17/08/2018 13:45
728 x 90

“Google” xəritəsində bəzi Azərbaycan yer adlarına “erməni barmağı” uzanıb...

Xarici İşlər Nazirliyi internet istifadəçilərini erməni təxribatına qarşı aktiv olmağa səsləyir

img

Osman Gündüz: “Nazirlik tarixi Azərbaycan rayonlarının adlarının elektron xəritədə Azərbaycan dili ilə yanaşı, erməni dilində göstərilməsi ilə bağlı bir həyəcan siqnalı çalmalıdır”
Cahid İsmayıloğlu: “İnternet istifadəçiləri arasında həmrəylik olmalıdır ki, ermənilərin Azərbaycan ərazilərinin adlarını erməni dilində təqdim etməsinin qarşısı alınsın”

 

Müxtəlif internet axtarış sistemlərində Azərbaycana, respublikamızın ərazilərinə qarşı erməni təxribatı səngimək bilmir, əksinə, günü-gündən daha da alovlanır. Bu gün “Google”, “Yandex”, “YouTube” və s. geniş şəbəkələrin imkanlarından istifadə edən ermənilər öz saxtakar əməllərini davam etdirirlər. Onların bizə qarşı törətdiyi növbəti informasiya təxribatlarından biri də “Google maps”ın elektron xəritəsinə müdaxilə etmələridir ki, bunun da nəticəsində tarixi Azərbaycan rayonlarının adları elektron xəritədə Azərbaycan dili ilə yanaşı, erməni dilində göstərilir.

Dünyanın məşhur onlayn xəritə platforması olan “Google maps” Azərbaycan ərazilərini şübhə altına alan addımlar atmaqda davam edir. Bu platformada işğal altında olan rayonlarımızın adları Azərbaycan dili ilə yanaşı, erməni dilində də verilir. Qeyd edək ki, Xarici İşlər Nazirliyi isə bu məsələdə vətəndaşları fəal olmağa çağırır.

Tarixi Azərbaycan rayonlarının adları elektron xəritədə Azərbaycan dili ilə yanaşı, erməni dilində göstərilir. Üstəlik, bu təxribatçı addım artıq bir neçə dəfədir təkrarlanır. Ekspertlər vurğulayırlar ki, bu qanunsuzluğa "Google maps”da yol verilməsi hər bir azərbaycanlını narahat etməlidir.

Məsələyə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata deyib ki, bununla bağlı dəfələrlə "Google" şirkətinin mərkəzi ofisinə müraciətlər göndərilib və rəsmi diplomatik kanallarla birgə məsələ şirkət qarşısında qaldırılıb. Şirkətdən verilən cavab isə ondan ibarət olub ki, "google maps" istifadəçilərin fərdi yaradıcılığı prinsipi əsasında fəaliyyət göstərir. H.Hacıyevin sözlərinə görə, vətəndaşlar fəal şəkildə bu kimi neqativ halların qarşısını almaq üçün öz səylərini əsirgəməməlidirlər.

H.Hacıyev onu da vurğulayıb ki, Azərbaycan tərəfi siyasi müstəvidə məsələ ilə bağlı BMT-nin kartoqrafiya komitəsinə də müraciət edib. O, məsələ ilə bağlı diaspor təşkilatları ilə birlikdə adların dəyişdirilməsi istiqamətində tədbirlərin görüldüyünü də bildirib.

Azərbaycan ərazilərinə qarşı növbəti virtual təxribat əməlini pisləyən ekspertlər hesab edirlər ki, ermənilərin bu saxtakar əməlinin qarşısının alınması üçün dövlət qurumları, aidiyyəti QHT-lər və vətəndaşlar tərəfindən mərkəzləşdirilmiş qaydada işlər aparılmalıdır.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, bu kimi halların qarşısını almaq və erməni təxribatına ağır zərbə endirmək üçün alternativ tədbirlər görülməlidir. İşğal altında olan Azərbaycan ərazilərinin adlarının Azərbaycan dili ilə yanaşı, erməni dilində də göstərilməsinin qarşısının alınmasının vacib olduğunu deyən O.Gündüz qeyd edir ki, biz özümüz ərazilərimizin Azərbaycan dilində onlayn xəritələrini yaratmalıyıq: “Bilirsiniz, bizdə xəritə ilə bağlı məsələlər ciddi problemdir. Azərbaycanla bağlı məlumatların qlobal elektron xəritələrdə əks olunmasında problemlər mövcuddur. Yəni qlobal dünyada elektron xəritə xidməti göstərən şirkətlər var. Məsələn, “Google”, “Apple”, “Yandex” və başqa çoxlu sayda şirkət var ki, onların məhsulları arasında xəritələri, mobil tətbiqləri var. Görürsən ki, orada olan xəritələrdə Azərbaycanla bağlı yanlışlıqlara yol verilib. Bu hala yol verilməsi iki səbəblə bağlı ola bilər. Birincisi, onlar bunu məqsədyönlü şəkildə edirlər. İkincisi isə, ola bilsin, onlar harasa istinad edib və istinad etdikləri mənbədə bu qeyd etdikləri şəkildədir. İstənilən halda, bu məsələnin sonuna getmək lazımdır və bunun üçün də ciddi araşdırmalara ehtiyac var. Əvvəlki dövrdə bu işi həyata keçirə bilən qurum Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi idi. 2015-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra Azərbaycanda xəritələrin çap olunması, xəritələrdə coğrafi adların yerləşdirilməsi, onların elektron kataloqlarının hazırlanması və s. bu kimi səlahiyyətlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib. Hazırda çox adamlar bilmir ki, keçən ildən bu səlahiyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyindədir. Nazirlik tarixi Azərbaycan rayonlarının adlarının elektron xəritədə Azərbaycan dili ilə yanaşı, erməni dilində göstərilməsi ilə bağlı bir həyəcan siqnalı çalmalıdır. Eyni zamanda, nazirlik tərəfindən “Google” və elektron xəritə xidməti göstərən bütün şirkətlərə rəsmi məktublar yazılmalı, müraciətlər edilməlidir. Nazirlik onlar üçün ilkin mənbəni göstərməlidir. Yəni onlar şirkətin istədiyi məhsulu hazırlayıb ora təqdim etməlidirlər. Bəs o məhsul bizdə varmı? Bu çox ciddi məsələdir. Hesab edirəm ki, bu qurum o şirkətlərə müraciət etməmişdən əvvəl təcili surətdə özünün onlayn xəritə resurslarını yaratmalı, mütəxəssislər hazırlamalıdır. Bu kadrlar dünyanın müvafiq qurumları ilə mütəmadi əlaqədə olmalı, əməkdaşlıq etməlidirlər. Yəni burada yalnız Azərbaycan ərazisində xəritə buraxmaqdan getmir, qlobal dünya üçün bu işləri görmək baxımından adekvat addımlar atılmalıdır. Nazirliyin nəzdində müvafiq qurum yaradılmalı, ora qlobal şirkətlərlə işləmək istiqamətində formalaşdırılmalıdır”.

O.Gündüz qeyd etdi ki, dövlət qurumu bütün alternativ informasiyaları hazırlamalı və məlumatlarla internet istifadəçilərini də tanış etməlidir. Ekspert hesab edir ki, bu gün internet istifadəçilərinin 99 faizi bu cür resurslarla təmin olunmadığı üçün, erməni təxribatına qarşı güclü mübarizə apara bimir.  “Bu gün internet istifadəçilərinə deyək ki, biz bu məsələ ilə bağlı erməni yalanlarına qarşı mübarizə aparmalıyıq. Tutaq ki, biz bu məsələni internet istifadəçilərinin üzərinə qoymaq istəyirik. Əminəm ki, onların 99,9 faizi bu informasiyanı kimdən almalı olduqlarını bilməyəcək. Hesab edirəm ki, belə yanlış məlumatlarla əlaqədar internet istifadəçiləri aktiv olmalı, şikayətlər etməli, məlumatlar verməli, bir vətəndaş mövqeyi sərgiləməlidirlər. Ancaq son durumda bu, dövlət qurumunun verdiyi informasiyaya söykənməlidir” - deyə bildirən O.Gündüzün sözlərinə görə, Xarici İşlər Nazirliyi də öz xətti ilə bu sahədə fəaliyyətini davam etdirməlidir.

O.Gündüz bildirdi ki, bu prosesdə xəritə ilə bağlı təxribatların qarşısının alınmasında XİN, eləcə də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin də rolu olmalıdır: “Ancaq əsas iş yenə də Ekologiya və Təbii Sərvətlər Nazirliyindədir. Xarici İşlər Nazirliyi diplomatik qaydada işlər görməlidir. Məsələn, “Google” və digər şirkətlərin yerləşdiyi ölkələrlə bağlı müvafiq qurumlara müraciət edə bilər ki, ermənilər yalan informasiyalar yayır, bu doğru deyil və dövlətlərarası müqavilələrin şərtlərinə ziddir”.   

İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilər bütün güclərini səfərbər edib bizə qarşı internet vasitələri ilə informasiya müharibəsi aparırlar. “Ermənilər onlayn şəkildə Azərbaycan ərazilərinə girib adları kütləvi şəkildə erməniləşdirirlər. Onların bu əməlləri kütləvi hal aldığı və əsasən cavabsız qaldığı üçün, bizim ərazilər o xəritələrdə axtarışa verilərkən onların adları eyni zamanda erməni dilində də göstərilir. Ermənilər bir çox hallarda “Google maps”da xəritədə Bakının, Şəmkirin adlarını dəyişməyə cəhd göstəriblər. Şəmkirin adını “Şamxor” olaraq qeyd ediblər. Onlar onlayn xəritələrdə bizim yer, ərazi adlarımızı erməni adları ilə göstərməyə çalışırlar.  Bu gün “Google” platformasında Azərbaycan ərazilərinin adları erməni dilindədir. Onlar həm işğal altında olan, həm də işğal altında olmayan bizə aid ərazilərin adlarını erməni dilində göstərirlər. Sözsüz ki, bu belə davam edə bilməz və bu halın qarşısı alınmalıdır. Bunun üçün dövlət qurumları, müvafiq QHT-lər internet istifadəçilərini məlumatlandırmalıdırlar. Eyni zamanda da internet istifadəçiləri arasında həmrəylik olmalıdır ki, ermənilərin Azərbaycan ərazilərinin adlarını erməni dilində təqdim etməsinin qarşısı alınsın. Bir sözlə, bu məsələdə səfərbərlik élan edilməlidir. QHT-lər gündə bir layihə həyata keçirir və bununla bağlı bölgələrə gedir, gəncləri başlarına toplayırlar. QHT-lər ermənilərin internetdə bizə qarşı həyata keçirdikləri təxribatın qarşısının alınması üçün bölgə gənclərinə təlimlər keçməlidirlər. “Vikipediya” Açıq Ensiklopediyasının platformasına baxanda görürük ki, orada Azərbaycanın xeyrinə olan məlumatlar çox azdır, əleyhinə olan materilallar isə çoxdur. Qarşı tərəfdə axtarışlar edəndə görürsən ki, ermənilərin bizə qarşı aktivliyi daha güclüdür. Onlar bizə qarşı rus, ingilis, ərəb, türk dillərində materiallar işləyib yerləşdirirlər. Biz də internet axtarış sistemində, müxtəlif onlayn platformalarda aktiv olmalıyıq. “Google”də Azərbaycan xəritəsini axtararkən qarşımıza mütləq Azərbaycanın ermənilər tərəfindən təhrif edilmiş xəritəsi çıxır. O xəritənin yükləndiyi serveri tapıb ora ya məktub yazmaq, ya müdaxilə etmək, ya da xəbərdarlıq etmək lazımdır. Eyni zamanda, tarixi ərazilərimizin xəritəsi yerləşdirilən platformaların, saytların sayı artırılmalıdır. Bizdə bir internet saytı var ki, yalnız orada Azərbaycan ərazilərinin tam xəritəsi yerləşdirilib. Şərait yaradılmalıdır ki, digər saytlar da bizim xəritənin tam variantının əks olunduğu saytlara keçidlər versin, baynerlər yerləşdirsinlər, müxtəlif kodlarla həmin saytlarda reklam olunsunlar”.     

İradə SARIYEVA

Son xəbərlər