16/08/2018 13:52
728 x 90

Azərbaycan ailə modeli – inkişaf yolu və problemlər…

Musa Quliyev: “Çox arzu edərdim ki, bizim klassik, ənənəvi ailə modeli itməsin, yaşasın”

img

Fatimə Hacıbəyli: “Ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər ailə institutunun formalaşması və inkişafında da özünü göstərir”

Ailəni dövlətin kiçik modeli adlandıranlar sözsüz ki, yanılmırlar. Doğrudan da ailə kiçik dövlətdir. Bütün dünya xalqları kimi, Azərbaycan xalqı üçün də ailə müqəddəs bir institutdur.

Mayın 15-i Beynəlxalq Ailə Günü olaraq qeyd olunur. Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1993-cü ildən keçirilir. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Məlum olduğu kimi, bu günün qeyd edilməsi yer üzündə yaşayan bütün insanların diqqətini dönə-dönə ailə problemlərinin həllinə yönəldir.

Azərbaycan ailəsi tarixən böyük inkişaf yolu keçib və nəinki Qafqazda, hətta bütün dünyada  özünəməxsusluğu ilə seçilib. Azərbaycanda ailə institutunun formalaşmasını analiz etsək və bunu dövrlərə bölsək görərik ki, qarşımızda minilliklərin sınağından keçib gələn ailə modeli var. Bu ailə modeli bir qədər ənənəvilikdən uzaqlaşsa da, xeyli dərəcədə özəlliklərini də qoruyub saxlaya bilir.

Azərbaycanda ailə institutunun inkişafı özünü necə göstərir? Bu sahədə nə kimi uğurlar və problemlər var? 

Millət vəkili Musa Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın ailə institutu tarixən böyük inkişaf yolu keçib. Onun qeyd etdiyinə görə, təəssüf ki, bu gün Azərbaycan xalqına xas olan ənənəvi ailə modeli sıradan çıxmağa doğru istiqamət götürüb. O hesab edir ki, Azərbaycan ailəsinin müasirləşməkdənsə, ənənəvi ailə modelinə qayıtması, buna önəm verməsi çox əhəmiyyətli olardı: “Mən Azərbaycanda klassik ailə modelinə üstünlük verirəm. Çünki bizim ənənəvi ailə modelimiz, institutumuz daha mükəmməldir. Bu gün Azərbaycanın müasir ailə modeli yoxdur. Bu gün qloballaşma və müxtəlif mədəniyyətlərin inteqrasiyası sürətlə getdiyinə görə konkret müasir ailə modeli yoxdur. Avropa ölkələrinin öz, Şərq ölkələrinin isə öz mentaliteti var. Deyirik ki, Azərbaycan Avropa və Asiyanın qovşağında yerləşir. Bu, mədəniyyət və ənənə baxımından bizə çox ciddi problemlər də yaradan bir məsələdir. Ona görə də bu gün çox təəssüf ki, müasir ailə modelimiz hələ formalaşmayıb və ənənəvi ailə modeli də getdikcə deqradasiyaya uğrayıb sıradan çıxmaqdadır. Bu baxımdan, çox arzu edərdim ki, bizim klassik, ənənəvi ailə modeli itməsin, yaşasın, qalsın. Bu modelin kökündə, mahiyyətində böyüyə-kiçiyə hörmət, baba, nənə də daxil olmaqla, böyük ailələrin olması, ailənin bütün üzvlərinin bir yerdə yaşaması, şübhəsiz ki, ailədə kişinin sözünün eşidilməsi, onun ailə başçısı kimi hamı tərəfindən qəbul olunması kimi məsələlər durur. Bu gün bizim gender siyasəti haqqında qanunumuz, proqramlarımız var. Təcrübə də göstərir ki, ailə qanunlarla idarə olunmur. Bu qanunlar, ən yaxşı halda, ailədə zorakılığın qarşısını almaq, ailə üzvlərinin bir-birinə münasibətini hüquq müstəvisində tənzimləmək məqsədi daşıyır. Çox arzu edərdim ki, ailələrimiz keçmiş ailələr kimi möhkəm olsun, ailələrdə qarşılıqlı hörmət, məhəbbət formalaşsın və bir-birinə güzəştlər etsinlər və ailə qurarkən insanlar bir-birilə bir ömür boyu yaşamağa hazır olsunlar. Bunun üçün qarşılıqlı hörmət tələb olunur və eyni zamanda da ailə quranların mədəniyyət səviyyəsinin bərabər olması, ümumi maraqların üst-üstə düşməsi vacibdir”.

M.Quliyev təəssüflə qeyd etdi ki, ənənəvi ailə modelindən uzaq düşməyimiz ildən-ilə boşanmaların sayının artmasına səbəb olur. Millət vəkilinin sözlərinə görə, biz bunu ailənin uğuru kimi deyil, problemi kimi qəbul edirik. İldən-ilə məişət zorakılığının sayının artdığını vurğulayan M.Quliyev bildirdi ki, biz ənənəvi ailə modelinə qayıtmalıyıq ki, bununla itirmək üzrə olduğumuz dəyərlərimizi geri qaytara, qoruya bilək. Onun sözlərinə görə, Azərbaycanda tarixən güclü ailə institutu olub və bu gün isə o institutun daha mükəmməl olmasına ehtiyac var.

“Vəfa” İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli isə bildirdi ki, Azərbaycanda ailə institutunun formalaşması yönündə Azərbaycan dövləti müxtəlif proqramlar qəbul edir, siyasət həyata keçirir. Dövlətin əsas məqsədinin ənənəvi ailə modelinin cəmiyyətdə bərqərar olmasını təmin etmək olduğunu vurğulayan F.Hacıbəylinin sözlərinə görə, bu yöndə böyük işlər görülür. O hesab edir ki, ənənəvi ailə institutunun formalaşmasında ulularımızın qoyduğu ənənə müasir ailələr tərəfindən davam etdirilməlidir. Azərbaycan ailəsinin müasir dövrün bəlalarından qorunmasına ciddi ehtiyac olduğunu deyən F.Hacıbəylinin sözlərinə görə, biz ənənəvilikdən uzaqlaşdıqca, bu sahədə daha çox itkilərə məruz qalırıq. “Tarixən Azərbaycan xalqı ailəyə çox böyük üstünlük verib və bizim xalq bütün dünyada ailəyə bağlı bir millət kimi tanınıb. Ulu əcdadlarımızdan bizə miras qalan ailə dəyərlərini qorumağa hər bir Azərbaycan ailəsi borcludur. Bilirsiniz ki, bizdə güclü ailə institutu olub və biz bu gün o institutu yad təsirlərdən qorumağa çalışırıq. Bilirik ki, müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini hər zaman qeyd edib. O, ailə haqqında hər zaman dəyərli fikirlər bildirib: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olub”.

Bu gün Azərbaycan dövlətində ailə institutunun qorunması, inkişaf etdirilməsi əsas hədəflərdən biri kimi götürülüb. Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. İlham Əliyev həmişə müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirib.

Bundan başqa, bu gün respublikamızda ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər ailə institutunun formalaşmasında və inkişafında da özünü göstərir”- deyə F.Hacıbəyli bildirdi. .

F.Hacıbəyli dedi ki, ailə dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi çox vacib bir məsələ kimi qarşımızda durur. O hesab edir ki, bu gün müasir ailə modelinin formalaşdırılması üçün mütləq ənənəvi ailə təcrübəsinə istinad edilməlidir. Onun sözlərinə görə, bu qədər uğurlarla yanaşı, bu gün cəmiyyətdə ailələrlə bağlı bəzi ciddi problemlər də mövcuddur. O qeyd edir ki, bu bizim ənənəvilikdən uzaqlaşmağa meyl göstərməyimizin nəticəsidir. Bununla belə, ekspert hesab edir ki, başqa dövlətlərlə müqayisədə Azərbaycanda ailə institutu haqqında elə də bədbin olmaq lazım deyil. Ekspert bildirdi ki, bəzi neqativ hallarla yanaşı, bu sahədə ciddi uğurlar da mövcuddur.

İradə SARIYEVA

Son xəbərlər