16/10/2018 19:11
728 x 90

Cəmi üç ayda xarici ticarətimizin müsbət saldosu 2,5 milyardı ötdü...

Pərviz Heydərov: “Son illər dünya bazarında neftin satış qiymətinin stabilləşməsi xarici ticarət dövriyyəsini müsbətə doğru şərtləndirən əsas amillərdən biri sayılır”

img

“Qeyri-neft məhsullarının ixracının genişləndirilməsi ilə bağlı əldə olunan nailiyyətlər xarici ticarət dövriyyəsində müsbət saldonun yaranmasına öz təsirini göstərib”

Açıqlanan statistik rəqəmlərə əsasən, cari ilin I rübündə Azərbaycanın xarici ticarət dövriyyəsində 2,5 mlrd. dollarlıq müsbət saldo yaranıb.

2018-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 146 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər, 92 ölkəyə məhsul ixrac olunub, 136 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 6 894,6 mln. dollar, o cümlədən ixracın dəyəri 4 703,5 mln. dollar, idxalın dəyəri 2 191,1 mln. dollar təşkil edib, nəticədə 2 512,4 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,9 faiz, real ifadədə isə 6,3 faiz, o cümlədən ixrac 5,3 faiz, idxal 8,7 faiz artıb.

Məlumatda o da qeyd olunur ki, ixracın 19,2%-ni İtaliyaya, 9,2%-ni İsrailə, 7,8%-ni Türkiyəyə, 6,2%-ni Çexiyaya, 6,0%-ni İndoneziyaya, 5,6%-ni Almaniyaya, 5,1%-ni Avstriyaya, 4,9%-ni Kanadaya, 4,2%-ni Hindistana, 4,1%-ni Tayvana (Çinin əyaləti), hər biri 3,5% olmaqla Rusiya və ABŞ-a, 2,9%-ni Gürcüstana, 2,3%-ni Yunanıstana, qalan 15,5%-ni isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

2018-ci ilin I rübündə Azərbaycanın xarici ticarət dövriyyəsində 2,5 mlrd. dollarlıq müsbət saldo yaranmasının səbəbləri barədə danışan İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, ölkənin xarici ticarət dövriyyəsindəki neqativ vəziyyət ötən ildən etibarən aradan götürülüb: “Məlumdur ki, 2014-cü ildə neftin satış qiymətinin düşməsindən sonra xarici ticarət dövriyyəsində mənfi saldo yaranmışdı. Bu da valyuta bazarında vəziyyəti pisləşdirən amillərdən birinə çevrildi. Lakin 2016-cı ildən etibarən neftin satış qiymətinin stabilləşməsi nəticəsində xarici ticarət dövriyyəsində vəziyyət tədricən düzəldi. Beləliklə, mənfi saldonun həcmi azalmağa başladı. 2017-ci ilin əvvəlindən isə xarici ticarət dövriyyəsində müsbət saldo yarandı. Bunun nəticəsi olaraq valyata bazarında stabillik hökm sürməyə başladı. Bu proses hazırda da davam edir. Bu il ərzində də xarici ticarət dövriyyəsində müsbət saldonun daha da inkişaf edəcəyi qabaqcadan bildirilib”.

Həmsöhbətimizin sözlərinə görə, xarici ticarət dövriyyəsinin artmasının bir neçə səbəbi var: “İlk olaraq bildirim ki, neftin dünya bazarında satış qiyməyi artdı. Bu hal xarici ticarət dövriyyəsini müsbətə doğru şərtləndirən əsas amil sayılır.

Hökumətin qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı atdığı addımlar da bu sahəyə öz təsirini göstərir. Xüsusən də qeyri-neft məhsullarının ixracının genişləndirilməsi ilə bağlı əldə olunan nailiyyətlər xarici ticarət dövriyyəsində müsbət saldonun yaranmasına təsir göstərib”.

Günel CƏLİLOVA

 

Son xəbərlər