri Azərbaycan Respublikasının vətəndaşları tərəfindən təsis olunmalıdır. Qanunvericilikdə bütün öhdəliklər əks olunmalıdır. Hətta bu işdə rolu olan əcnəbilərin də öhdəliyi qeydə alınmalıdır. Həmçinin, müəssisəyə lisenziya verilməklə yanaşı, nəzarətdə saxlanmalıdır. Nəzarət təkmil şəkildə olmalıdır”.

Günel CƏLİLOVA

Son xəbərlər