18/06/2018 05:51
728 x 90

Azərbaycan rus turistlər üçün ən cəlbedici ölkələr sırasında…

“Rusiyanın özündə günəşli gün qıtlığı hiss edilir və ona görə də rusiyalı turistlər ölkəmizi seçirlər”

img

Ceyhun Əliyev:”Turizm sektorunda aparılan islahatlar, manatın məzənnəsindəki dəyişiklik və bu fonda az xərc tələb olunması Azərbaycanı rusiyalı turistlər üçün daha cəlbedici edib”

 

Azərbaycanın zəngin mədəni və tarixi irsi ildən-ilə daha çox turistin diqqətini cəlb edir. Ərəb ölkələrindən və İrandan nəzərəçarpan turist axınına baxmayaraq, qonşu Rusiyadan gələn turistlər birinciliyi əldən vermirlər. Belə ki, 2017-ci ildə ölkəmizə gələn 2 milyon 692 min nəfər turistin 853 min nəfərini məhz Rusiya Federasiyasından gələnlər təşkil edib. Bakı, həmçinin, ənənəvi olaraq, ruslar arasında bayram günlərində məşhur olan lider şəhərlər arasındadır.

“TurStat” Analitik Agentliyi 2018-ci ilin I rübündə Rusiyadan getmə turizm ölkələrinin reytinqini təqdim edib. Agentliyin məlumatında deyilir ki, Azərbaycana səfərlərin sayı 147 min təşkil edib ki, bu da keçən ilin göstəricisindən 6% çoxdur.

Rusiyalı turistlərin istirahət üçün Azərbaycanı seçməsi ölkə turizminin inkişafından xəbər verir. Tək paytaxt Bakı ərazisi deyil, eyni zamanda, bölgələrimiz də rusiyalı turistlərin marağındadır. Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanın Naftalan şəhəri həmişə rusiyalı turistlərin sevimli istirahət və müalicə məkanıdır. Rusiyanın “TurStat” analitik agentliyinin araşdırmalarına görə, 2017-ci ildə yaxın əcnəbi ölkələr arasında Azərbaycanın istirahət məkanları rusların ən sevimli istirahət yeri olub. Belə ki, rusların Naftalana neftlə müalicə almaq üçün gəldikləri bəlli olub.

Turizm sahəsi üzrə ekspert Ceyhun Əliyev bizimlə söhbətində qeyd etdi ki, son 10 ildə Bakı həqiqətən də həddən çox gözəlləşib, turistlər üçün cəlbedici məkana çevrilib: “Tək rusiyalı turistlər deyil, eyni zamanda, digər ölkələrin vətəndaşları da istirahət üçün Azərbaycanı seçirlər. Rusiyalı turistlər günəşli məkanlarda istirahət etməyə daha çox önəm verdiyindən, günü-gündən bu qonşu ölkədən daha çox insan istirahət üçün Bakını seçir: “Rusiya əhalisi, adətən, günəşli məkanlarda istirahət etməyi çox sevir. Rusiyanın özündə bu mənada günəşli gün qıtlığı hiss edilir. Ona görə də rusiyalı turistlər ölkəmizi seçirlər”.

Həmsöhbətimiz onu da bildirdi ki, turizm sektorunda aparılan islahatlar, manatın məzənnəsindəki dəyişiklik və bu fonda az xərc tələb olunması Azərbaycanı rusiyalı turistlər üçün daha cəlbedici edib: “Məsələ ondadır ki, ümumiyyətlə götürəndə, Rusiya ilə Azərbaycan arasında tarixi ənənəvi əlaqələr var. Manatın məzənnəsindəki dəyişiklik, eyni zamanda, ölkəmizdə turizm sahəsində görülən müəyyən işlər, bu istiqamətdə aparılan islahatlar sektorun xaricilər üçün cəlbediciliyini artırıb”.

Günel CƏLİLOVA  

Son xəbərlər