16/10/2018 19:09
728 x 90

DİN-in İdman Cəmiyyətinə haqlı olaraq “çempionlar məktəbi də deyirlər

Bu bizim tariximizdir, idman tariximiz …

img

Azərbaycan dünyada “İdman ölkəsi” kimi tanınır.Bu bizim əldə etdiyimiz ən böyük nailiyyətlərdən biridir.Son illər dünyanın hansı qitəsində, ölkəsində keçirilməsindən asılı olmayaraq, bütün mötəbər idman yarışlarında, Olimpiya oyunlarında azərbaycanlı təmsilçilərin qələbələrini izləməyə, uğurlarına sevinməyə adət etmişik.İnamımızı hər zaman doğruldan idmançılarımızın ustalığı günü-gündən təkmilləşir və uğurları artır.

Müasir və müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndərimiz Heydər Əliyevin strateji kursunu davam və inkişaf etdirən möhtərəm dövlət başçımız cənab İlham Əliyevin gənc idmançılara yaratdığı imkanlar qürurvericidir.Bu sırada DİN İdman Cəmiyyətinin yetirmələri də ulu öndərimizin və möhtərəm dövlət başçımızın daim diqqət və qayğısı ilə əhatə olunublar.

DİN-in İdman Cəmiyyətinin qapıları  1926-cı il  martın9-u açılıb və o vaxtdan paytaxt sakinlərinin ən çox üz tutduğu təşkilatlardan biri olub.Qocaman tarixə malik olan İdman Cəmiyyəti uzun illərdir ki, DİO əməkdaşlarının və ölkə gənclərinin fiziki inkişafında xüsusi rol oynamışdır.Qürurla deməliyik ki, Avropa və Olimpiyada oyunlarında ölkəmizi layiqincə təmsil edən və Azərbaycan Respublikasının Bayrağını Dünya Arenasında yüksəldən, eyni zamanda, himnini dillər əzbəri edən çempionlarımızın əksəriyyəti DİN İdman Cəmiyyətinin yetirmələridir.

Yarandığı gündən Cəmiyyətdə olimpiya və qeyri-olimpiya növlərində fərq qoyulmadan, ölkədə idmanın populyarlığı, məşqçilərin peşəkarlığı əsas hədəf kimi götürülmüşdür.

Şanlı tariximizin səhifələrindən olan idman tariximizi vərəqlədikcə təmsilçilərimizin ilk uğurlarını görürük.Dünya arenasında Azərbaycanı layiqincə təmsil edən ilk idmançıları, peşəkar məşqçilər korpusunun yetişməsində isə DİN-in İdman Cəmiyyətinin mühüm xidmətləri var.

İdman Cəmiyyətinin inkişaf xronologiyasını izləyəndə bu bölmələrin də inkişafı müşahidə olunur.1926-cı ildə Mərkəzi Şuradan DİN-in İdman Cəmiyyətinə göndərilən ilk məşqçilərdən biri də boksçu Aleksandr Qoldşteyn idi. Onun 10 il burada çalışaraq boksun respublikamızda məşhurlaşması və geniş inkişafı üçün gördüyü işlər hədər getməyib. Bu məşqçinin əməyinin bəhrəsi kimi Bakı ittifaqın boksmərkəzlərindən birinə çevrilib.

Artıq 1935-ci ildə DİN-in İdman Cəmiyyətində 8 bölmə fəaliyyət göstərib. Gimnastika, atçılıq, güləş, boks, sambo bölmələrində yüzlərlə yeniyetmə və gənc öz məharətini artırıb. Bakıda və Lənkəranda “Gənc idmançı”adı altında yaranan uşaq-idman məktəblərində gələcəyin çempionları  yetişir. Onlardan Q, Reyx-Mirqasımova, İ.Kojevnikov, X. Qaramirzə, R. Əlibəyov, İ. Abramaşvili, A. Knyazova və basqalarının adını çəkmək olar. 1937-ci ildə isə 11 idmançı İttifaqın ayrı-ayrı idman növləri üzrə ən güclü idmançıları sırasına çıxmışdı.

Dünyanı sarsıdan müharibə keçmiş SSRİ-nin hər yerində olduğu kimi xalqımıda ağır günlər yaşadıb.Minlərlə idmançılarımız cəbhəyə səfərbər olunub.“Arxa da cəbhədir”-şüarına sadiq qalan DİN-in İdman Cəmiyyətinin yetirmələri qələbəyə öz töhvələrini əsirgəmədilər, eyni zamanda, hərbi təlimlərin təşkili məqsədilə yerlərdə hərbi komissarlıqlara əməli köməklik göstərdilər.Eşalonları yükləyib-boşaldır, ön cəbhədəki döyüşçülərimiz üçün isti paltar tədarük edirlər.

Cəbhədə göstərdiyi misilsiz qəhrəmanlığa görə sonradan daxili işlər naziri olmuş general-mayor, Ümumittifaq dərəcəli hakim Xəlil Məmmədov, daxili işlər nazirinin müavini, general-mayor, futbolçu Səlahəddin Kazımov, gimnast Nəcəfqulu Rəfiyev, güləşçi Mehdi Quliyev ən yüksək fəxri ada-Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Yuqoslaviya və İtaliyadakı partizan hərəkatlarında misilsiz qəhrəmanlıq göstərən Mirdamət Seyidov 7 xarici orden və medalla təltif olunub.

Müharibədən sonrakı illər idman sürətli inkişafı ilə yadda qaldı.Minlərlə gəncin idman meydançalarına və stadionlara axın etməsi inkişafın əlamətilərindən idi.Respublikanın yüngül atletlərdən ibarət komandası fəaliyyətini bərpa etdi.Təkcə Bakıda deyil, Gəncə və Zaqatalada da idmançıların sayı artmağa başlamışdı.

Azərbaycanın yüngül atletlər üzrə yığmasına gənc məşqçi Ə. Səfərov başçılıq edirdi. O, 44 idman ustası, bir çox dünya, Avropa və SSRİ çempionu və rekordçusu yetişdirmişdir. Təsadüfi deyilki, məhsuldar məşqçilik fəaliyyətinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilib.

DİN-in İdman Cəmiyyətinin komanda sırasında yetişən idmançılar arasında ağır atlet Əhməd Məmmədoğlunun xüsusi yeri var. Müharibəyə qədər bir sıra yarışlarda fərqlənən bu idmançının cəbhədəki güllə yarasından və donmadan ayaq barmaqları kəsilsə də böyük idmanla vidalaşmadı. O, gücünü bərpa edərək 1944-cü ildə Kiyevdə keçirilən SSRİ çempionatında ikinci yerə çıxdı. Bir il sonra Əhməd yeni ittifaq və dünya rekordu qazandı, “Əməkdar İdman Ustası” adına layiq görüldü.

  Məşhur idman növlərindən biri olan voleybol üzrə də idmançılarımız az olmayıb. Hələ 1931-ci ildə Dnepropetrovskdə keçirilən voleybol üzrə ilk SSRİ çempionatında Bakı idmançısı Mixail Leqenki SSRİ yığma komandasının tərkibinə daxil edildi.Uzun illər bu istedadlı idmançı öz yüksək ustalığı və əla texnikası ilə voleybolsevərlərin diqqət mərkəzində qaldı. 1935-ci ildə Bakıda keçirilən ikinci SSRİ çempionatında respublikamızı təmsil edən, əsasən, DİN-in İdman Cəmiyyətinin yetirmələrindən ibarət yığma komandamız 2-ci fəxri yeri tutaraq bir çox güclü komandaları geridə qoydu.

  Azərbaycan idman tarixində DİN-in İdman Cəmiyyətinin üzvlərindən  futbola da maraq az olmayıb. Bunlardan Teymur Vəliyevi, M. Leqenki və M. Privovarovu nümunə göstərmək olar. Teymur Vəliyev-Vaxtilə Azərbaycanın bacarıqlı futbolçularından olub.DİN-in İdman Cəmiyyətində və digər futbol komandaları tərkibində respublikamızın idman şərəfini layiqincə qoruyub.Sonralar 28 yaşlı futbolçu oyun zamanı ciddi zədə alsa da sevdiyi məşğuliyyətdən ayrılmayaraq hakim kimin də fəaliyyətini davam etdirib.Yüksək peşəkarlıq nümayiş etdirən T. Vəliyev respublika və Ümumittifaq dərəcəli hakim titulunu qazanıb.Uzun illər Azərbaycan Hakimlər Kollegiyasının sədr müavini olub.

S. Budyonnunun baş hakimliyi ilə keçirilən hərbi dairələrarası yarışda Bakını təmsil edən M. Leqenki və M. Privovarov ittifaqın ən yaxşı idmançıları siyahısına daxil edildilər. M. Pivovarov isə futbol azarkeşlərinin yaddaşında Bakı DİN-in İdman Cəmiyyətinin qapıçısı kimi dərin iz qoyub.

İdman Cəmiyyətində güləş ən qocaman bölmələrdən biri kimi yaşamaqda və şərəfli estafeti hünərli əllərdə saxlamaqdaydı.Burada güləş məktəbi dünyanın ən güclü güləşçilərini yetişdirməklə bərabər bir neçə nəslin taleyində önəmli rol oynayıb.

Azərbaycanın ilk Olimpiya iştirakçısı olan İbrahimpaşa Dadaşov və qardaşı Muxtar Dadaşov bütün ömürlərini DİN-in İdman Cəmiyyətinə, eyni zamanda, Azərbaycan güləşinə həsr ediblər.İlk dəfə 1945-ci ildə 20 yaşında İdman Cəmiyyətində məşqlərə başlayan İbrahimpaşa Dadaşov güləşçi kimi çox sürətlə inkişaf edir, yarışdan yarışa bərkiyib-möhkəmlənir, məğlubedilməz pəhləvan kimi tanınırdı.

İ. Dadaşov 3 dünya çempionunu-İran güləşçisi Cahanbaxış Tofiqi, Sovet idmançıları Qriqori Qamarinki və Alimbek Bestayevi məğlub edib. Əvvəlcə Azərbaycanın, bir neçə ay sonra isə İdman Cəmiyyəti Mərkəzi Şurasının çempionu olan İ. Dadaşov sonradan 4 dəfə SSRİ çempionu titulunu qazanıb, idmanın inkişafında xidmətlərinə görə isə  1957-ci ildə SSRİ-nin “Əməkdar məşqçisi”, “Əməkdar idman ustası” fəxri adlarıverilib. Bu gündə o, məşqçi-pedaqoq kimi fəaliyyətini davam etdirir. Onunla eyni vaxtda güləş kariyerasına başlayan Sabir Hüseynov 9 dəfə sərbəst və bir dəfə Yunan-Roma güləşi üzrə respublika çempionu olmuş, sambo üzrə 6 dəfə müxtəlif turnirlərdə qalib gələrək güləşin bütün növlər üzrə idman ustası normasını yerinə yetirmişdir. O, polis əməkdaşlarının əlbəyaxa döyüş və müvafiq sərdişlərə yiyələnməsi üçün də yorulmadan çalışmışdır.

Çempionlar sırasına adını yazan idmançılardan biri də Rafiq Hacıyevdir.Texnikumu bitirər-bitirməz əməkdar məşqçi Emin Ramazanovla məşğələlərə başlayan idmançımız tezliklə zəhmətinin bəhrəsini gördü.Yetirməsinə inamı artan E. Ramazanov “Lokomotiv” cəmiyyətindən DİN-in İdman Cəmiyyətinə keçəndə Rafiqi də unutmadı.1965-ci ildən həyatını bura ilə bağlayan Rafiq Hacıyevin böyük idman arenasına yolu məhz burdan başlayır.Artıq, o, 15 yaşında SSRİ İdman Cəmiyyəti Mərkəzi Şurasının qalibi olur.Ümumittifaq və beynəlxalq yarışlardan mükafatla qayıdıb.Ordu sıralarında sevdiyi idman növündən ayrılmayıb, silahlı qüvvələrin çempionu titulunu qazanıb. Ordudan tərxis olunandan sonra yenidən İdman Cəmiyyətinə qayıdıb və həmin il Bədən Tərbiyəsi İnstituna daxil olur. 1969-cu ildə SSRİ çempionatında bürünc, 1970-ci ildə həm SSRİ, həm də Avropa çempionatının qızıl medalına sahib olub.Sonraki illərdə R. Hacıyev ümumittifaq və beynəlxalq yarışlarda yüksək nəticələr əldə edərək Azərbaycan idmanının şərəfini ləyaqətlə qoruyub.

Polisdə ilk dəfə fiziki və döyüş hazırlığı üzrə təlimatçı kimi xidmətə başlayan gənc çempion əməkdaşların fiziki və əlbəyaxa döyüş hazırlığının artırılması üçün əlindən gələni əsirgəmir. Onun xidmətə başladığı ilk illəri istefada olan polis polkovniki Natiq Məşədiyev belə xatırlayır: - "Güləşlə məşğul olduğum üçün 1976-cı ildə DİN-in birinciliyinə dəvət aldım. Həmin yarışda qalib gədiyimə görə məni daxili işlər orqanlarında xidmətə qəbul etdilər.Rafiq Hacıyevlə tanışlığım da burdan başlayır. İdmana, güləşə necə can yandırdığını görüb onun enerjisinə, əzmkarlığına heyran olurdum. Məhz onun İdman Cəmiyyətinə başçılıq etdiyi dövrdə ilk Olimpiya medalının respublikamıza gətirilməsini görəndə sevincdən göz yaşlarımı saxlaya bilmədim” …

Sərbəst güləş üzrə Məmməd və Tahir İbrahimov qardaşları bir çox yarışlarda komanda yoldaşlarının “medal mücrüsü”nə öz paylarını vermişlər.M. İbrahimov 1974-cü ildə keçirilən SSRİ çempionatında uğurlu çıxış edərək gümüş medala layiq görülmüş, hər iki qardaş SSRİ-nin Olimpiya yığmasına daxil olmuşlar.

Azərbaycanda Yunan-Roma güləşinin inkişafında beynəlxalq dərəcəli idman ustası Mustafa Orucovun da böyük xidmətləri olub. O, 15 dəfə repsublika çempionu adını özündə saxlamayıb.

Həmin illər Gəncə idmançıları güləşdə böyük nailiyyətlər əldə etdilər.İsaq Cəfərovun və Rəşid Məmmədbəyovun çıxışlarına yüzlərlə tamaşaçı axın edirdi.Bugün İsaq Cəfərovun yetirmələri arasında idmanda iradəsini möhkəmlədib, həyatda layiqli yerlər tutmuş alimlərin, dövlət xadimlərinin də adları var. Bu sırada Fazil Həsənov, İsmət Qayıbov, Fazil Quliyevkimi bütov şəxsiyyəti unutulmaz simaların adlarını çəkə bilərik.Onlarla polis idmançısı qazandığı dözümü, çevikliyi, gücü məharətlə xidməti işinə tətbiq etmiş və bu yolda uğur tapmağa müvəffəq olmuşlar.

DİN-in İdman Cəmiyyətində idman fəaliyyətini dayandırdıqdan sonra bu sahədə məşqçi kimi  işini davam etdirən bir çox məşhur idmançılarımız da var. Onlar bununla da idmana olan sevgilərini, əsrarəngiz mübarizlik ruhunu bir daha sübut etmişlər.

Xosrov Cəfərov- İdman məşqçisi kimi tanınıb.1962-ci ildə gücünü döşəkdə sınamaq qərarına gəlib.Dəfələrlə respublika çempionu, beynəlxalq yarışların qalibi olub. Bu uğurlardan altı il sonra idman ustası normasını yerinə yetirib. Elə onda da Uşaq Gənclər İdman Məktəbində fəaliyyətini davam etdirib.Respublikanın əməkdar məşqçisi, sərbəst və Yunan-Roma güləşi federasiyasının üzvü olub.

Rəhim Əlibəyov-Həkim olmaq onun uşaqlıq arzusu idi.Uşaqlıqdan İdman Cəmiyyətində yazıldığı bölmədə də müntəzəm məşqlər edirdi.Dəfələrlə yeniyetmələr arasında keçirilən yarışlarda birinci yeri tutmuşdu.Artıq 1941-ci ildə cəbhəyə gedəndə respublika çempionu, idman ustası kimi statusları vardı.Stalinqrad cəbhəsində daha da mətinləşdi.Müharibədən sonra Bədən Tərbiyəsi və Tibb İnstitutlarını bitirdi. Semaşko adına xəstəxanada cərrah kimi çalışır, işdən sonra İdman Cəmiyyətində məşqçi işləyir, Azərbaycanda idman gimnastikası sahəsində güclü idmançıların yetişməsində xidmətlər göstərirdi. R. Əlibəyov beynəlxalqdərəcəli hakim kimi bir çox beynəlxalq yarışları idarə edib.

Musa Babayev-Azərbaycanın əməkdar bədən tərbiyəçisi və idman xadimi , 4 dəfə SSRİ çempionu, tələbələrin və gənclərin Birinci Ümumdünya festivalının laureatı olub.

Bir vaxtlar Daxili İşlər Nazirliyinin tərkibində olan  Dövlət Yanğın Təhlükəsizliyi İdman cəmiyyətinin inkişafında, idman növlərinin şəxsi heyət arasında yayılmasında mühüm rol oynayıb.

Müxtəlif dövrlərdə Yanğın Təhlükəsizliyi Xidmətinin əməkdaşları, komandaları İdman Cəmiyyətini ölkə və beynəlxalq səviyyəli yarışlarda uğurla təmsil ediblər.Şəxsi heyətinin döyüş və peşəkarlıq qabiliyyətinin artırılmasında önəmli rol oynayan “İdmanın yanğına tətbiqi” növünün keçmiş SSRİ və beynəlxalq miqyasda inkişafında Azərbaycan İdmançılarının özünəməxsus xidməti olub.

1975-ci ildə Tblisi şəhərində keçirilən yarışda komandamız çempion olub.1986-cı ildə Bakıda keçirilən Ümumittifaq DİN-in İdman CəmiyyətiMərkəzi Şurasının çempionatında da yanğın estafeti yarışı üzrə 1-ci, döyüş açılışı üzrə 3-cü, komanda hesabında isə 4-cü yerləri tutub. 80-ci illərə kimi komandanın tərkibi Anatoli Şepelyov, Həziəhməd Həziəhmədov, Vaqif Bayramov, Andrey Palenok və digər idman ustalarından ibarət idisə, 80-ci illərdən sonra yığma komandanın tərkibinə Vaqif Məmmədov, Malik Məlikov, Əfqan Qaraşov, Firdovsi Qasımov gənc idmançılar fəallıq göstəriblər.

1989-cu ildə yığma komadada Lvovda keçirilən yarışlarda 3-cü yeri, idman ustası Vaqif Məmmədov 100 metrlik maneəli zolağın qaçışı üzrə 2-ci yeri tutub.Həmin ildə yanğınsöndürənlərimiz Alma-ata şəhərində keçirilən ölkə çempionatında komanda hesabında 6-cı, 1990-cı ildə Yaroslav şəhərində keçirilən DİN-in İdman Cəmiyyətimərkəzi Şurasının çempionatında 2-ci yerə çıxıb.

Müharibədən sonrakı illər İdman Cəmiyyətində sərbəst və yunan-Roma güləşi, sambo, qılıncoynatma, yüngül atletika, güllə atıcılığı və digər əsas dayaq idman növləri geniş yayılıb. Uzun müddət sambo, yunan-roma, sərbəst güləş növündə İbrahimpaşa və Muxtar Dadaşov qardaşları, O.Hüseynov, Y.Məmmədov, İ.İbrahimov, M.Orucov, eləcə də  Sabir Hüseynov, Əfqan Səfərov, Siyad Quliyev, yüngül atletlər-Əfqan Səfərov, Xandadaş və Baladadaş Mədətovlar, Ziba Ələsgərova, Aleksandr Kornelyuk, ağır atletlər Əhməd Məmmədoğlu, Şirxan Ağayev, qılınc oynatmada Ənvər Sadıqov, İlqar Məmmədov, Yaşar Məmmədov, Oktay Şahverdiyev yüksək nəticə əldə ediblər. Ötən əsrin 80-ci illərindən başlayaraq geniş yayılan stolüstü tennisdə Valentina Popova, avarçəkmədə Vasiliy Yakuşka, Viktor Perevezov, güllə atıcılığında İradə Aşumova, stend atıcılığında isə Hafiz Cəfərov, Zemfira Meftaxetdinova kimi idmançılarımız adını tarixə qızıl hərflərlə yazdırmışdır.

Olimpiya çempionlarımızdan DİN-in DQBİ-nin İdman Komandasının rəisi, polis polkovniki Namiq Abdullayevin, DİN-in İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinovanın, mükafatçılardan Şəmkir RPŞ-nin əməkdaşı , polis mayoru Mövlud Mirəliyevin, Nəriman RPİ-nin əməkdaşı, polis polkovnik-leytenantı, idmanın sambo növü üzrə yeddiqat dünya çempionu Ceyhun Məmmədovun, DİN-in İdman Cəmiyyətinin Gəncə şəhər regional qurumunun əməkdaşı, polis kapitanı, dördqat dünya çempionu Hakim Nəzərəliyevin adını xüsusilə qeyd etmək lazımdır.

Hazırda DİN-in İdman Cəmiyyətinə rəhbərlik edən, dəfələrlə dünya,  Avropa çempionu olan, dünya kuboku və qran-prinin sahibi Zemfira Meftaxetdinova rekordçuların sırasına adını yazdırmağı bacarıb.Məktəbdə ikən gimnastika ilə məşğul olan Zemfira 12 yaşında əlinə silah götürüb.Elə o vaxtdan stend atıcılığı ilə məşğul olmağa başlayır. 1998-1999-cu ildə ilin “ən yaxşı” idmançısı adına layiq görülür. 2000-ci ildə Sidney Olimpiyadasında qızıl, 2004-c2 ildə Afina olimpyadasında isə bürünc medal qazanmaqla milyonların qəlbini fəth edə bilmişdi.1993, 1997 və 2003-cü illərdə Avropa çempionu olan Zemfira müstəqil Azərbaycanın olimpiya çempionu kimi tarixə düşüb.Meftaxetdinova 1995 və 2004-cü ildə “Tərəqqi” medalı, 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilən “26-cı Olimpiya Oyunları”nda güləşçimiz, Daxili Qoşunların leytenantı Namiq Abdullayev fəxri kürsünün 2-ci pilləsinə qalxaraq gümüş medalla təltif olunub.

1997-ci ildə Azərbaycan Olimpiya Komitəsinə Cənab İlham Əliyevin prezident seçilməsi respublikada Olimpiya hərəkatına yeni təkan verdi. Ölkədə müxtəlif idman növləri üzrə müvafiq federasiyaların yaradılması idmanın inkişafında məqsədyönlü istiqamət verdi. 

İdman cəmiyyətinin ən yüksək nailiyyəti Avstraliyanın Sidney şəhərində keçirilən “27-ci Yay Olimpiya Oyunları”nda 199 ölkə içində 34-cü yeri tutması oldu. Bu parlaq qələbə müstəqil Azərbaycanın İdman sahəsində inkişafı üzrə müstəsna rol oynadı.

Azərbaycan idman tarixində baş vermiş ən böyük uğurlardan biri 12-22 may 2017-ci ildə keçirilən lV İslam Həmrəyliyi Oyunları olub. Azərbaycanın milli komandasının tərkibində DİN-in İdman Cəmiyyətini idman;n 10 növü üzrə (stend atıcılığı, boks, cüdo, yunan-roma güləşi, taekvondo, karate, atletika, voterpol, zorxana) 17 idmançı təmsil etmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda təmsilçilərimiz 9 qızıl, 3 gümüş, 1 bürünc olmaqla ümumilikdə 13 medal əldə edərək yarışlarda Azərbaycan Respublikasının Milli Komandasının birincilik qazanmasına öz layiqli töhfələrini vermişdir. Onlardan idmanın güllə atıcılığı üzrə yarışlarda çıxış edən DİN-in DQ-nin idman komandasının təlimatçısı, baş leytenant Ruslan Lunyov müvafiq olaraq şəxsi yarışlarda 4 və Nigar Nəsirova ilə birgə komanda yarışında 1 qızıl, stend atıcıları Əli Hüseynli və Aydan Camalova komanda yarışında 1 qızıl, yunan-roma güləşçisi Kamran Məmmədov, Daxili Qoşunların idman komandasının əsgərləri : boksçu Teymur Məmmədov, karateçi-Ayxan Mamayev qızıl, taekvondçu Fəridə Əzizova, güllə atıcılığı üzrə Nigar Nəsirova şəxsi yarışlarda büürünc mükafata layiq görülmüşdür.

Keçmiş dövrlərdə olduğu kimi müasir dövrümüzdə dəİdman Cəmiyyətində fərqlənən və fəal iştirak edən DİO əməkdaşları az deyil. Ustalarından ilhamlanan gənc idmançılarımız dünya arenasında öz uğurları ilə tanınır.Onların böyük uğurları gənclərimizə ruh yüksəkliyi və əzmkarlıq gücü verir.Təsadufi deyilki, çempion olan gənc idmançılarımızın məşqçiləri məhz keçmiş dünya və eləcə də Avropa kuboklarının sahibi olan ustalardır.

Şübhəsiz idman ölkəmizdə günü-gündən genişlənir və inkişaf edir.Azərbaycan son zamanlar dünyada “İdman Ölkəsi” kimi tanınır.Müstəqil dövlətimizin idman sahəsində misilsiz uğurlar qazanmasında və tanınmasında böyük rol oynayan İlham Əliyevin əməyi danılmazdır.Cənab Prezidentimizin idmana olan qayğısı və diqqəti respublikamızın digər nəhəng ölkələrlə eyni siyahıda olmasına səbəb olmuşdur.Faktdır ki, indiyə qədər təşkil edilən “İdman Layihələr”i respublikamızın tarixinə qızıl hərflərlə yazılan şanlı keçmiş kimi tanınacaq.

Aynur ABBASZADƏ

Azərbaycan Polisinin 100 illiyinə

həsr olunmuş müsabiqəyə təqdim etmək üçün.

 

Son xəbərlər