18/07/2018 14:05
728 x 90

Tahir Budaqov maraqlı fakt açıqladı – daimi yaşamağa gələnlər gedənlərdən iki dəfə çoxdur...

“2008-ci ildən etibarən Azərbaycana daimi yaşamaq məqsədilə gələnlərin sayı başqa ölkəyə gedənlərin sayından çoxdur”

img

Azər Allahverənov: “Daimi yaşamaq üçün Azərbaycanı seçənlər əsasən etnik azərbaycanlılardır, ancaq bununla yanaşı, soydaşımız olmayan əcnəbilər də yaşayış üçün ölkəmizi seçirlər”

 

"Ötən il daimi yaşamaq üçün ölkədən gedən 1,9 min nəfərə qarşı Azərbaycana gələnlərin sayı 3,1 min nəfər təşkil edib". Bu sözləri  Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

O qeyd edib ki, keçən il ölkə əhalisinin sayı 88,1 min nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9898,1 min nəfərə çatıb və ölkənin miqrasiya saldosu da müsbət olaraq qalır: “Belə ki, ötən il daimi yaşamaq üçün ölkədən gedən 1,9 min nəfərə qarşı Azərbaycana gələnlərin sayı 3,1 min nəfər təşkil edib”.

Məsələ ilə bağlı fikir bildirən miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2008-ci ildən etibarən Azərbaycana daimi yaşamaq məqsədilə gələnlərin sayı başqa ölkəyə gedənlərin sayından çoxdur: “2008-ci ildən etibarən bu sahə üzrə statistika daim artan xətt üzrə inkişaf edir. Buna miqrasiya saldosu deyilir. Miqrasiya saldosunun müsbət olması çox yaxşı göstəricilərdən biri hesab olunur. Miqrasiya və demoqrafiya müstəvilərində inkişafın yaşanması onu göstərir ki, ölkədə sabitlik var. Ölkədə iqtisadi inkişafın yüksələn xətt üzrə getməsi daimi yaşamaq üçün Azərbaycanı seçənlərin sayına təsir göstərir. Onu da qeyd etmək lazımdır ki, ölkədə bir çox sosial proqramlar var ki, onlar normal şəkildə fəaliyyət göstərir. Sabitlik deyilən məfhum bütün sahələrdə, xüsusilə də ictimai-siyasi müstəvidə özünü büruzə verir. Ölkədə hər hansı bir hərbi münaqişənin olmaması, əminamanlığın hökm sürməsi rahat yaşamaq istəyənlərin daimi yaşamaq üçün Azərbaycanı seçməsinə səbəb olur. Ölkə ərazisini daimi tərk edənlərlə müqayisədə son zamanlar Azərbaycana gələnlərin sayında çoxluq müşahidə olunur”.

Həmsöhbətimizin sözlərinə görə, daimi yaşamaq üçün Azərbaycanı seçənlər əsasən etnik azərbaycanlılardır. Xarici ölkələrdə yaşayan soydaşlarımız müəyyən bir müddət keçdikdən sonra doğma vətənlərinə qayıtmağa üstünlük verirlər. Ancaq bununla yanaşı, soydaşımız olmayan əcnəbilər də daimi yaşamaq üçün Azərbaycanı seçirlər: “Türkiyə, İran, ərəb ölkələrinin vətəndaşları da yaşamaq üçün Azərbaycanı seçirlər”.

Günel CƏLİLOVA

Son xəbərlər