17/10/2018 01:48
728 x 90

Mobil operatorlar Bakıdakı bəzi yerləri hələ köhnə adları ilə göstərir

Bəzi sosial şəbəkələrdə istifadəçilərin ünvanları “Kirovskiy”, “Kirovabad”, “Razin” kimi göstərilir...

img

Səbuhi Abbasov: “Təəssüf ki, mövcud ünvanlarımızın, yaşayış yerlərimizin adlarını bəzi sosial şəbəkə istifadəçiləri köhnə adları ilə qeydiyyatdan keçirirlər”
“Bu problem istifadəçilərin məsuliyyətsizliyi üzündən yaranıb və o səhvi istifadəçilər özləri də düzəltməlidirlər”

 

Sosial şəbəkə istifadəçilərinin bir çoxu müxtəlif paylaşımları, məlumatları izləyərkən müəyyən xoşagəlməz hadisələrlə üzləşirlər. Bu xüsusən də özünü “Facebook” sosial şəbəkəsində göstərir. Əksər hallarda informasiyaların, fotoların, videoların paylaşıldığı ərazilər, ünvanlar hazırkı adları ilə deyil, Sovet dövründə mövcud olan adları ilə təqdim edilir.

Məsələn, paylaşım edilən ünvan Rəsulzadə qəsəbəsi adı ilə deyil, “Kirovskiy”, Bakıxanov qəsəbəsi - “Razin”, Gəncə - “Kirovabad”, Göygöl - “Xanlar” və s. adlar altında göstərilir. Açığı, bir neçə ildir müşahidə etdiyimi bu məsələ bizdə təəccüb doğurmaya bilmir. Mobil operatorlar, aidiyyəti internet qurumları, eləcə də sosial şəbəkələrlə əlaqəsi olan yetkililərin bu problemi görməzdən gəlməsi narahatlıq doğurur.

Onu da vurğulayaq ki, əvvəlcə bunun sosial şəbəkə qurucularının, şirkətlərinin təxribatı kimi də qiymətləndirməyə bilmədik. Sosial şəbəkələrdə ünvanların Sovet dövründə mövcud olan adlarla təqdim edilməsi məsələsini araşdırmaq qərarına gəldik.

Ekpsertlər bildirdilər ki, bu problemin yaranmasının səbəbkarı sosial şəbəkə istifadəçiləridir. Onlar qeyd edirlər ki, bəzən sosial şəbəkə iştirakçıları ya bilərəkdən, ya da savadsızlıqdan mövcud ünvanları Sovet dövründə olan adları ilə qeydiyyatdan keçirir, tağ edirlər.

İKT üzrə mütəxəssis Səbuhi Abbasov bizimlə söhbətində bildirdi ki, sosial şəbəkə istifadəçilərinin yol verdiyi bu xətalar ermənilərin əlinə müəyyən fürsətlər verir və onlar bundan bizə qarşı istifadə edirlər. “Təəssüf ki, mövcud ünvanlarımızın, yaşayış yerlərimizin adlarını bəzi sosial şəbəkə istifadəçiləri köhnə adları ilə qeydiyyatdan keçirirlər. Bu da hazırkı problemi yaradır. Burada mütəxəssis müdaxiləsindən çox, istifadəçilərin sosial şəbəkələrdən düzgün qaydada istifadə etməsi əsasdır. Bu halın qarşısının alınması üçün sosial şəbəkələrdə o təqdimatlara düzəlişlər edilməlidir ki, onlar təkrar olunmasın. Yəni o adların silinməsi və mövcud adları ilə göstərilməsi üçün  istifadəçilər kütləvi olaraq sosial şəbəkədə düzəlişlər etməlidirlər. Bu düzəliş olsa, bir də onlar Sovet dövründəki ünvanlarla göstərilməz. Bu problem istifadəçilərin məsuliyətsizliyi üzündən yaranıb və o səhvi istifadəçilər özləri də düzəltməlidirlər. Məsələn, “Hökumət evi”nin adı sosial şəbəkələrdə “Dom Sovet” kimi qeydiyyatdan keçirilib, o cür tağ edilib. Bu da bütün paylaşımlarda o adla göstərilir. Deyim ki, bu yanlışlıqdan ermənilər sui-istifadə edirlər. Hətta onlar sosial şəbəkələrə daxil olub bizim ərazilərimizin adlarını, eləcə də ünvanlarımızı erməni dilində qeyd edirlər. Bizim istifadəçilər isə bunu kənardan seyr edirlər. Çox istərdim ki, sosial şəbəkə istifadəçiləri Azərbaycanla bağlı bütün məlumatlarda dəqiqliyi gözləsinlər. Bu halda, düşmən bizə qarşı o qədər də aktiv olmayacaq”.

İradə SARIYEVA

Son xəbərlər