28/05/2018 05:25
728 x 90

Mətbəx turizmi – Azərbaycana gələnləri yalnız milli mətbəxə qonaq etməyin vaxtı çatıb

Çingiz İsmayılov: “Hazırda bir çox restoran, istirahət mərkəzlərində qonaqlara az çeşiddə yeməklər təklif olunur, halbuki, bizim çox zəngin mətbəximiz var”

img

 

Tahir Əmiraslanov: “Ölkəmizin 3000-dən çox milli mətbəx nümunəsindən ümumən 40-50-si təklif olunur, kifayət qədər dadlı təamların diqqətdən kənarda qaldığını söyləyə bilərik”

Azərbaycan mətbəxi öz tarixi kökləri və özünəməxsusluğu ilə həm regionun xüsusiyyətlərini özündə birləşdirir, həm də çoxçeşidliyi ilə fərqlənir. Lakin ölkəmizin zəngin mətbəx mədəniyyətini onun dadlı xörəklərindən, ətirli içkilərindən və gözəl meyvələrindən daha üstün olan bir amil səciyyələndirir. Azərbaycanlıların mətbəx fəlsəfəsinin əsasında yüksək qonaqpərvərlik durur. Bütün bunlar isə Azərbaycanda mətbəx turizminin potensialından xəbər verir. Azərbaycan xörəkləri yüksək dad keyfiyyətləri ilə dünyada məşhurdur.

Qeyd edək ki, ölkəyə gələn hər turist təbii ki, tarixi yerlər, maddi mədəniyyət nümunələrini görməklə yanaşı, milli mətbəximizin yeməklərini də dadmağa çalışır. Turizm obyektlərinin əksəriyyəti isə Avropa mətbəxinə üstünlük verir. Xüsusilə də son illər ərəblərin ölkəmizə axını turizm obyektlərini menyularına ərəb yeməklərini də qatmağa vadar edib. Yerli mətbəxə üstünlük verənlər də az deyil. Yerli mətbəx nümunələrimizdən əsasən kabablara tələbat var. Həmçinin, bölgələrin özünəməxsus yeməkləri də xarici qonaqların marağındadır.

Turizm və kulinariya mütəxəssisləri hesab edirlər ki, ölkəmizin 3000-dən çox milli mətbəx nümunəsindən 40-50-si iaşə obyektlərində turistlərə təklif olunur. Onların fikrincə, bu sahəyə diqqətin artırılmasına ehtiyac var.

Qeyd edək ki, mətbəx turizminin inkişafı bütövlükdə turizm sektorunun inkişafına töhfə verəcək, həm də milli yeməklərin təbliğ olunmasında xüsusi rolu olacaq.

Bəllidir ki, əksər insanlar hər hansı bir ölkəyə turist kimi səfər etdiyi vaxt onun yeməklərini dadmadan geri dönmək istəmirlər. Danılmaz faktdır ki, ölkəmizdə bu sektorun inkişafı üçün böyük imkanlar var. İnkişaf üçün bu sahəyə xüsusi diqqət göstərilməlidir. O da bəllidir ki, Azərbaycan bölgələrinin olduqca məşhur təamları var. O təamların təbliğ olunmasına ehtiyac var. Məsələn, xüsusi qaydalarla bişirilən Naxçıvan qovurması, Ordubad qayğanağı, Lənkəran ləvəngisi, Şəki pitisi və digər yemək çeşidlərinin xaricilərə təqdim olunması vacibdir.

Ekspertlərin bildirdiyinə görə, Şəki pitisi Azərbaycana gələn turistlərin diqqətini xüsusilə cəlb edir. Lakin onun tərkibindəki quyruğu görən zaman turist bundan imtina edir. Şəki pitisinin yeyilməsi ilə bağlı qaydalar turistə nümayiş etdiriləndə onlar bu fikirdən daşınırlar. Bu səbəbdən yeməklərin təbliğindən çox şey asılıdır.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanın müxtəlif regionlarına mətbəx turları təşkil edilir. Bununla bərabər plov, şirniyyat, mürəbbə festivalları təşkil edilir.

Həmçinin, ekspertlər onu da təklif edirlər ki, xarici ölkələrdə Azərbaycan mətbəxinin təqdim edildiyi restoranların sayı artırılmalıdır. Bu da mətbəx turizminin inkişafına səbəb olar.  

Turizm sektorunun inkişafında mətbəx turizminin xüsusi rolunun olduğunu ekspertlər də vurğulayırlar.

Turizm sahəsi ezrə ekspert Çingiz İsmayılovun sözlərinə görə, Azərbaycanın hər bir bölgəsi üzrə yüzilliklər ərzində formalaşmış yeməklər, mətbəx nümunələri mətbəx turizminin geniş imkanlarından xəbər verir: “Biz milli kulinariya nümunələrini brend məhsul kimi təqdim etməyi bacarmalıyıq. Ölkəmizdə, demək olar ki, hər regionun spesifik mətbəxi var. Hər bir bölgə öz yeməklərini yüksək səviyyədə təqdim etməyi bacarmalıdır. Yerlərdəki turizm informasiya mərkəzləri də bu təbliğat işinə töhfə verə bilərlər”.

Həmsöhbətimiz hesab edir ki, milli mətbəximizə aid reklam materialları müxtəlif dillərdə çap edilməli, milli təamlar təklif edən kafe və restoranların ünvanı həmin reklam materiallarında əksini tapmalıdır: “Hazırda bir çox restoran, istirahət mərkəzlərində qonaqlara az çeşiddə yeməklər təklif olunur. Halbuki, bizim çox zəngin mətbəximiz var. Amma turizm obyektlərində təklif olunan yeməklərin əksəriyyəti müxtəlif növ kabablar olur. Turizm obyektləri Azərbaycanın zəngin mətbəx imkanlarından istifadə edərək təklif olunan yeməklərin çeşidini genişləndirməlidirlər. Biz gərək ölkəmizin müxtəlif növ yeməklərini həm əcnəbi, həm də yerli turistlərə lazımınca təbliğ edək. Menyunun məhdud olması Azərbaycanın mətbəx nümunələrinin məhdud olması demək deyil. Bəzi restoran sahibləri az zəhmətlə böyük gəlir əldə etmək istəyirlər. Məsələn, kabab bişirmək üçün elə də böyük zəhmət tələb olunur. Halbuki, müxtəlif istirahət obyektləri, yüksək xidmət səviyyəsi ilə yanaşı, ləzzətli və fərqli yeməkləri ilə tanına, turistləri cəlb edə bilər”.

Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov hesab edir ki, biz bu turizm növünün yüksək inkişafına nail olmaq istəyiriksə, yeməyin hazırlanmasından tutmuş, onun təqdim edilməsinə qədər hər bir məqama diqqət olunmalıdır: “Restoranlarda işləyən aşpazların təcrübəsi, təhsili, gigiyena qaydalarına xüsusi əməl olunma, ofisiantların qulluq mədəniyyətinin olması vacib amillərdir”.

Onun sözlərinə görə, son illər restoranların təqdim etdiyi menyularda Azərbaycan xörəklərinin sayı artıb: “Əvvəlki dövrlərə nisbətən indi otel və restoranların qida menyularında çeşid zənginliyi artıb. Amma nəzərə alsaq ki, ölkəmizin 3000-dən çox milli mətbəx nümunəsindən ümumən 40-50-si təklif olunur, kifayət qədər dadlı təamların diqqətdən kənarda qaldığını söyləyə bilərik. Mətbəx turizminin inkişafı, otel və restoranlarda xidmət keyfiyyətinin yüksəldilməsi üçün davamlı olaraq müxtəlif layihələr həyata keçirilir ki, bu da təqdirəlayiqdir”.

Günel CƏLİLOVA

Son xəbərlər