16/10/2018 19:11
728 x 90

Cəlilabadda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri-dini radikalizm” mövzusunda geniş müzakirələr aparıldı...

img

Mayın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən seminar-müşavirədə “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda müzakirələr aparılıb.

Tədbirdə Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri, bu qurumların Hacıqabul, Biləsuvar, Salyan, Neftçala, Şirvan və Cəbrayıl rayonlarındakı yerli strukturlarının nümayəndələri, prokurorlar, ziyalılar və dindarlar iştirak edib.

Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən seminar-müşavirədə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət-din münasibətlərində yeni bir mərhələnin başladığını, dini ibadətgahların təmir və bərpa edildiyini, gənc nəslin sağlam ruhda, milli-mənəvi dəyərlərə sadiq yetişməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, ölkəmizdə yaşayan müxtəlif din və məzhəblərin nümayəndələrinə qayğı göstərmək, onların problemlərini həll etmək Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxışında dini ekstremizm və radikalizmin mahiyyəti, yaranma səbəbləri barədə danışıb. Bildirilib ki, dünyanın bəzi aparıcı güc mərkəzləri geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün dini siyasiləşdirərək ondan bir vasitə kimi istifadəyə etməyə cəhdlər göstərirlər. Hazırda dünyada beynəlxalq təhlükəsizlik problemlərinin əsasını etnik və dini zəmində baş verən münaqişələrin təşkil etdiyini vurğulayan S.Heydərov bu münaqişələrin məqsədyönlü şəkildə təşkil olunduğunu və bunun acı nəticələrinin bu gün Yaxın Şərqdə davam etdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan dünyəvilik prinsiplərinə əsaslanmaqla milli-mənəvi, multikultural və ənənəvi İslam dəyərlərini qoruyur və inkişaf etdirir. Azərbaycan dövləti multikulturalizmi və dini tolerantlığı dövlət siyasətinə çevirməklə bu şəraiti ölkəmizdə nümunəvi bir şəkildə formalaşdırmağı bacarıb.

Radikalizmə və ekstremizmə qarşı mübarizənin hüquqi əsasları barədə danışan Komitə sədrinin müavini vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhlükəsizlik konsepsiyasının başlıca komponentlərindən biri məhz dini təhlükəsizlikdir. Yaxın Şərq təcrübəsi və orada hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərir ki, dini təhlükəsizlik olmadan milli təhlükəsizliyi təmin etmək qeyri-mümkündür.

Ramazan ayının başlanması münasibətilə seminar-müşavirə iştirakçılarını təbrik edən Komitə sədrinin müavini deyib ki, Ramazan ayı birlik və vəhdət ayıdır. Bu ayda bütün müsəlmanlar birləşməli və Ramazan ayının fəzilətindən faydalanmalıdırlar. “Müəyyən qüvvələr bu ayda da parçalamaq, bölmək və təfriqə yoluna üz tuturlar və saxta təqvimlərin yayılmasına cəhd edirlər. Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı ilə bağlı dini baxımdan bütün zəruri tədbirləri görür. DQİDK bununla əlaqədar Ramazan ayı ərzində ölkə üzrə məscidlərdə mütəmadi monitorinqlər təşkil edəcək. Bu saxta təqvimlərin haradasa tətbiq olunduğu aşkar edilərsə, hüquqi müstəvidə bütün zəruri tədbirlər görüləcək”, - deyə S.Heydərov bildirib.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov çıxışında qeyd edib ki, Azərbaycan hakimiyyəti dini durumun sabitliyinin, eləcə də dini dözümlülük ənənələrinin qorunub saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xüsusi önəm verilir, dini etiqad azadlığı, dini qurumların dini ayin və mərasimləri sərbəst yerinə yetirməsi üçün şərait yaradılıb və onlara qayğı göstərilir.

 Ceyhun Məmmədov 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm İli”, ötən ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsinin bu sahəyə diqqətin bariz təzahürü olduğunu diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev mövzu ilə bağlı çıxış edərək, təmsil etdikləri qurumların dini radikalizmlə mübarizə istiqamətində həyata keçirdikləri profilaktik və inzibati tədbirlərdən danışıblar.

Seminar-müşavirə mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

Bakı-xeber.com

Son xəbərlər