17/10/2018 01:33
728 x 90

Azərbaycan Polisi – 100 il də arxada qaldı

Hər bir xidmət sahəsi şərəflidir. Polisdə xidmət isə xüsusi növ qulluq və vətənə sədaqətin ətrafa görk olacaq nümunəsidir-deyərdim…

img

Zaman və cəmiyyət dəyişdikcə dövlətin və hüquq-mühafizə orqanlarının funksiyalarının da dəyişilməsinə zərurət yaranır. Cəmiyyətdə yaranan yeni ictimai münasibətlərə zidd ideologiyaya qarşı yeni təhlükəsizlik sisteminin tətbiqinə ehtiyac duyulur.

Hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri dövlət mexanizminin və ictimai qaydanın mühafizəsi məqsədilə polis orqanın təsis edilməsindən ibarət olur. Polis hər zaman ölkənin daxili təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayıb, dünya sivilizasiyasının qədim və ayrılmaz komponentlərindən biri kimi fəaliyyət göstərib. Polis çevik, mürəkkəb və özünə xas fəaliyyəti ilə özgəninkiləşdirilməyən hüquq və azadlıqların təmin olunmasında fasiləsiz çalışır, fəaliyyət prinsiplərinə sadiq qalır, hakimiyyətin icra budağında heç bir orqanın malik olmadığı səlahiyyətlərlə qərar tutur.

Dövlət mexanizminin sınanmış tərkib hissəsi olaraq vətəndaşların hüquq və azadlıqlarının, qanuni maraqlarının təmin edilməsi, ictimai qaydaların mühafizəsi, cinayətlərin kəmiyyət və keyfiyyət göstəricilərinə görə təhlili, əhali arasında cinayətkarlığın qarşısının alınması məqsədilə profilaktik, maarifləndirmə xarakterli tədbirlərin təşkili və təşviqi  polisin fəaliyyət istiqamətlərinin ana xəttini təşkil edir.

Azərbaycan polisinin 100 il ərzində cinayətkarlıqla mübarizə yolu, əməliyyat - axtarış coğrafiyası rəngarəng olub. Xalq Cümhuriyyəti dövründə fəaliyyətinə kövrək addımlarla başlayan Azərbaycan Polisi uzun illər ərzində totalitar siyasi rejimli fövqəl Sovet dövlətinin maraqlarına paternalizm (atalıq qayğısına xas) prinsiplərinə xas xidmət edib. Həmin dövrlərdə polisin əsas vəzifəsi dövlətin iradəsini realizə edən repressiv fəaliyyət formasından istifadə etməsi ilə bağlı olub. Cinayətkarlığın kökünü kəsmək xülyası kommunist ideologiyasının özünü doğrultmayan yanlış prinsipinə əsaslanırdı. Demokratik, hüquqi dövlətlərdə isə polis orqanları fəaliyyət istiqamətlərini fərqli qurur.

Repressiv cəzalandırma funksiya sistemini ictimai təhlükəsizliyin və hüquq qaydalarının təmin edilməsi vəzifəsi əvəz edir. Cinayətkarlıq üzərində nəzarət, bu istiqamətdə dövlət siyasətinin formalaşdırılmasına, ictimai münasibətlərə zidd vərdişlərin qarşısının alınmasına, onu doğuran səbəb və şəraitin aradan qaldırılmasına  üstünlük verilir, əhaliyə geniş sosial xidmətlər təqdim edilir və s. Qeyd olunan funksiyaların həyata keçirilməsinin təşkili və təmini, habelə polis əməkdaşlarının hüquq düşüncələrinin və peşəkarlıq mədəniyyətinin yüksəldilməsi üçün əməkdaşlar qarşısında mühüm tapşırıqlar qoyulur.

Bütün bunlarla yanaşı, müasir Azərbaycan polisi cinayətkarlıqla mübarizədə, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının, ictimai təhlükəsizliyin təmin olunması, şəxsi heyətin ideya, bilik və mədəni səviyyəsinin yüksəldilməsi zamanı demokratik dövlətlərin təcrübəsindən istifadə edir, nəzəri və praktik əhəmiyyət daşıyan müasir forma və metodları fəaliyyət istiqamətlərində tətbiq edir.

Polisin fəaliyyəti dövlət quruluşunun  formasının, onun daxili və xarici funksiyalarının, habelə siyasi rejimin mahiyyəti ilə səciyyələnir. Ona görə də, polis dövlət mexanizminin əsas halqalarından biri kimi həmişə ictimai diqqət çəkir.

Beynəlxalq hüququn və BMT-nin subyekti olan demokratik Azərbaycan dövlətinin vəzifəsi yalnız hamılıqla tanınan ümumbəşəri dəyərlərə, beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipinə hörmətlə yanaşmaq, insan və vətəndaş hüquq və azadlıqlarının təminini bəyan etməklə bitmir, həmin dəyərlərin davamlı mühafizəsinə zamin durur və bu missiyanı real təcəssüm etdirir. Azərbaycan Polisi bu mənada ölkədə əmniyyətin təminatçısı kimi çıxış edir. Polisin fəaliyyətinin unikallığı onunla izah olunur ki, dövlətin cinayətkarlıqla mübarizə siyasətini realizə etməklə xalqa və dövlətçiliyə ləyaqətlə xidmət edir. Onu güc strukturu kimi qəbul etmək arzuolunmazdır. Bu mənada Polis bütün şəxsi heyətilə Azərbaycan xalqının və hakimiyyətin səlahiyyətli xidmətçisi kimi hüquq-mühafizə funksiyalarını həyata keçirən dövlət orqanı kimi özünü təsdiqləyir.

Polis orqanlarının müəyyən regionda cinayətkarlıqla mübarizə meydanı rəmzi mənada dövlətlə polisin görüş yerini xatırladır. Burada polis üzərinə düşən vəzifənin məsuliyyətini dərk edərək, səlahiyyətli orqanın nümayəndəsi kimi cəsarətlə hərəkət edir. Dövlətin rəmzləri ilə bəzənən geyimi ilə  ətrafa “harda qanun-qayda pozularsa orda polis də var” mesajını verir. Bu da bir profilaktik hərəkətdir-desəm yanılmıram. Bu prosesə  vəzifə funksiyalarının icrası zamanı Qərb-Avropa modelləri də təsirsiz qalmır.

Bu gün Azərbaycan polisinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə demokratik islahatlar həyata keçirilir, peşəkar kadrların hazırlanmasında xarici təcrübədən istifadə edilir. Azərbaycan polisi cinayətkarlıqla mübarizə fəaliyyətinin eskalasiyasını genişləndirmək və təkmilləşdirmək, cinayətkarların ekstradisiyası, transmilli cinayətkarlıq, beynəlxalq aləmdə terrorçuluğun qarşısının alınması sahəsində xarici dövlətlərin polis orqanları ilə əməkdaşlıq edir. Beynəlxalq təşkilatlarla - BMT, AŞ, ATƏT, Aİ, BMqT(Beynəlxalq Miqrasiya Təşkilatı), Beynəlxalq Qırmızı Xaç komitəsi ilə əlaqələr qurur. Bu təşkilatlarla qarşılıqlı münasibət nəticəsində DİN-in müvafiq sahələri üzrə seminarlar, təlim kursları keçirilir. DİN regional beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, Beynəlxalq Polis Təşkilatının - İnterpolun üzvüdür, Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosu fəaliyyət göstərir. Azərbaycan DİN-nin MDB-nin iştirakçısı olan dövlətlərin hüquq mühafizə orqanları və birliyin Daxili İşlər Nazirlikləri ilə məhsuldar əməkdaşlığı davam edir.

DİN-in kollegiya sədri və kollegiya üzvləri xarici dövlətlərin akkreditə olunmuş diplomatik korpusların nümayəndələri ilə bəşəri marağa xidmət edən görüşlər keçirilir.

Heç bir şərhə başlamadan belə qənaətə gəlmək olar ki, müasir Azərbaycan polisinin fəaliyyəti qürur duyulan səhifələrlə zəngindir, unudulmur və xoş ovqatla xatırlanır. Cinayətkarlıqla mübarizənin vəziyyətinə nəzər saldıqda qeyd etdiklərimi sezmək çox asandır: 2017-ci il ərzində 26113 cinayətlər qeydə alınmış, 85,5%-nin açılması təmin edilmişdir. 100 illik tarixin statistik vəziyyətinə nəzər salsaq, il ərzində baş verən cinayətlərin 85,5%-nin açılması  rekord göstəricidir. Dinamikada digər göstəricilərə də nəzər salaq: Ötən il ərzində peşəkarlıq, prinsipallıq, hadisələrə çevik əməliyyat reaksiyası, habelə əməkdaşların alturist mövqeyi nəticəsində qəsdən adam öldürmələr 9,5%(-17); mənimsəmə və israfetmə 6,8%(-10); dələduzluqlar 11,8(-514); qarət faktları 16,6%(-54); quldurluqlar 23,6%(-39): xuliqanlıqlar – ictimai münasibətlərə qarşı müstəsna dərəcədə hörmətsizlik halları 15,1%(-147): korrupsiya ilə bağlı cinayətlər 7,4%(-41) azalıb. Sosial faktorların təsir etdiyi səbəblərdən mənzil oğurluqları 190 fakt artıb. Ekologiya sahəsində baş verən cinayətlərin 28,3%(+36 faktın) artması narahatlıq doğursa da, bu sahəyə nəzarətin gücləndirilməsi eyni zamanda “ətraf mühiti qorumaq” hər bir Azərbaycan vətəndaşının borcudur - konstitusion vəzifənin yerinə yetirilməsi ilə bağlıdır.

Əhalinin 100min nəfərinə düşən cinayətlərin sayı 246 faktla qeydiyyatda yer almaqla MDB və Şərqi Avropa ölkələrindən azdır. Qeyd etdiklərim ölkədə sabitliyin davamlılığı sahəsində həyata keçirilən dövlət siyasətinin və dövlətin ali məqsədinin canlı təcəssümüdür.

Transmilli mütəşəkkil cinayətkarlığın mühüm qolu kimi insan alverinə qarşı mübarizə fəaliyyəti də güclənib. Milli Fəaliyyət Planının tələblərinə uyğun davam etdirilən əməliyyat tədbirləri nəticəsində ötən ildə ümumilikdə insan alverinə aid 295 cinayət faktı aşkar edilib (-19) 17 nəfərdən ibarət cinayətkar qrup zərərsizləşdirilərək cinayət məsuliyyətinə məruz qalıb, onların əməllərinin qurbanına çevrilmiş 71 nəfərin müəyyən tibbi və psixoloji xidmətdən sonra cəmiyyətə qayıdışı bərpa olunub. 2017-ci il ərzində bilavasitə insan alverini ehtiva edən cinayət tərkibli 142 fakt aşkar edilib.

İctimai mənəviyyat əleyhinə qeydə alınmış 126 cinayət faktları ilə bağlı 157 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun, polis general-leytenantı Vilayət Eyvazovun həm beynəlxalq tribunalarda, həm də Milli Məclisdəki hesabatları məqbul rəylə  qarşılanıb.

Ötən il ərzində Azərbaycan polisinin qürur duyulan və təqdirəlayiq olan fəaliyyət dairəsi - mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin uğurla həyata keçirilməsində əksini tapır. Hesabat dövründə ölkədəki islahatların və vətəndaşların rifah halının yaxşılaşdırılması əleyhinə yönələn, sabitlik üçün təhlükə mənbəyi olan 3179 cinayət faktları vaxtında həyata keçirilən, düşünülmüş çevik əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş, cinayətlərin ağır və xüsusilə ağır növlərinə aid olan 729 fakt üzrə 2698 nəfəri - təhlükəli residiv şəxsləri birləşdirən 1028 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə də mübarizə güclənib, prinsipal fəaliyyət nəticəsində 2727 fakt aşkar edilib, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 78 (+8) cinayətkar qrup yaxalanıb, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 1224 kq narkotik vasitənin qarşısı alınıb.

Bu növ cinayətin subyektlərinin sırasında 931 nəfəri əvvəllər məhkum olunmuşlar, 2078 nəfəri işləməyən və oxumayanlar təşkil edir. 1 tona qədər narkotik vasitələr qeyri-leqal dövriyyədən çıxarılıb.

Ümumiyyətlə, 2017-ci il ərzində istintaq və məhkəmə orqanlarından yayınan 3415 nəfərin yeri müəyyən edilərək tutulub. Bakı İnterpolun əməkdaşları axtarışda olan 79 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 39 şəxsin yeri müəyyən olunub. Keçmiş illərdən bağlı qalmış 418 cinayətlərin açılması polisin fasiləsiz fəaliyyətinin real bəhrəsidir. Zənnimcə, cinayətkarlıqla mübarizə  başqa vasitələrlə davam edən bir müharibədir. Yəni cinayətkarlıqla mübarizə ölkə daxilində sabitliyi pozmağa çalışanlara, vətəndaşların əmlak münasibətlərinə qəsd edənlərə və qanunlara zidd davrananlara qarşı müharibənin başqa vasitələrlə  aparılmasıdır.

Yuxarıda qeyd etdiklərimə təkrar istinad etməyə ehtiyac duyuram. 1991-ci ildən etibarən dünyada və MDB məkanında tarixi zərurətdən doğan ciddi dəyişikliklər müstəqil Azərbaycan cəmiyyətindən də yan ötməyib, ictimai münasibətlərə qarşı hərəkət və hərəkətsizliklər artıb-azalma ilə dinamikada yer alıb.

1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk olaraq müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin Milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. 1918-1920-ci illər ərzində Azərbaycan polisi Cümhuriyyətin formalaşmasında, milli maraqların, azərbaycançılıq-türkçülük ideologiyasının inkişafında və müstəqilliyin müdafiəsində əvəzsiz rol oynayıb, cinayətkarlıqla mübarizə siyasətində fəal iştirak edib, əməliyyat-axtarış fəaliyyətində nəsillərə görk olacaq spesifik mübarizə metodu və üsulları yaradıb. Vətənə sədaqət hissi, dövlətçilik, milli təəssübkeşlik, ələ alınmama (etibar edilən vəzifəyə sədaqət), loyallıq, vətən, xalq və dövlət marağına üstünlük vermək kimi etik-davranış qaydalarına sadiqlik  nümayiş etdirmək ənənəsinin bazasını yaradıb.

Erməni işğalçılarına qarşı döyüşlərdə milli ordu ərsəyə gələn dövrə qədər fədakarlıq, rəşadət və döyüş əzmi ilə ön cəbhədə olan Azərbaycan polisi ərazi bütövlüyümüzün, sərhədlərin toxunulmazlığının və suverenliyimizin qorunmasında canını əsirgəmədən qəhrəmanlıq səlnaməsi nümayiş etdirmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrundakı döyüşlərdə fədakarlıqlara, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində, ictimai təhlükəsizliyin qorunmasında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin aktları ilə DİO-nun 66 əməkdaşına “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adı verilib, 86 əməkdaş “Azərbaycan Bayrağı” ordeni ilə, 247 əməkdaşı isə müxtəlif orden və medallarla təltif edilib. 1000 nəfərə qədər əməkdaş vətən uğrunda şəhid olub, mindən çox əməkdaş  əlil olub.

1918-ci ildən 2018-ci ilə qədər Azərbaycan Daxili İşlər Nazirliyinə 27 ali rütbəli şəxs rəhbərlik edib. Cümhuriyyətimizin 23 ayı ərzində hökumətin tərkibində daxili işlərə 6 nəfər - ilk nazir Xoyski Fətəli Xan İskəndərxan oğlu, sonuncu nazir isə 15.02.20 – 28.04.1920-ci ilin iki ayı ərzində Vəkilov Mustafa ağa Nazir oğlu rəhbərlik edib.

Sovet dönəmində -28 aprel 1920-ci ildən, 9 may 1990-cı ilə qədər isə 14 ali rütbəli şəxs nazirliyə rəhbərlik edib. 1990-cı il may ayının 23–dən başlayaraq 7 nəfər Daxili İşlərə nazir təyin edilib. Allah polisin ali, zabit və sıravi heyətini, Milli Ordumuzun vətənpərvər əsgərlərini hifz etsin, onlara güc və qüvvət versin. 100 illik yubileyiniz mübarək, əziz Polis əməkdaşları, Daxili Qoşunların   və Milli Ordunun şəxsi heyəti!

Şəmsəddin ƏLİYEV
Hüquqşünas-publisist

Son xəbərlər