16/10/2018 19:10
728 x 90

Onkoloji və QİÇS-li xəstələr Azərbaycanın öz dərmanları ilə müalicə olunacaq

Adil Qeybulla: “Daxili bazarda dərman istehsalı bu sahədə yaşanan problemləri yüngülləşdirə bilər”

img

“Yüksək texnologiyaya malik olan ölkələrlə birgə dərman istehsal olunması tibb sahəsinə müsbət təsir göstərəcək”

Məlum olduğu kimi, Azərbaycanda onkoloji, QİÇS xəstəlikləri üçün dərmanlar istehsal olunacaq. Bu barədə İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, Azərbaycan-Rusiya birgə müəssisəsi olan “Hayat Pharm” tərəfindən Almaniya, İtaliya və digər Avropa ölkələrinin texnologiyası əsasında ildə 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul istehsal edəcək zavod inşa ediləcək. Zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin, rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək.

Ümumilikdə, zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. Gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.

Məsələyə münasibət bildirən professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qeyd olunan xəstəliklərin müalicəsi üçün yerli preparatların istehsal olunması müsbətdir: “Yüksək texnologiyaya malik olan ölkələrlə birgə dərman istehsal olunması tibb sahəsinə müsbət təsir göstərəcək. İstənilən xarici ölkə ilə müştərək zavodun olması olduqca vacibdir. Bu proses nə zamansa həyata keçirilməlidir. Ən azı daxili bazarın dərmanları olmalıdır ki, icbari tibbi sığorta olan zaman əhali ondan faydalana bilsin. Nəzərə almaq lazımdır ki, hazırkı şəraitdə dövlətin xaricdən dərman alıb onu icbari tibbi sığorta paketinə əlavə etməsi çətindir. Ancaq yerli istehsal olarsa, bu sahədə müsbət dəyişiklik baş verə bilər”.

Həmsöhbətimiz hesab edir ki, daxili bazarda dərman istehsalı bu sahədə yaşanan problemləri yüngülləşdirə bilər.  

Günel CƏLİLOVA

Son xəbərlər